Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:54

Ə.Həsənov: 'İnsan hüquqları gözlənilir'


Ə.Həsənov

«Ölkədə 3 mindən çox qeyri-hökumət təşkilatı, 5 mindən çox kütləvi informasiya vasitəsi, 55 siyasi partiya fəaliyyət göstərir».

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iyunun 16-da «Dayanıqlı inkişaf məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq» mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.

«Report»un xəbərinə görə, Ə.Həsənov deyib ki, Azərbaycanda insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir.

O vurğulayıb ki, Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə, işsizlik 50 faizdən 5 faizə endirilib:

«Ölkədə qazlaşdırma 90 faizə yaxınlaşıb. İnkişaf etmiş ölkələrdə qazlaşdırma heç 100 faiz deyil. Azərbaycan isə qarşıya 100 faiz qazlaşdırmanı məqsəd qoyub. Azərbaycanda əvvəllər magistral yollar normal deyildi, hazırda bu sahədə köklü dəyişikliklər həyata keçirilir».

Ə.Həsənov ölkədə 5 min məktəb olduğunu, bunun da təxminən 3 mininin təmir edildiyini söyləyib.

Prezident köməkçisi səhiyyə sahəsində işlərin görüldüyünü, 5 milyon insanın bu il pulsuz tibbi müayinədən keçdiyini söyləyib.

Ancaq müxalifət Azərbaycanda insan hüquqları sahəsində beynəlxalq standartların gözlənməsi ilə bağlı səslənən fikirlərlə razılaşmırlar. Onlar deyirlər ki, aparıcı müxalifət qüvvələrindən Xalq Cəbhəsi Partiyasının heç qeydiyyatı yoxdur. Ölkə həbsxanalarında 10-dan çox jurnalist və bloqqer cəza çəkir. Üstəlik, hakimiyyətdən asılı olmayan bir çox saytlara ölkə daxilində giriş qapadılıb. Müxalifət işsizlik və yoxsulluğun 5 faizə enməsi ilə bağlı deyilənləri də reallıqdan uzaq bəyanatlar sayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG