Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:18

Rusiya sərhədlərini Gürcüstanın içərilərinə çəkir


Rusiya-Gürcüstan sərhəddində etiraz, arxiv
Rusiya-Gürcüstan sərhəddində etiraz, arxiv

Rusiya öz sərhədlərini səssiz-səmirsiz bir neçə yüz metr Gürcüstanın içinə çəkib. Bunu “The Independent” qəzeti yerli mediaya istinadla yazır.

Məlumatlara görə, Kremlin əsgərləri ötən həftə işğal olunmuş Cənubi Osetiya ərazisində sərhəd işarələrini bir neçə yüz metr irəli çəkiblər. Bu, Böyük 20-lərin (G20) sammitində Rusiya prezidenti Vladimir Putin-in amerikalı həmkarı Donald Trump-la görüşündən öncə baş verib.

Gürcüstanın təhlükəsizlik agentliyi bu addımı “qanunsuz” adlandırıb, bunun Qori bələdiyyəsindəki yerli fermerlərə təsir göstərdiyini bildirib.

“Bu sərhədin demarkasiyası adlı qanunsuz prosesin davamıdır, təkcə yerli sakinlərin fundamental hüquqlarını pozmur, həmçinin təhlükəsizlik durumuna birbaşa ziyan vurur”, – milli təhlükəsizlik xidmətinin bəyanatında deyilir.

SÜRÜNƏN İŞĞAL

Gürcüstan prezidenti Giorgi Margvelashvili bu addımdan qəzəbləndiyini bildirib, beynəlxalq ictimaiyyəti bunu pisləməyə çağırıb.

“Gürcüstan bu sürünən işğalı dayandırmaqdan ötrü bütün mümkün diplomatik təzyiq vasitələrindən istifadə edəcək”, – prezident deyib.

Ölkənin Barışıq və Vətəndaş Bərabərliyi naziri Ketevan Tsikhelashvili isə bunun “sürüşən işğal” deyil, “çox açıq və dinamik işğal prosesi” olduğunu bildirib.

Rusiya ilə Gürcüstan arasında sərhəd
Rusiya ilə Gürcüstan arasında sərhəd

“2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri bu proses gedir”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, onlar Gürcüstan ərazisindən bütün baryerlərin, dəmir hasarların yığışdırılmasına çalışırlar, bunu təkcə təhlükəsizliyə maneə saymırlar, yerli sakinlərə də ciddi problemlər yaranır.

Buna da bax: ABŞ səfiri:"Rusiya Gürcüstanın NATO-ya daxil olmasını əngəlləyir"

“BİLİR Kİ, ONA CAVAB VERMƏYƏCƏYİK”

Birləşmiş Ştatların NATO-dakı keçmiş təmsilçisi Kurt Volker Qərbi Moskvaya dirəniş göstərməyə çağırıb.

“Rusiya indi xeyli zəif mövqedədir, ancaq bu zəif mövqedə də özünü çox aqressiv aparır. Çünki düşünür ki, ona inamlı cavab verməyəcəyik”, – o, BBC Radio 4-ə söyləyib.

1991-ci ildə Sovet İttifaqı parçalanandan, Gürcüstanın şimalşərqində yerləşən Cənubi Osetiya ölkədən ayrılıb. 2008-ci ilin avqustunda Rusiya buraya hərbçilərini göndərib, yerli sakinləri Gürcüstan qüvvələrindən qoruduğunu bildirib.

ABŞ və Avropa Birliyinin dəstəklədiyi Gürcüstan isə Rusiyanın əməliyyatını işğal adlandırıb.

Qısa müharibədən sonra Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.

Rusiyanın tənqidçilərinin fikrincə, Cənubi Osetiyadakı müharibə 2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqına, Ukraynanın şərqindəki Donbas vilayətində separatçılara dəstəyinə məşq idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG