Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 01:53

Mühacir müxalifətçinin atasının polisə çağırıldığı bildirilir


Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlı

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailə üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırıldığı bildirilir.

Bu haqda T.Sadıqlının atası Əlövsət Sadıqlı məlumat verib.

Ə.Sadıqlının sözlərinə görə, idarənin müstəntiqi Şöhlət Hüseynov onları dəvət edib.

Buna da bax:​ Avropa şəhərlərində Azərbaycanda həbsdə olan fəallara azadlıq istənilib…

“Mənə və oğlum Elgizə zəng edib. Bildirdi ki, haqqımızda şikayət var. Bu sabəbdən avqustun 8-də onun yanına getməyimizi və izahat verməyimizi tələb etdi. Mən həmin şəxsin telefon zənginə etibar etmədiyimi bildirdim. Zəng edənin həqiqətən də, BMCMİ-nin əməkdaşı olduğuna inanmadığımı dedim. Qanunvericiliyə əsasən, rəsmi çağırış sənədi göndərmələrini istədim”, – Ə.Sadıqlı bildirib.

O, telefon zəngi ilə idarəyə gedərsə, şərlənə biləcəklərindən ehtiyatlandıqlarını qeyd edib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Tural Sadıqlı hazırda Almaniyada yaşayır. O, bir neçə dəfə Almaniyanın müxtəlif şəhərlərində Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad edilməsi tələbi ilə keçirilən aksiyaların fəallarından olub.

Buna da bax: Berlində yaşayan fəalın ailəsi polisə çağrılıb

Onun ailə üzvləri bu ilin əvvəlində də polisə çağırılmışdı. Avropada yaşayan azərbaycanlıların Berlindəki Azərbaycan Səfirliyinin önündə keçirdiyi etiraz aksiyasından (T.Sadıqlı həmin aksiyanın fəallarından olmuşdu) sonra T.Sadıqlının atasını Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində sorğu-sual etmişdilər.

Onda ailə üzvləri onlara T.Sadıqlıya görə təzyiq edildiyini bildirmişdilər.

2015-ci ilin fevralında isə Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı narkotik ittihamı ilə saxlanmış və sonradan azadlığa buraxılmışdı. Onda da baş verənlər Tural Sadıqlıya görə təzyiq kimi dəyərləndirilmişdi.

Buna da bax:​ "Bəzi mühacirlər işini Facebookda şirə dönməklə bitmiş sayır"

Ancaq Azərbaycan hakimiyyətinin rəsmiləri xaricdə olan fəalların fəaliyyətinə görə onların Azərbaycandakı qohumlarına təzyiqlər edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs öz əməlinə görə, fərdi məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG