Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

İranlı futbol ulduzları qadağanın ləğvinə çağırırlar


Iranlı qız qadınların stadiona girişinə qoyulan qadağanın əleyhinə kampaniyada üstündə şüar olan qolsuz köynək satır
Iranlı qız qadınların stadiona girişinə qoyulan qadağanın əleyhinə kampaniyada üstündə şüar olan qolsuz köynək satır

İranda iki tanınmış futbolçu ölkədə kişilər arasında keçirilən əsas idman yarışlarına qadınların tamaşaçı kimi qatılmasına qadağanın ləğvinə çağırıb. Ölkədəki qadın hüquqları fəalları uzun zamandır ki, bu qadağaya son qoyulmasını tələb edirlər.

Çoxları tərəfindən bütün zamanların ən yaxşı iranlı futbolçusu sayılan Ali Karimi iyulun 1-də prezident Hassan Rohani və İran Futbol Federasiyasının (FFIRI) köməyilə "şəraitin düzələcəyinə və qadınların tamaşaçı qismində stadionlara daxil ola biləcəyinə" ümid etdiyini deyib.

"Bu, futbol yarışlarını və başqa tədbirləri yaxından izləmək istəyən milyonlarla qadın fanatın tələbidir. Bu mühüm məsələ qeyri-mümkün deyil. Qadın idman fanatlarının bu arzusu düzgün planlaşdırma sayəsində gerçəkləşə bilər", – İran və Avropa klublarının keçmiş yarımmüdafiəçisi, hazırda isə Naft Tehran komandasının məşqçisi olan Karimi deyib.

Bundan bir neçə həftə öncə İran milli komandasının kapitanı Masud Shojaei prezident Rohani-ni qadağanı aradan götürməyə çağırıb.

EHTİRAS SELİ

"Düşünürəm ki, bu, idman həvəskarı olan bir çox iranlı qadının arzusudur. Məncə qadağa götürülərsə, biz 200 min yerlik stadionlar tikməli olacağıq. Çünki xanımlarımızdan gələn ehtiras selini görürük. Ümid edirəm, bu, çox tez baş verəcək", – İranı iki Dünya Kubokunda təmsil etmiş Shojaei sosial mediada geniş yayılmış videoda deyib.

Hər iki cəhdin niyyəti prezident Rohani-ni ölkənin mühafizəkar, dini rəhbərliyini bəzi yüngül islahatlara vadar etməyə həvəsləndirməkdir. Bu islahatlar həm 2013-cü ildə, həm də bu ilin mayında keçirilmiş prezident seçkilərində Rohani-nin kampaniyasının əsas elementlərindən birini təşkil edib.

Shojaei-nin iyunun 14-də prezident Rohani ilə görüşdə bu xahişi səsləndirdiyi bildirilir. Görüş İran milli komandasının 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatında təmsil olunacağı bilinəndən sonra keçirilmişdi. Sözügedən videonun da prezidentlə görüşün keçirildiyi məkanda çəkildiyi deyilir.

Prezident Rohani öz seçki kampaniyasını ictimai qadağaların azaldılması üzərində qurmuşdu. Ancaq o, İranın əsasən seçilməmiş hakimiyyət aparatında təmsil olunan ifrat mühafizəkarların güclü etirazı ilə qarşılaşmışdı.

Son illərdə hökumət rəsmiləri qadınların stadionlara giriş qadağasının ləğv edilib-edilməyəcəyi ilə bağlı bir-birinə zidd bəyanatlar veriblər. Çox az sayda, çoxu xaricilərdən ibarət olan qadın kütləvi idman tədbirlərinə tamaşa etməyə vaxtaşırı stadionlara buraxılır.

Buna da bax: Sürücülər hicab taxmasa, maşınlar müsadirə ediləcək

İSLAM QAYDALARI

Hökumət rəsmiləri stadion qadağasının qadınları və islam normalarını qorumaq üçün qoyulduğunu deyirlər. Onların sözlərinə görə, idmançıların açıq-saçıq geyimi və kişi tamaşaçıların kobud danışığı stadiondakı atmosferi qadınlar üçün qeyri-münasib edir.

Ancaq qadın hüquqları fəalları deyirlər ki, bu qadağa İran cəmiyyətindəki gender ayrıseçkiliyinə çoxsaylı örnəklərdən sadəcə biridir. İranda bugünə qədər qadınlar ciddi geyim qaydalarına əməl etməlidirlər. Onların ictimai yerlərdə yad kişilərlə görünməsi də xoş qarşılanmır. Üstəlik, qadının verdiyi şahid ifadəsinin çəkisi kişilərin şahidliyinə nisbətən daha azdır.

Qadınlar vaxtaşırı qadağadan yan keçərək stadiona daxil olurlar. Bəzən onlar bunu kişi paltarı geyərək edə bilirlər.

2014-cü ilin iyununda Tehranın Azadi stadionunda keçirilən voleybol oyununa tamaşa etmək istəyən bir neçə qadın saxlanmışdı.

Tanınmış İran rejissoru Jafar Panahi özünün "Offsayd" adlı filmində bu debatı qabardıb. Berlin kinofestivalında Gümüş Ayı mükafatına layiq görülən, Nyu York və Toronto kino festivallarında təmsil olunan "Offsayd" filmində Dünya Kubokunun kvalifikasiya oyunlarına baxmaq üçün stadiona girməyə cəhd edən qadın futbol azarkeşlərinin saxlanmasından söz açılır. Film İranda çəkilsə də, daxili bazarda yasaqlanıb.

Rohani-nin bir çox tərəfdarları açıq şəkildə bu qadağanın götürülməsinə çağırıblar.

Mayda Tehranda seçki kampaniyası zamanı gözə dəyən şüarlardan biri belə idi: "Stadionlara daxil olmaq İran qadınının haqqıdır".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG