Keçid linkləri

2026, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:37

Azərbaycan xəbərləri

'Gilan Holding' yeni daşınmaz əmlak şirkəti qurub

Foto illüstrasiya
Foto illüstrasiya

«Prime House Real Estate» MMC mayın 16-da təsis olunub.

Məlumatı Vergilər Nazirliyi avqustun 2-də yayıb.

Yeni şirkətin kapitalı 15 min manatdır. Hüquqi ünvanı «Gilan Holding» şirkətlər qrupunun «Capital Tower» iş mərkəzi olan bu daşınmaz əmlak şirkətinə Hüseyn Abdinzadə direktor təyin olunub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə məzunu olan Hüseyn Abdinzadə holdinqin yüzlərlə şirkətindən 15-nə («Gilan Agricultural Group», «Gilan FMCG Group», «Gilan Hospitality Group», «Gilan Logistics Group», «Qaya Real Estate», «Sabah P&D International», «Ilandag Services», «Ilandag Investment Group», «Caspian Real Estate Group», «Caspian Real Estate Services», «Avant Trading», «Pacific Proporties», «Promenade Proporties», «Green Property Holding» və «UEI Nobel Tech» MMC-lər) rəhbərlik edir. Bu şirkətlər biznesin müxtəlif sahələrində – kənd təsərrüfatı, daşınmaz əmlaka yatırım və onun idarə olunması, idxal əməliyyatları və ticarət, nəqliyyat, otelçilik və s. fəaliyyət göstərir.

Bütün xəbərləri izləyin

Mirsaleh Seyidov vəzifəsindən azad edildi

Mirsaleh Seyidov
Mirsaleh Seyidov

Mirsaleh Seyidov Azərbaycan ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad olunub. Prezident İlham Əliyev oktyabrın 27-də bununla bağlı sərəncam imzalayıb. M.Seyidov 2023-cü ildən bu vəzifəni icra edirdi.

Onun fəaliyyəti ölkədə birmənalı qarşılanmayıb. Xüsusilə siyasi məhbus hesab olunan şəxslər cəzaçəkmə müəssisələrindəki işgəncə şikayətlərinin obyektiv araşdırılmaması, müayinə və müalicə imkanlarının məhdudluğu, eləcə də ümumi saxlanma şəraiti ilə bağlı tez-tez tənqidi fikirlər səsləndiriblər. Penitensiar Xidmət isə bu qəbildən olan tənqidləri əsassız sayıb.

Bəzi hüquq müdafiəçiləri isə hesab edirlər ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində yaşanan bu çatışmazlıqlar sırf Penitensiar Xidmət rəhbərliyinin idarəçiliyindən qaynaqlanmır, bu daha çox sistemin problemidir.

Prezidentin digər bir sərəncamı ilə onun yerinə Sahib Rzayev təyin edilib.

Yeni rəisi kimdir

S.Rzayev də sələfi ilə eyni yaşdadır, o, 1977-ci ildə doğulub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. O, 2006-cı ilə qədər daxili işlər orqanlarında müstəntiq, 2006–2023-cü illərdə isə Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.

2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib.

Azərbaycanda problemli kreditlər son bir ildə 42 faizdən çox artıb

Kredit faizləri niyə artır? 'Ərzaq almaq üçün borca girən də var'
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi yenə artmaqda davam edir. Mərkəzi Bankın bu gün, oktyabrın 27-də açıqladığı hesabata görə, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 754.3 milyon manata çatıb.

Son bir ildə problemli kreditlərin həcmində – bəzi aylar (ötən ilin dekabrı, bu ilin iyun və avqust ayları) istisna olmaqla – davamlı artım müşahidə edilib. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 35, bir il əvvəlki dövrlə nisbətdə isə 42 faizdən çox artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə bu prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, nəticədə manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin məbləğinin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödədi. Bu addımdan sonra problemli kreditlərin həcmi azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu tendensiya koronavirus pandemiyası ilə əlaqələndirildi. 2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı. Amma son bir ildə, əsasən, tam əks proses müşahidə edilir.

AXCP üzvünün 10 sutka həbs edildiyi bildirilir

Layiq Rəşidov
Layiq Rəşidov

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidovun 10 sutka inzibati həbs cəzası aldığı deyilir. AXCP onun əsassız yerə həbs olunduğunu hesab edir.
Partiyadan bildirilir ki, O, Xətai Rayonunun 35-ci Polis Bölməsinə aparılıb və sosial şəbəkələrdəki paylaşımlarına görə, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə günahlandırılıb.

Həmin maddə internetdə və ya informasiya-telekommunikasiya şəbəkəsində qanunla yayılması qadağan edilən məlumatların yerləşdirilməsi ilə bağlıdır. Maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda bir ayadək inzibati həbs də tətbiq oluna bilər.

Lakin, partiyadan başqa detallar açıqlanmayıb.AXCP-nin vurğulamasına görə, bu, 2026-cı ildə partiya üzvlərinin üzləşdiyi 10-cu inzibati həbsdir. Hələlik partiyanın bu açıqlamasını rəsmi qurumlardan dəqiqləşdirmək və onlardan münasibət almaq mümkün olmayıb.

L.Rəşidov iki gün əvvəl "Facebook" səhifəsində partiyanın həbsdə olan rəhbər şəxslərin müdafiəsi ilə bağlı paylaşım etmişdi.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20 civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Lakin rəsmi qurumlar, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətinə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar mühakimə olunan şəxslərin sırf törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar.

Pərviz Şahbazov rusiyalı həmkarı ilə görüşdü: Azərbaycan Rusiyadan yenidən qaz alır?

Azərbaycan Avropaya Rusiya qazı satmadığını sübut etməlidir
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Moskvada Azərbaycan ilə Rusiya arasında enerji əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə olunub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Tsivilyovla görüşüb. Görüş zamanı həm GECF çərçivəsində tərəfdaşlıq, həm də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual bəndləri ətrafında fikir mübadiləsi aparılıb.

Bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, rəsmi Bakı Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir. Azərbaycan 2022-ci ildə də sözügedən şirkətlə qaz tədarükünə dair müqavilə imzalamışdı. Həmin razılaşmaya əsasən, 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə yaxın qazın nəqli nəzərdə tutulurdu. Lakin son illərdə Azərbaycanın sanksiyalar altında olan şimal qonşusundan qaz idxalını əhəmiyyətli dərəcədə azaltdığı bildirilirdi.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb, bundan səkkiz il əvvəl isə Ukraynanın Krım yarımadasını ilhaq etmişdi. Yeni müharibənin başlaması ilə Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu ölkəyə humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.

Azərbaycanda mal əti istehsalı azalıb, idxalı kəskin artıb

Azərbaycanlı avropalıdan iki dəfə az ət yeyir, amma... 'Qiymət artımı qaçılmazdır'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Azərbaycanda mal əti və ət məhsullarının istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bugünlərdə açıqlanan "Azərbaycanın ərzaq balansları-2026" statistik məcmuəsində bildirilir.

Hesabata əsasən, 2025-ci ildə mal əti və ət məhsullarının istehsalı 150 min 479 ton təşkil edib. 2024-cü ildə bu göstərici 152 min 878 ton olmuşdu. Beləliklə, illik istehsal 2 min 399 ton, yəni 1.6 faiz azalıb.

Yerli istehsaldakı geriləmə cüzi olsa da, idxalda kəskin artım qeydə alınıb. Eyni balans cədvəlinə əsasən, idxalın həcmi 2024-cü ildəki 19 min 937 tondan 2025-ci ildə 29 min 619 tona yüksəlib (+48.6 faiz).

İstehsalın azalması və idxalın kəskin artması qiymətlərə də birbaşa təsir edib. Son aylarda Azərbaycanda dana əti daha da bahalaşmaqdadır. Artıq Bakıda dana ətinin kiloqramı 19 manata, sümüksüz ət isə 23-25 manata təklif olunur. Halbuki ötən ilin müvafiq dövründə ölkədə dana ətinin kiloqramı 16 manata, iki il əvvəl isə 13-14 manata satılırdı.

Ekspertlər bu bahalaşma tendensiyasının bir müddət də davam edəcəyini proqnozlaşdırırlar. Onlar bildirirlər ki, son illər ölkədə həm mal-qaranın baş sayı azalıb, həm də yem məhsulları bahalaşıb. Mütəxəssislər onu da vurğulayırlar ki, son dövrlər pambıq əkininin genişləndirilməsi səbəbindən örüş və otlaq sahələrində ciddi azalma müşahidə olunur.

'Naxçıvan Aqroservis'in sədri həbs edilib

Korrupsiyadan danışana təzyiq qadağan edildi, bəs kim inanacaq?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

"Naxçıvan Aqroservis" ASC-nin sədri həbs olunub. Bu barədə məlumatı oktyabrın 22-si günün ikinci yarısında Naxçıvan MR-in bəzi media orqanları yayıb.

Məlumata görə, dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılan İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə Naxçıvan şəhər Məhkəməsi C.Ağaməliyev barəsində 4 aylıq həbs qərarı verib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumun rəhbəri dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Naxçıvan Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb.

Hələlik ittihama və məhkəmə qərarına müdafiə tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.

Bu ittihamla şəxsi 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Xatırlatma

1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 2022-ci ildəki istefası muxtar respublikada dəyişikliklərə səbəb olmuşdu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev bura səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini göndərdi və ardınca bir çox rəsmi şəxs mənimsəmə ittihamı ilə istintaqa cəlb edildi.

Ötən il F.Nəcəfli də işdən çıxarılaraq yerinə MR baş naziri Ceyhun Cəlilov təyin olunub.

1924-cü ildə yaradılan Naxçıvan MR-in Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur; o, Türkiyə, Ermənistan və İranla həmsərhəddir.

Son bir ildə Azərbaycandan İrana gedənlərin sayı 44 faizdən çox azalıb

Yaxın Şərqdəki gərginlik Azərbaycanda turizm mövsümünü 'vurdu': 60 faiz azalma
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831.8 min xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır. Gələnlərdən ən çox- 27.1 faizi Rusiyanın, 19.4 faizi Türkiyənin, 7.7 faizi İranın və 4.9 faizi isə Gürcüstanın payına düşüb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6.1 faiz, MDB ölkələrindən gələnlərin sayı 4.3 faiz artıb, Körfəz ölkələrindən gələnlərin sayı isə 32 faiz azalıb.

Eyni zamanda, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 1.8 faiz azalaraq 1 milyon 575.3 min nəfərə düşüb. Onların da ən çoxu- 44 faizi Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 2.3 faiz çox), 14.6 faizi Rusiyaya (2 faiz az), 13 faizi Gürcüstana (17.6 faiz çox) və 5.1 faizi isə İrana (44.5 faiz az) yollanıb.

Son illər Azərbaycana gələn xarici turistlərin sayında azalma diqqət çəkir. Ekspertlər bu geriləməni, əsasən, ölkədəki turizm şəraitinin bəzi qonşu dövlətlərə nisbətən əlverişsiz olması ilə əsaslandırırlar. Onlar bildirirlər ki, Azərbaycanda turizm qiymətləri qonşu ölkələrlə, xüsusilə də Gürcüstanla müqayisədə xeyli yüksəkdir.

Digər tərəfdən, 2020-ci ilin əvvəlindən bəri koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya dövrü geridə qalsa da, bu qadağanın hələ də qüvvədə saxlanmasını rəsmilər təhlükəsizlik amili ilə, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta axınının qarşısını almaq və s.) ilə izah edirlər.

Azərbaycan vətəndaşlarının xaricə gedişindəki azalma isə daha çox İran amili ilə bağlıdır. Ötən ilin sonlarında İranda baş verən xalq etirazları, bu il isə İsrail və ABŞ-la yaşanan hərbi gərginlik bu ölkənin cəlbediciliyini xeyli azaldıb.

Lakin İrana gediş-gəlişin kəskin azalması əsasən 2020-ci ildə pandemiyaya görə quru sərhədlərinin bağlanmasından sonra başlayıb. Əvvəllər Azərbaycan vətəndaşlarının ora daha çox quru yolla — ucuzluq olduğu üçün alış-veriş məqsədilə getdiyi bildirilirdi. Həmçinin, İrana müalicə almaq və dini məkanları ziyarət etmək üçün yollananların da sayı az deyildi.

Azərbaycan NATO ilə tərəfdaşlığı dərinləşdirməyi müzakirə edib

Rusiya ilə münasibətləri korlanan Azərbaycan NATO-ya üz tuta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Bu barədə məlumat Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda tərəflərin tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqlədikləri bildirilir.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-cü ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında isə prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını təsdiqləyib.

Buna baxmayaraq, Azərbaycan rəsmiləri son illər ölkə qarşısında NATO-ya üzvlük məqsədinin qoyulmadığını açıq şəkildə bəyan edirlər. Müxalifət isə bunu hökumətin islahatlara hazır olmaması və Rusiyanın mövqeyinin nəzərə alınması ilə izah edir.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

TƏBİB ləğv edilirmi?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:44 0:00

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyev bu gün, oktyabrın 19-da bununla bağlı müvafiq fərman imzalayıb.

Fərman səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə izah edilib.

TƏBİB 2018-ci ildə dövlət başçısının fərmanı ilə təsis edilib. Rəsmi açıqlamaya görə, publik hüquqi şəxs olan qurumun əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta sistemində xidmət keyfiyyətini yüksəltmək olub. Qurum yaradılarkən Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri də ona dövr edilmişdi.

Son illər TƏBİB rəhbərliyinin fəaliyyətindən narazılıqlar və müxtəlif şikayətlər yaranıb. Hətta bu ilin yanvarında işdən çıxarıldıqlarını iddia edən bir qrup stomatoloq qurumun inzibati binası qarşısında etiraz aksiyası da keçirib. TƏBİB isə cavabında qurumda şəffaflıq və optimallaşdırma işlərinin aparıldığını bildirib.

Səhiyyə naziri dəyişdi: Yeni nazir TƏBİB-dəndir

Prezidentin digər sərəncamı ilə Anar Bayramov yeni səhiyyə naziri təyin edilib. 2022-ci ilin əvvəlindən bu postu tutan Teymur Musayev isə baş nazirin müavini vəzifəsinə gətirilib.

Yeni nazir A.Bayramov bu il aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.

Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib

'O boşandı, mən də boşanım': Azərbaycanda 'boşanma bumu'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Bu ilin səkkiz ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son statistik hesabatında bildirilir.

Ötən ilin eyni dövründə boşanma sayı 13 min 869, nikah sayı isə 31 min 403 olmuşdu.

Rəqəmlərin müqayisəsi göstərir ki, boşanma sayında (4.3 faiz) azalma olsa da, onun nikah sayına olan faiz göstəricisi artıb. Çünki nikah saylarında daha kəskin (15.7 faiz) azalma qeydə alınıb.

Ekspertlər Azərbaycanda ilk dəfə boşanma sayının nikah sayının 50 faizini keçməsini ən müxtəlif səbəblərlə izah edirlər. Onların vurğulamasına görə, bütünlükdə dünyada boşanmalar artır. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda sosial amillər, işsizlik və yoxsulluq da boşanma faizini yüksəldir.

Rəsmilər, hələlik, bu məsələni şərh etməyiblər.

AXCP-nin saxlanan hər iki üzvü həbs edilib

Polis
Polis

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün inzibati qaydada həbs olunduğu, digərinin isə saxlanıldığı bildirilir.

Partiyadan oktyabrın 15-də verilən məlumata görə, Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov heç bir qanun pozuntusu törətmədiyi halda, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib. Onun əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirləndirildiyi deyilir.

AXCP bundan əvvəl onun polislər tərəfindən saxlanıldığını açıqlamışdı. Lakin məsələnin detallarını öyrənmək və AXCP-nin yaydığı bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Partiyanın yaydığı digər məlumatda isə oktyabrın 14-də partiya üzvü Mətanət Turan və övladının Abşeron rayon Polis İdarəsinə aparıldığı bildirilir.

AXCP-dən M.Turana yaxın şəxslərin açıqlamasına görə, onlar haqqında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanıb. Bununla belə, onlarla bağlı da rəsmi qurumlardan hər hansı bir dəqiqləşdirmə aparmaq mümkün olmayıb.

Mətanət Turanın ev dustaqlığına buraxıldığı deyilir

Oktyabrın 16-sı günün ikinci yarısında M.Turan və övladının evinə buraxıldığı bildirilib.

Yaxınları onun son günlər hicab taxan şagirdlərin məktəbə buraxılmaması ilə bağlı keçirilən etirazlara görə saxlandığını güman edirdilər.

Məsələ ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir. Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Ardınca da istər Bakıda, istərsə də bölgələrdə bəzi məktəblərə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığı ilə bağlı şikayətlər eşidilib.

Son günlər isə bununla bağlı bir çox məktəblərdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdikləri, dərsləri boykot etdikləri bəlli olub.

Daxili İşlər Nazirliyi oktyabrın 14-də bəyan etmişdi ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfər saxlanılıb.

Mətanət Turan 2 aylıq həbs edilib

Oktyabrın 17-də isə AXCP üzvü Mətanət Turan haqqında Sumqayit Apelyasiya Məhkəməsinin həbs qəti imkan tədbiri seçdiyi bildirilir.
Partiyadan verilən açıqlamaya görə, prokurorluğun ev dustaqlığı qərarından verdiyi protest əsasında onun haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Partiya yoldaşları onun səhhətində bəzi problemlərin də olduğunu deyirlər.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-yə yaxın üzvü uzunmüddətli həbs həyatı yaşayır. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var.

Səlahiyyətli şəxslər və rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması barədə iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.

Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb

Bakıda AQEM sammiti
Bakıda AQEM sammiti

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda oktyabrın 15-də keçirilən VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi, eləcə də Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib.

Eyni zamanda, Laos AQEM-in tamhüquqlu üzvü olub.

Azərbaycanın təşkilata sədrliyi 2026–2028-ci illər üçün uzadılıb.

Bundan başqa, səfir Sultan Hacıyev 2026–2030-cu illər müddətinə AQEM-in Baş katibi təyin edilib.

14 oktyabr

İsrail prezidenti Azərbaycandadır

İsrail prezidenti İsxak Hersoq oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, o, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıdadır.

İ.Hersoq bundan əvvəl sonuncu dəfə 2023-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında bir sıra sahələrdə, xüsusilə də müdafiə sənayesi istiqamətində sıx əməkdaşlıq əlaqələrinin olduğu bildirilir.

Azərbaycanla İsrail arasındakı bu tərəfdaşlıq zaman-zaman qonşu İran və Türkiyənin bəzi siyasi dairələrində tənqidlərlə qarşılanıb.

Xüsusilə ötən ay keçirilən BMT Baş Assambleyasının sessiyasında İsrail baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi ciddi müzakirələrə səbəb olub. Qəzza bölgəsində İsrailin apardığı hərbi əməliyyatlar bir çox dövlətlər tərəfindən pislənsə də, İsrail tərəfi bu addımların sırf özünümüdafiə xarakteri daşıdığını bəyan edir.

Azərbaycan isə Fələstin-İsrail münaqişəsinin həllində BMT-nin irəli sürdüyü "iki dövlət" konsepsiyasını dəstəklədiyini bildirir.

Son hadisələr fonunda bəzi ekspertlər prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı çıxışı zamanı ölkənin müstəqil xarici siyasət xəttini xüsusi vurğulamasını məhz xaricdən gələn bu təzyiq və tənqidlərə dolayı bir cavab kimi qiymətləndirirlər.

Xatırlatma

AQEM-in təsis edilməsi təşəbbüsü ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi Asiyada sülh və təhlükəsizliyi təmin edəcək effektiv və universal bir təşkilat yaratmaq olub. Hazırda 29 üzv dövləti bir araya gətirən AQEM-in Katibliyi Astana şəhərində yerləşir.

Əliyev və Fidan Azərbaycan-Türkiyə əlaqələrini müzakirə etdi

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə son dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb. Amma müzakirələrin detalları açıqlanmayıb.

H.Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıdakı 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə, bir sıra digər liderlərdən fərqli olaraq, bu toplantıya qatılmayıb.

Son vaxtlar Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması Türkiyədə, xüsusən də Ərdoğanın baş müşaviri Oktay Saral tərəfindən tənqid olunub. Həmçinin, iki ölkə rəhbərliyi arasında bəzi regional məsələlərdə, xüsusilə İsrail-Fələstin böhranında fərqli baxışların olduğu bildirilir.

Bakı-Ankara xəttində gözlənilməz 'yol qəzası': İki ölkə arasında nə dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Trans-Xəzər fiber-optik kabel xəttinin açılışı olub

Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.
Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.

Azərbaycan və Qazaxıstan prezidentləri bu gün — oktyabrın 15-də Trans-Xəzər fiber-optik kabel xəttinin açılışını ediblər. Dövlət başçıları Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü çərçivəsində bir araya gəliblər.

AZƏRTAC-ın məlumatına görə, liderlərə təqdim olunan hesabatda "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində reallaşdırılan bu layihənin Asiya ilə Avropa arasında rəqəmsal əməkdaşlıq üçün yeni imkanlar açdığı bildirilib. Layihə çərçivəsində Sumqayıt və Aktau şəhərləri arasında, Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib.

Məlumata görə, bu xətt saniyədə 400 terabitdən çox məlumat ötürmək qabiliyyətinə malikdir.

Vurğulanıb ki, xəttin istifadəyə verilməsi Orta Dəhlizin həm nəqliyyat, həm də rəqəmsal sahədə strateji əhəmiyyətini artıracaq. Bu yeni marşrut data axınının Çin və Mərkəzi Asiyadan Qazaxıstan, Azərbaycan, Gürcüstan, daha sonra isə Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək.

Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Çin ilə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirən, dəmir, dəniz və avtomobil yollarından ibarət strateji multimodal logistika marşrutudur.

Azərbaycanın nefti kimi qazı da azalıb, amma ixracı artıb

Neft yatağından qaz da çıxacaq – ekspert: 'Böyük təsiri olmayacaq'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə oktyabrın 15-də Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 11,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in, 0,4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5.1 milyon ton olub.

Bu dövrdə 15.5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3.86 faiz, ixracı isə 10.92 faiz azalıb.

Bu il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Azərbaycan nefti 70 faizdən çox bahalaşıb.

"Mavi yanacaq"

2026-cı ilin doqquz ayında ölkədə 37.9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10.8 milyard kubmetrini "Azəri-Çıraq-Günəşli", 20.6 milyard kubmetrini "Şahdəniz", 1.2 milyard kubmetrini "Abşeron" yatağı, 5.3 milyard kubmetrini isə SOCAR təmin edib.

Bu dövrdə qaz ixracı 18.4 milyard kubmetr olub. Bunun 8.6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1.6 milyard kubmetri Gürcüstanın, 1.2 milyard kubmetri isə Suriyanın payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı cüzi — 0.79 faiz azalsa da, ixracı, əksinə, 0.55 faiz artıb.

Bu ilin doqquz ayında dünyada qaz da neft kimi bahalaşsa da, mavi yanacaqdakı qiymət artımı neftlə müqayisədə daha az olub.

Davamı

XS
SM
MD
LG