Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Sürücülər hicab taxmasa, maşınlar müsadirə ediləcək


Əxlaq polisi maşını saxladır
Əxlaq polisi maşını saxladır

Avqust İran İslam Respublikasında «Gaşti İrşad» (farsca «nəzarət patrulu») adıyla tanınan əxlaq polisinin fəallaşdığı aydır. Ancaq Mazandaran əyalətinin paytaxtı Sari şəhərində bu mövsüm nəinki artıq başlayıb, hətta yeni mərhələyə çatıb.

Sarinin baş prokuroru şəhərin qadın sürücülərini xəbərdar edib ki, baş örtüklərini kip bağlamasalar, maşınları əllərindən alınacaq.

«HARAM» ƏMƏL

«Maşınlarının içində hicablarını çıxaran qadınlara qarşı tədbir görüləcək», – deyə iyunun 27-də prokuror Assadollah Ja'afari bildirib.

Ja'afari deyib ki, ədliyyə sistemi «hicab qanunu»na məhəl qoymayanlarla ciddi mübarizəyə hazırdır.

İran İslam Cinayət Məcəlləsinin 638-ci maddəsinə istinad edən Sari prokuroru daha sonra belə deyib:

«Hicablarını çıxaranlar rəsmi qaydada «haram» əməl törətməkdə ittiham olunacaq və onlara qarşı tədbir görüləcək».

Sözügedən qanunda isə belə deyilir:

«İctimai yerlərdə və yollarda açıq-aşkar haram əməl törədənlər bu əmələ görə nəzərdə tutulmuş cəzadan başqa, iki ay müddətinə həbsə və ya 74 şallağa məhkum ediləcəklər. Əgər onlar cəzaya məruz qoyula bilməyən, lakin ictimai ləyaqəti pozan əməl törədərlərsə, onlara yalnız on gündən iki aya qədər həbs və ya 74-dək şallaq cəzası veriləcək».

Əxlaq polisi qeyri-münasib geyiminə görə qadını saxlayır
Əxlaq polisi qeyri-münasib geyiminə görə qadını saxlayır

YA HƏBS, YA CƏRİMƏ

Cinayət Məcəlləsinin bu maddəsində həmçinin deyilir ki, hicab taxmadan ictimai yerlərdə və yollarda görünən qadınlar on gündən iki aya qədər həbs ediləcək, yaxud da cərimələnəcəklər.

Ancaq Sari şəhərinin baş prokuroru izah edib ki, bu qadağa mühərrikli maşınlara şamil edilir.

«Hicabını çıxaran və hicab qanununa əməl etməyən şəxslərə və sərnişinlərə məxsus özəl və ictimai maşınlar, motosikletlər, motorlu qayıqlar və başqa mühərrikli maşınlar götürülərək cərimə meydançalarına aparılacaq», – prokuror Ja'fari deyib.

Ja'afari əlavə edib ki, bundan başqa, sözügedən maşınların sahibləri də qanunauyğun cəzalandırılacaqlar.

«MAŞIN EVLƏ BİR DEYİL»

Daha öncə nəqliyyat polisinin rəisi general Taqi Mohri də tabeliyində olan qurumun maşınlarında qaydaları pozanlarla mübarizə aparacağı barədə xəbərdarlıq etmişdi.

Mayın 30-da general Mohri maşınlarda başını örtməyən sürücü və sərnişinlərin, habelə Ramazan ayında ictimai yerdə yemək yeyən və içki içən şəxslərin cəzalandırılacağını demişdi.

«Düzdür, maşın özəl məkanın bir hissəsidir, ancaq maşın evlə bir deyil. Qanunu pozanlara qarşı tədbir görmək və onları cəzalandırmaq ədliyyə sisteminin işidir», - deyə Mohri bildirib.

Tanınmış hüquqşünas Mohammad Seifzadeh-yə istinad edən İnsan Hüquqları Mərkəzi məsələni başqa cür yozur:

«Ali İnzibati Məhkəmənin qərarına görə, özəl maşınlar özəl məkan hesab olunur və onlara daxil olmaq üçün prokurorun orderi olmalıdır».

«CƏZA NƏTİCƏNİ DƏYİŞMİR»

Tehranın baş prokuroru Abbas Ja'afari Dolatabadi isə məsələyə başqa cür yanaşır.

«İnsanları həbs etmək heç də həmişə onların davranışlarını dəyişmir. Cəza özü-özlüyündə tələb olunan nəticəni daşımır», – deyə o bildirib.

Dolatabadi-nin sözlərinə görə, cəza anlayışı yalnız zəruri hallara aid edilməlidir.

«Biz diqqətimizi əsas məsələlərə yönəltməliyik. Mütəşəkkil cinayət və korrupsiya məharətlə planlaşdırılır və icra olunur», – deyə o bildirib.

İran qanunlarına görə, bütün qadınlar başlarını örtməlidirlər. Ancaq bir çox qadınlar baş örtməyə dair qanunlara əməl etmirlər. 30 il ərzində İran qadınları hicabın əsarətindən yaxa qurtarmaq uğrunda mübarizə aparırlar.

«Məsələ təkcə baş örtüyü taxmaqda deyil. Hər yerdə gizlənmiş minlərlə açıq və gizli əxlaq polisləri baş örtüyünüz saçınızdan azca sürüşəndə sizi tutur», – bir gənc Tehran sakini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG