Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:43

İlham Əliyev: 'AXC-Müsavat cütlüyü torpaqlarımızı qoruya bilmədi'


Prezident Cocuq Mərcanlı kəndində. 14iyun2017

“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Bu bir neçə ay ərzində Ermənistan işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi Ermənistanın vəhşiliyinin canlı şahididir”.

Prezident İlham Əliyev Cəbrayıl rayonunun bərpa edilmiş Cocuq Mərcanlı kəndində yerli sakin Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə belə deyib.

Ölkə başçısı kəndin bərpası ilə bağlı sərəncamından danışıb.

Buna da bax:​ Prezident Cocuq Mərcanlıya gedib

“Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaq”, – prezident bildirib.

Ölkə başçısı sabah, iyunun 15-də mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı Qurtuluş günün qeyd ediləcəyinə də toxunub. Deyib ki, mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa olunub, inkişafa start verilib. O, AXC-Müsavat hakimiyyətini də unutmayıb.

Prezident Cocuq Mərcanlı kəndində
Prezident Cocuq Mərcanlı kəndində

“Təəssüf ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı, AXC-Müsavat cütlüyünün hakimiyyətinə, o, biabırçı dövr idi, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi”, – İ.Əliyev deyib.

Buna da bax:​ Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

Ölkə başçısı əlavə edib ki, hazırda Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

“Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq. İşğal böyük ədalətsizlikdir, beynəlxalq qanunların pozulması deməkdir. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, o, buna əməl etsin. Bax, problem bundan ibarətdir”, – prezident deyib.

AXC hakimiyyətinin təmsilçiləri isə belə tənqidi fikirləri qəbul etmirlər. Bundan əvvəl prezidentin oxşar ittihamlarına cavab verən həmin hakimiyyət dövründə dövlət katibi işləyən Əli Kərimli demişdi ki, Azərbaycanın 6 rayonu məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxt işğal edilib. Azərbaycan savaş aparanda isə indiki prezident xaricidə olub.

Buna da bax:​ ANAMA Cocuq Mərcanlıda təmizlənmə işi aparıb

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq uzun müddət bu kənddə yaşamaq təhlükəli sayılıb. 2016-ci il aprel döyüşlərində Azərbaycan ordusu Lələtəpə yüksəkliyini azad etdikdən sonra bu təhlükənin aradan qalxdığı açıqlanıb.

Prezident İlham Əliyev bu il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG