Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:20

Bu gün, iyunun 14-ü Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Səfər yeni salınan kənd yolunun açılışı ilə başlayıb.

Dövlət başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir.

Sonra prezident kənd sakini Oqtay Həziyevin evində olub. Xəbərdə bildirilir ki, səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır.

Daha sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəb və məscid binası ilə tanış olub.

Verilən məlumata görə, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülməlidir. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Ümumilikdə isə Cocuq Mərcanlı sakinləri ölkənin 17 şəhər və rayonunda müvəqqəti yaşayırlar. Onlardan 250-dən çoxunun geri qayıtmaqdan ötrü müraciət etdiyi bildirilir.

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq uzun müddət bu kənddə yaşamaq təhlükəli sayılıb. 2016-ci il aprel döyüşlərində Azərbaycan ordusu Lələtəpə yüksəkliyini azad etdikdən sonra bu təhlükənin aradan qalxdığı açıqlanıb.

Prezident İlham Əliyev bu il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG