Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 05:10

İlham Əliyev: ‘Görün, biz nə qədər ciddi islahatlar həyata keçirmişik...’


İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında. 02okt2017

“Ölkəmizdə insan sağlamlığı üçün vacib məsələlər öz həllini tapır. Ölkəmizdə ənənəvi olaraq müayinədən keçmə proqramı da icra edilir, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir”.

Bu gün, oktyabrın 2-də Qobustana səfər edən prezident İlham Əliyev şəhərə içməli suyun verilməsi mərasimində belə deyib.

Ölkə başçısı Azərbaycanda infrastruktur layihələrinin icrasından - qazlaşdırma, elektrik təchizatı, yol tikintisi sahəsində görülən işlərdən bəhs edib. O, vurğulayıb ki, gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf ili olacaq.

Buna da bax:​ İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

“İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır”, – deyən İ.Əliyev bildirib ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Prezident bunun çox böyük nəticə olduğunu bildirib.

“Biz düzgün yoldayıq”

“Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranıb. Buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir”, - prezident neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın öz valyuta ehtiyatlarını artırdığını ifadə edib.

Buna da bax: 2018-in büdcəsi 2017-dən nə ilə fərqlənəcək? [video]

“Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”.

İ.Əliyev Azərbaycanın sabitlik, inkişaf, tərəqqi baxımından dünya miqyasında seçilən ölkələrdən olduğunu deyib. O, bildirib ki, dünyada həm iqtisadi, həm siyasi, həm hərbi sahədə çox böyük problemlər var.

“Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik – bax, bu amillər uğurlarımızın əsasını təşkil edir”, – İ.Əliyev vurğulayıb.

Buna da bax:​ Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'

Xatırlatma

Prezident İlham Əliyev bu gün, oktyabrın 2-si Qobustan və Şamaxı rayonlarına səfər edib.

O bir sıra obyektlərin, avtomobil yollarının açılışında iştirak edib, üzüm bağlarına baş çəkib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG