Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:16

Bu gün, oktyabrın 16-sı Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadəni azadlığa buraxmayıb.

Bu haqda jurnalistlərə məhkəmədən sonra onun vəkili Yalçın İmanov məlumat verib.

Narkotik satışında ittiham olunan Ə.Nuruzadə barəsində ilkin istintaq dövründə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsinə həmin qərardan şikayət verilmişdi.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

Vəkil Y.İmanov proses zamanı Ə.Nuruzadənin inzibati həbs edilməsi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması haqda məlumat verib. O, dindar fəalın qurama ittihamlarla həbs edildiyini bildirib.

Ancaq hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin etməyib.

Y.İmanov Ə.Nuruzadənin müdafiəsi ilə bağlı hüquqi prosedurların davam etdiriləcəyini bildirib. Yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyən vəkil dindar fəalın ev dustaqlığına buraxılmasından ötrü vəsatət verəcəklərini də qeyd edib.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Ə. Nuruzadə kimdir?

Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Ə.Nuruzadə ilk dəfə yanvarın 24-də evinin yaxınlığında tutulmuşdu. Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığı bəlli olmuşdu. Həmin gün vəkilə Ə.Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, o, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Eyni hal sentyabrın 19-da da təkrarlanmışdı. Həmin gün onun evdən siqaret almaq adı ilə çıxdığı və saxlanaraq aparıldığı bildirilir.

Dörd gün sonra ailəsinə zəng edərək deyilmişdi ki, Əhsən Nuruzadə yenə BMCMİ-nin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb. Dindar fəal oktyabrın 2-də həbsdən çıxmışdı.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

Ə.Nuruzadə həbsdən çıxdıqdan bir neçə gün sonra yenidən saxlanıb. Ona narkotik satışı ittihamı irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsi onun barəsində istintaq dövründə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu yaxınlarda isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bir müddət öncə Nardaran hadisələri ilə bağlı həbs edilənlərdən 20-yə yaxını məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Bir neçə il həbs cəzası alan bu şəxslərdən bəzilərinin azadlığa çıxmasına saylı günlər qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG