“Həbsdəki keçmiş müstəntiq Rüfət Səfərovun səhhəti yaxşıdır. O, hələ də cərimə kamerasında (kars) saxlanılır”.
Bu haqda AzadlıqRadiosu-na R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bu gün, sentyabrın 28-də 9 Saylı Cəzaçəkmə müəssisəsində R.Səfərovla görüşüb. Onun sözlərinə görə, keçmiş müstəntiqi cəzaçəkmə müəssisəsində üzləşdiyi rəftara aclıq aksiyası ilə etiraz etdiyindən cəzalandırıblar.
Buna da bax: Rüfət Səfərova görə cəzaçəkmənin rəhbərliyi məhkəməyə verilir
“O, müəssisədə qeyri-insani rəftara məruz qaldığına görə, aclıq aksiyasına başlamışdı. Müəssisə rəhbərliyi buna görə, ona “kars” cəzası verib”.
Rüfət Səfərovun sentyabrın 22-si, 10 günlük “kars”a salındığı açıqlanmışdı.
B.Bayramov bildirib ki, R.Səfərov hazırda aksiyanı davam etdirmir, “kars”dan isə oktyabrın 2-də çıxacaq. Vəkil baş verənlərlə bağlı oktyabrın 2-dən sonra daha detallı açıqlama veriləcəyini bildirib.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Buna da bax: Rüfət Səfərovun “kars”a salındığı bildirilir
Xatırlatma
R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.
2015-ci il dekabrın sonunda R.Səfərov saxlanıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.
R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmir.
Buna da bax: Rüfət Səfərovun həbsxanada aclığa başladığı bildirilir
Onun bu ilin yanvarında da bir məhbusla mübahisə zəminində cərimə kamerasına (kars) salındığı bildirilirdi. Ancaq keçmiş müstəntiq həmin vaxt təxribata çəkildiyini deyirdi.