Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:45

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib.

Bu haqda vəkilin özü bildirib.

Vəkil ondan şikayət edilməsinin səbəblərindən xəbərsiz olduğunu bildirib.

“Şikayətin məzmunu ilə tanış deyiləm. Vəkillər Kollegiyasının İntizam Komissiyasından əlaqə saxladılar. Bildirdilər ki, haqqımda şikayət daxil olub. Gedib şikayətlə tanış olacağam”, – vəkil bildirib.

Buna da bax:​ Abbas Hüseynovun işgəncə şikayəti apellyasiya məhkəməsindən də keçmədi

Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Bu yaxınlarda vəkil Y.İmanov “Nardaran işi” üzrə məhbuslardan Abbas Hüseynovun avqustun 8-də Qobustan həbsxanasında işgəncəyə məruz qaldığını bildirdiyini açıqlamışdı. Y.İmanova bildirmişdi ki, Abbas Hüseynovun deməsinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında onu əlləri qandallı vəziyyətdə dəyənəklə döyüb.

Penitensiar Xidmət məhz bu açıqlamaya münasibət bildirməsə də “Nardaran işi”də tutulan məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları təkzib etmişdi.

Vəkilin açıqlamalarından sonra Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də həbsxanada A.Hüseynova baş çəkmişdi.

Buna da bax: Nardaran məhbusu Qobustan həbsxanasını məhkəməyə verdi

Vəkillərdən Vəkillər Kollegiyasına müraciətlər adətən vəkillərin cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə görə, belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə kollegiyadan kənarlaşdırıla bilər.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Buna da bax:​ Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Buna da bax: Taleh Bağırov: 'Yaxşıyam, narahatçılığa ehtiyac yoxdur'

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG