Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:34

'Siyəzən məhbusları'nın işgəncə iddiası araşdırılmadı


Arxiv fotosu

Baş Prokurorluq Siyəzən hadisələri ilə bağlı tutulan şəxslərin işgəncə şikayətini üzrə cinayət işi başladılmasından imtina edib.

Bu haqda AzadlıqRadiosu-na onların vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, Siyəzən hadisələri zamanı həbs edilənlərdən Nizami Qəniyev, Zaur Şəkərov və Coşqun Bəgişov rayon polisində saxlanılarkən işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

“Onlar demələrinə görə, işgəncəyə və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar. Bununla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət etmişdik. Cinayət işinin açılmasını istəmişdik. Ancaq baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib. Qərar bizə yeni təqdim edilib”, – vəkil bildirib.

Bu gün, oktyabrın 23-ü 3 saylı İstintaq Təcridxanasında “Siyəzən məhbusları”ndan sözü gedən şəxslər ilə görüşən vəkil onlarla işgəncə iddiası ilə bağlı bundan sonra atılacaq addımları müzakirə edib:

“Prokurorluğun qərarını qanunsuz hesab edirik. Bu günlərdə həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edəcəyik”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Vəkil həmçinin, Siyəzən olaylarında həbs edilənlərdən Nizami Qəniyevin səhhətinin pisləşdiyini bildirib. O, müdafiə etdiyi şəxsin müayinə və müalicə olunmasını istəyir.

Vəkilin bu açıqlamasına Penitensiar Xidmətdən, işgəncə iddialarına isə Siyəzən Rayon Polis İdarəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu. Onlar CM-nin 186 (əmlakı qəsdən məhv etmə ), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilib.

Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib. Ancaq şikayətə baxılması bir neçə aydır ki, təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG