Son iki gün ərzində Aralıq dənizindən Avropaya keçməyə çalışan 6 mindən çox miqrant xilas edilib. Açıqlamanı Avropa Birliyi və İtaliyanın donanma rəsmiləri yayıb.
İtaliya sərhədçilərinin bildirməsinə görə, mayın 6-da 3 minədək, bir gün öncə də təxminən o qədər miqrant xilas olunub.
Miqrantların milliyyəti açıqlanmır.
Buna da bax: Papa miqrant mərkəzlərini həbs düşərgələrinə bənzədib
Onlardan bəziləri İtaliyaya aparılıb, 730 nəfərsə hazırda Sərhədsiz Həkimlər Təşkilatının gəmisində İtaliya sərhədinə doğru gedir.
Liviya sərhədçiləri də mayın 6-da Tripoliyə sahilləri yaxınlığında 170 miqrantı xilas etdiyini bildirir, ancaq qalanları qurtarmaq mümkün olmayıb.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, aprelin 26-dək Avropaya dənizdən 43 min 490 miqrant keçə bilib. İlin əvvəlindən bu yolda min nəfər həlak olub.
Buna da bax: Türkiyə 50 min Suriya qaçqınını azad etdiyi ərazilərə qaytarmaq istəyir
Ötən ilsə 4 min 500 miqrantın öldüyü, dənizdə batdığı, itkin düşdüyü qeyd edilir.