Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:52

Dağlıq Qarabağın azərbaycanlı icması: “Münaqişənin həlli yalnız...”


Şuşa

Dağlıq Qarabağın azərbaycanlı icması Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib. İşğal nəticəsində 1 milyona yaxın insanöz doğma torpağından məcburən köçkün düşüb”

Sənəddə vurğulanır ki, hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

İtkilər, itkilər, itkilər...

“1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub. 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə müxtəlif səpkili 373 terror aktı törədilib. Nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb”-bəyanatda qeyd edilir.

Şuşanın işğalı

İcma vurğulayır ki, 25 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələri işğal edib:

“ İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb. 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox insan öz doğma torpağından didərgin salınıb.

Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb. Bura habelə, 2 sanatoriya , 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi daxildir ”.

Sənəddə vurğulanır ki, işğal edilən Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri indiyə kimi yerinə yetirilməyib.

İcma hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız işğal edilən Azərbaycan torpaqlarının boşaldılması və köçkünlərin öz yurdlarına dönməsindən sonra mümkündür.

Xatırlatma

Qarabağ münaqişəsi yenidən 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Sabah, mayın 8-iDağlıq Qarabağın əsas şəhərlərindən olan Şuşanın işğalının 25 ili tamam olur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG