Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:19

Qobustandakı məhbuslar su problemindən şikayətlənir


Həbsxana

Qobustan Qapalı Həbsxanasında cəza çəkən Nardaran məhbuslarının və ilahiyyatçı Mövsüm Səmədovun səhhətində problemlərin olduğu bildirilir.

Bu haqda onların vəkili Yalçın İmanov məlumat verib.

Vəkil dünən, sentyabrın 6-da «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, hərəkatın üzvü Abbas Hüseynov və İslam Partiyasının sədri Mövsüm Səmədovla Qobustan Qapalı Həbsxanasında görüşüb.

Vəkilin deməsinə görə, həbsxanada işgəncəyə məruz qaldığı bildirilən Nardaran məhbusu A.Hüseynov sentyabrın 5-də həkim müayinəsindən keçirilib. Onu böyrək ağrılarına görə müayinə ediblər.

«Abbas Hüseynov böyrək ağrılarından əziyyət çəkir. Eyni zamanda, immunitet zəifliyi də var. Mövsüm Səmədov isə damar ağrılarından əziyyət çəkir. Həkimlər onu da müayinə ediblər», - vəkil deyib.

Vəkilin bildirdiyinə görə, məhbuslar həbsxanada su probleminin yaşandığını da qeyd ediblər.

Penitensiar Xidmətdən isə bundan əvvəl Nardaran məhbuslarına işgəncə verilməsi ilə bağlı iddiaları təkzib etmişdilər.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib. Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran məhbusları ittihamları qəbul etmirlər. Saxlananda və ifadələri alınarkən işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları isə bu işgəncə şikayətlərini qəbul etməyiblər.

Mövsüm Səmədov isə 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulması iddiası ilə kəskin tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG