Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 01:05

Abbas Hüseynovun işgəncə şikayəti apellyasiya məhkəməsindən də keçmədi


Abbas Hüseynov

Bakı Apellyasiya Məhkəməsi Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətini təmin etməyib.

Qaradağ Rayon Məhkəməsi, ümumiyyətlə, işgəncə şikayətinə baxmaqdan imtina etmişdi. Apellyasiya şikayəti də elə həmin qərardan verilmişdi. Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası avqustun 24-də bu işə baxıb. Kollegiya imtina qərarını haqlı sayaraq, qüvvədə saxlayıb.

AzadlıqRadiosu-na bu məlumatı Abbas Hüseynovun vəkili Yalçın İmanov verib.

Buna da bax:​ “Nardaran ”məhbusu müalicə müəssisəsinə yerləşdirilib

Abbas Hüseynov vəkilinə deyib ki, iyulun 22-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından Qobustandakı qapalı həbsxanaya gətirilən kimi burada işgəncələrə məruz qalıb. Məhbusun sözlərinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Ardınca həbsxananın rəisi Avtandil Ağayev onu öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, dəyənəklə döyüb. Daha sonra onu soxulcanlarla dolu cərimə təcridxanasına (“kars”) salıblar.

Abbas Hüseynovla görüş zamanı onun üzərində xəsarət izləri gördüyünü deyən vəkil işgəncə iddiaları ilə əlaqədar Baş Prokurorluğa, Ombudsman Aparatına və məhkəməyə müraciət edib. Bundan sonra Penitensiar Xidmətin şöbə rəisi, Ombudsman Aparatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həbsxanada onunla görüşüblər.

Buna da bax: Ombudsmanın nümayəndələri gəlməmişdən 'kars' otaqlarını rənglədilər

“İşgəncə izlərini özüm görmüşəm”

“Məhkəmə şikayəti icraata götürməkdən imtinanı belə əsaslandırıb ki, bu cür şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmır. Tam əsassız və qanunsuz qərardır. Təəssüf ki, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxladı. Abbasın üzərindəki işgəncə izlərini şəxsən özüm də görmüşəm. Yerli məhkəmələr məhkumun işgəncəyə məruz qalması ilə bağlı şikayətinə baxmırsa, biz də bu işi Avropa Məhkəməsinə göndərməli olacağıq”, - vəkil Yalçın İmanovun sözləridir.

Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş şikayətdə Abbas Hüseynovun Avropa Konvensiyasının 3-cü maddəsilə təminat verilən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulması faktının tanınması, işgəncə verənlərin cəzalandırılması istənilirdi.

Buna da bax:​ Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax: Nardaran məhbusu Qobustan həbsxanasını məhkəməyə Verdi

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirərək, ittihamları qəbul etməyiblər.

Buna da bax: Abbas Hüseynovun anası: ‘Neftin pulunu yeyiblər. Biz nə yemişik?’

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG