Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:04

Azərbaycanda 767-ci dini icma qeydiyyata alınıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 7 dini icmanı qeydiyyata alıb. Yeni icmalara şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirilib.

Bu haqda komitənin saytı xəbər verir. Ancaq qeydiyyatdan keçmiş dini acmaların adları açıqlanmayıb.

Xəbərdə bildirilir ki, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dinə dövlət qayğısından danışıb.

Buna da bax:​ Dini icmalara maliyyə ayrılıb

Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolundan bəhs edən S. Salahlı vurğulayıb ki, dini maarifləndirmədə, radikalizmə qarşı mübarizədə icmalar da məsuliyyət daşıyırlar.

O, yeni qeydiyyatdan keçən dini icmaları aktiv olmağa səsləyib.

Komitənin bilgilərinə görə, indiyədək Azərbaycanda 767 dini qurum dövlət qeydiyyatına alınıb.

Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Buna da bax: Hacı Cavad məscidinin əvəzinə yenisi tikiləcək

Ölkədə dini icmaların təkrar qeydə alınması 1999-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra başlayıb.

Ancaq əvvəlcə qeydiyyatda olan bəzi dini icmalar təkrar qeydiyyatdan keçməyib. Həmin dini icmalar bunu ayrı-seçkilik, komitə isə sənədlərin qaydada olmaması ilə izah edib.

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında hesabatlarında da bir neçə dəfə qeydiyyat məsələsinə toxunulub. Hesabat müəlliflərinin iddialarına görə, dini icmaların qeydiyyat prosesi çətindir. Bu proses xeyli mürəkkəbləşdirilib. Ancaq komitə rəsmiləri bu fikirlə razı deyillər.

Günün bütün mövzuları

XS
SM
MD
LG