Yerevanda enişlə enərkən trolleybusun ”buynuzları” elektrik naqillərindən aralanıb. Sürücü qalxıb onları düzəldib,ancaq sonra öz sürücü yerinə qayıtmağa imkan tapmayıb. Enişdə olan trolleybus nəzarəti itirib və yol qırağındakı beton sədlərə çırpılıb.
Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, sentybarın 28-də Yerevanın mərkəzində olan bu qəzanın təfərrüatlarını jurnalistlərə Yerevan meriyasının nəqlıiyyat idarəsinin rəisi Henrix Navasardyan danışıb.
Navasaryan deyib : ”Sürücü sadəcə olaraq, öz yerinə otura bilməyib,əyləci basa bilməyib”
Sürücünün özü isə danışmaq istəmir.
Qəzada trollleybusda olan 11 adamdan 9-u zərər çəkib.
Navasardyan deyib ki, o, istintaqı qabaqlamaq istəmir, ancaq sürücünün səhlənkarlığı olub.
Polis isə hadisənin səbəbi və günahkarları haqda danışmağa tələsmir.
Trolleybusun aid olduğu Elektrotransport şirkətinin direktoru Aram Yeremyan deyir ki, trolleybusun texniki nasazlığı yox idi.
Hazırda zədə alanlardan 4-nün vəziyyəti ağırdır.
Sonda xatırladaq ki, trolleybus avtobus kimi təkərlər üstündə hərəkət edir, ancaq tramvay kimi yoldakı elektrik naqillərindən enerji alır. Ekoloji baxımdan ən təmiz nəqliyyata aiddir.
Bakıda da 1941-ci ildən 2006-cı ilə kimi trolleybus işləyirdi. Ancaq şəhər rəsmiləri bu nəqliyyatın mənfəətsiz işlədiyini bildirib, onu ləğv etdilər.
O da maraqlıdır ki, Bakıdakı trolleybuslar Çexiyanın Şkoda şirkətinin istehsalı idi.