Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:33

Əli Kərimlinin qaynının şikayəti təmin edilmədi


Texnikabank

Bakı Apellyasiya Məhkəməsi bu gün, avqustun 2-də AXCP sədri Əli Kərimlinin qaynı, «Texnikabank»ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun şikayətini rədd edib.

Bu haqda AzadlıqRadiosuna E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Həbsdəki E.Seyidov məntəqə tipli müəssisəyə köçürülməsini istəyir. Qaradağ Rayon Məhkəməsi E.Seyidovun bununla bağlı müraciətini təmin etməmişdi.

Vəkilin bildirdiyinə görə, şikayətə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılıb. Məhkəmə dağınıq skleroz xəstəliyindən səhhətində ciddi problemlər olduğu bildirilən E.Seyidovun şikayətini əsaslı saymayıb. E.Seyidovun cəzasının 2/3 bölümünü çəkməsi də nəzərə alınmayıb, aşağı məhkəmənin qərarı qüvvədə saxlanılıb.

F.Mehdiyev qərarı əsassız və qanunsuz saydıqlarını, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.

XATIRLATMA

Elnur Seyidovu 2012-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyi «Texnikabank» işinə görə həbs edib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Vəkili deyir ki, onun müdafiə etdiyi şəxsdən başqa, həmin iş üzrə həbs olunanların hamısı azadlığa buraxılıb:

«Ən əsası, Elnur Seyidov heç bir təqsiri olmadan, qondarma ittihamla həbs olunub. Onun illərdir ağır vəziyyətdə həbsdə saxlanmasının tək səbəbi var – Əli Kərimlinin qaynı olması».

Həmin iş üzrə həbs edilən «Texnikabank»ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev hələ hökmdən bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılmışdı.

E.Seyidovla digərləri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunublar.

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Seyidovun özü də ittihamları rədd edir və heç bir cinayət törətmədiyini söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG