Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:37

'Turan'ın hesabları texniki nasazlığa görə dondurulub


Vergilər Nazirliyi

««Turan» İnformasiya Agentliyinin (İA) bank hesabına sərəncam qoyulması texniki nasazlıqla bağlı olub. Nasazlıq dərhal aradan qaldırılıb, sərəncam geri götürülüb».

Vergilər Nazirliyinin yaydığı məlumatda belə bildirilir.

Nazirlik vurğulayır ki, bank hesablarına sərəncamların qoyulması və geri götürülməsi insan amili olmadan həyata keçirilir:

«Vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur. Bank hesablarına sərəncam qoyulması və onun geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən həyata keçirilir. İnsan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə».

Nazirlik bildirir ki, «Turan» İA-nın hesablarına sərəncam qoyulması həmin proqram təminatında texniki nasazlığın yaranması səbəbindən baş verib.

«Dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb», - nazirliyin məlumatının sonunda yazılır.

XATIRLATMA

«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Üstəlik, agentliyin bank hesabı da dondurulmuşdu.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və hökuməti onun dərhal azadlığa buraxılmasına səsləyiblər. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Bunun ardınca da Vergilər Nazirliyinin agentliyin bank hesabının dondurulması ilə bağlı qərarı ləğv etdiyi bildirilirdi. Agentlik də oktyabrdan fəaliyyətini bərpa etdiyini bəyan edib.

Ancaq oktyabrın 4-ü agentlik açıqlamışdı ki, iki gün öncə Vergilər Nazirliyi onun hesabı olan banklara həmin hesablara daxil olan pul vəsaitlərinin vergi borcunun ödənilməsindən ötrü müsadirə edilməsi haqqında sərəncam göndərib. Agentlikdən verilən xəbərə görə, sentyabrın 18-də Vergilər Nazirliyi yenidən onlara 37 min manat məbləğində borcun bərpa edildiyi haqqında bildiriş göndərib. Halbuki, ondan az əvvəl nazirlikdən borclarının olmadığına dair də məktub aldıqlarını açıqlamışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG