Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:12

Bu gün, iyunun 16-sı Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Johannes Hahn-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq, orada səmərəli müzakirələrin və danışıqların aparıldığını deyib. Bu danışıqların Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verdiyini vurğulayıb.

O, Azərbaycanın Avropa Birliyi ilə etibarlı tərəfdaş olduğunu bildirərək, əlaqələrin strateji xarakter daşıdığını qeyd edib.

Prezident deyib ki, Avropa Birliyi ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələr durur. Azərbaycan əlaqələrin daha da genişləndirilməsindən ötrü səylər göstərməyə hazırdır.

Söhbət zamanı Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlərin müzakirə olunduğu açıqlanıb.

+++

Bu gün, iyunun 16-sı Avropa Birliyinin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Johannes Hahn-ın Azərbaycana səfəri başlayıb.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, səfər çərçivəsində J.Hahn-ın Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcəyi gözlənilir.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Artıq danışıqların iki mərhələsi arxada qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG