Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:42

'Siyəzən məhbusları'nın vəkilləri məhkəmə istintaqı istəyir


Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

İyunun 1-də Sumqayıt Apellyasiya Məhkəməsində Siyəzən hadisələri ilə bağlı tutulan şəxslərin şikayətləri üzrə növbəti iclas keçirilib.

Təqsirləndirilən şəxslər gətirilməsələr də, onların qohumları və vəkilləri Elçin Sadıqov, Yəhya Nəzərov, Elmar Quliyev, Akif Məmmədov, Polad Məhərrəmov məhkəmə prosesində iştirak ediblər.

Hakim təqsirləndirilən şəxslərin ilkin məhkəmə prosesində iştirak etmək istəmədiklərindən gətirilmədiklərini söyləyib.

Vəkil Akif Məmmədov məhkəmə prosesinin istintaqla aparılması barədə vəsatət verib və fikrini belə əsaslandırıb:

«Quba rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə işə baxılarkən, prosesin protokolları ilə tanış ola bilmədik. Burada zərərçəkənlər onlara kimlərin necə zərər vurduqlarını izah edə bilməyiblər. Təqsirləndirilən şəxslər istintaqda təzyiq altında ifadə veriblər. Odur ki, prosesin yenidən istintaqla aparılmasını istəyirik».

Digər vəkillər də məhkəmə prosesinin istintaqla aparılmasını istəyiblər. Amma ittiham tərəfi həm buna, həm də təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsinə etiraz edib.

Proses iyunun 20-nə kimi təxirə salınıb.

Təqsirləndirilən şəxslər CM-nin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilirlər.

Onlardan Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran AbdullayevNizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zənn ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG