Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 02:50

Sumqayıtda sahibkar əlillər narazıdır


Etimad Əsədov

«Sumqayıtda sahibkarlıqla məşğul olan bir qrup Qarabağ müharibəsi iştirakçısı, əlili və şəhid ailələrinin üzvləri aclıq aksiyası keçirmək niyyətindədirlər».

Bunu Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov bildirib. O deyib ki, həmin insanlar artıq dövlət başçısı İlham Əliyevə, aidiyyəti qurumlara müraciət edərək məsələni ictimailəşdiriblər.

E.Əsədov vurğulayır ki, buna səbəb Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzdində nəqliyyata nəzarət adı ilə yaradılan «Xannı» MMC ilə yaşanan problemlər göstərilir.

«Bu şəxslər 2 saylı marşrut xəttində fəaliyyət göstərirlər, indi avtobuslarını əllərindən alıblar, işləməyə imkan vermirlər. İddialara görə, onlardan rüşvət istənilib», - birlik rəhbəri bildirib.

«AVTOBUSLARI YENİLƏRİ İLƏ ƏVƏZLƏMƏK İSTƏMİRLƏR»

E.Əsədov deyir ki, bu avtobusların çoxu kreditə alınıb, əlillərin banklara borcları yaranıb. Onun deməsinə görə, əgər həmin əlillər işləməsələr, krediti qaytara bilməyəcəklər:

«Bir sözlə, xoşagəlməz durum yaranıb, biz bu gün çalışacağıq ki, şəhər rəhbərliyi ilə görüşərək problemi yoluna qoyaq. Bu alınmasa, istər əlillər, istər şəhid ailələri təmsilçiləri ya Sumqayıtda, ya da Bakıda Şəhidlər Xiyabanında aclıq aksiyasına başlayacaqlar».

«Xannı» MMC-nin rəhbəri Xannı Rüstəmov isə bildirib ki, məsələ heç də əlillərin açıqladığı kimi deyil. X.Rüstəmovun deməsinə görə, şəhərin avtobus parkı dəyişir, yeni avtobuslar gətirilir:

«Bu adamlar isə avtobusları yeniləri ilə əvəzləmək istəmirlər. Orada əlillərin və ya şəhid ailələrinin sahibkar olması da doğru deyil. Sahibkar başqalarıdır, onlar da bilir ki, yeni avtobuslar gəldikdə, əvvəlki kimi qanundankənar işləyə bilməyəcəklər. Odur ki, yeni avtobusları qəbul etmək istəmirlər. Bu xətlərdə çalışanlar vergi, dövlət rüsumlarını ödəməkdən yayınaraq ancaq öz ciblərinə işləmək istəyirlər. Bu isə baş tutan məsələ deyil. Biz onların dediyi ilə oturub-dura bilmərik, qanuna əməl etməlidirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG