Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:16

Rüfət Səfərova görə cəzaçəkmənin rəhbərliyi məhkəməyə verilir


Vəkil Bəhruz Bayramov (sağda) və Eldar Sabiroğlu (solda) müstəntiq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransında.

Siyasi bəyanatla prokurorluq orqanlarından istefa verdikdən sonra həbs olunan Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun vəkili onun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyini məhkəməyə verir.

Bu haqda vəkil Bəhruz Bayramov özü sentyabrın 25-də Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransında bildirib.

Buna da bax:​ Rüfət Səfərovun “kars”a salındığı bildirilir

Görüşə imkan verilmir

Vəkil deyib ki, ona hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə imkan vermirlər: "Rüfət Səfərov sonuncu dəfə valideynləri ilə görüşdə bildirib ki, müəssisədə ona təzyiqlər var, ona görə sentyabrın 22-dən aclıq aksiyasına başlayacaq. Sentyabrın 23-də valideynləri ilə birlikdə müəssisəyə getsək də, görüşə imkan verilmədi. Rəis müavini bildirdi ki, intizam qaydalarını pozduğuna görə 10 günlük "kars" cəzası alıb. Qanunların vəkilə müvəkkili ilə görüşünə icazə verdiyini izah etməyə çalışsam da, xeyri olmadı. Bu, müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Ona görə də məhkəməyə müraciət edəcəyik".

Vəkil deyir ki, Rüfət Səfərov hələ də cərimə təcridxanasında saxlanır, amma onun durumundan narahatdılar. Çünki avqustun 31-də o, elə cəzaçəkmə müəssisəsində bıçaqla hücuma məruz qalıb: "Biz Rüfət Səfərovun atası ilə birlikdə müəssisə rəhbərliyi ilə görüşdük. Xahiş elədilər ki, ictimailəşdirməyin, anlaşılmazlıq olub. Biz də bu haqda heç bir məlumat yaymadıq. Amma indi baş verənlər deməyə əsas verir ki, Rüfətin ətrafında baş verənlər məqsədyönlü şəkildə həyata keçirilir".

Buna da bax: Müdafiə Komitəsi keçmiş müstəntiqdən narahatdır

Müdafiə Komitəsinin rəhbəri Eldəniz Quliyev də keçmiş müstəntiqin həyatına ciddi təhlükə olduğunu deyir. Onun sözlərinə görə, təxribatın gerçəkləşdirilməsi planında tanınmışlardan birindən istifadə olunması haqda məlumat var: "Təəssüf ki, bu işdə bizim müdafiə elədiyimiz adamların da əli var. Hələlik açıb-ağartmırıq, amma yaxın vaxtlarda bu haqda açıqlamamız olacaq".

R.Səfərovun anası Tahirə Səfərova sentyabrın 24-də Prezidentə və xanımına müraciət edərək, övladına qarşı təhlükənin qarşısının alınması üçün kömək istəyib.

Bu deyilənlərə Penitensiar Xidmət rəhbərliyindən açıqlama almaq, hələlik, mümkün olmayıb.

Buna da bax:​ Keçmiş müstəntiq: “Əliyev rejiminin göstərişi yerinə yetiriləcək”

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmir.

Buna da bax:​ Vəkil: 'Mən Rüfət Səfərovun həyatından narahatam'

Onun bu ilin yanvarında da bir məhbusla mübahisə zəminində cərimə kamerasına (kars) salındığı bildirilirdi. Ancaq keçmiş müstəntiq həmin vaxt təxribata çəkildiyini deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG