Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:53

“Azərbaycandan mütəxəssislərin axını müşahidə olunur. Bu proses ildən-ilə güclənir. Bacarıqlı, bilikli həkimlər, işinin peşəkarları ölkəni tərk edirlər. Onlar rezidenturanı bitirən kimi Türkiyəyə, Almaniyaya getmək üçün sənəd verirlər“.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla deyir.

O, əsas səbəb kimi ölkədəki mühiti göstərir:

“Reallıq belədir ki, Azərbaycanda dövlət tibb müəssisələrinə rüşvət və güclü arxa olmadan işə düzəlmək mümkün deyil. Özəl klinikalara isə öz tanışlarını götürürlər“

Buna da bax:​ Səhiyyə nazirliyi tibb müəssisələrinə xəbərdarlıq edib

Onun deməsinə görə, başqa bir problem insanın normal həyat səviyyəsini təmin etməsinə imkan verməyən aşağı əmək haqqıdır. « Nəticədə bir çox tibb işçiləri təcrübə və təkmilləşdirmə kurslarını unudub, iki-üç yerdə işləyirlər. Azərbaycan əmək haqqı məsələsində Avropa ölkələri ilə müqayisə oluna bilməz – dəfələrlə fərq var”, deyən A.Qeybulla əlavə edir ki, Azərbaycanda gənc mütəxəssis rezidenturadan keçir, terapevt işləyir, növbətçi qalır və yenə də avropalı həmkarından daha az maaş alır.

Öz növbəsində, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov da bu məsələni «Turan Agentliyinə» dəyərləndirib :

Buna da bax: Sağlamlıq bahasına büdcəni yüngülləşdirmək

«Ali məktəbin məzunları rezidentura təhsilini davam etdirmək üçün əsasən Türkiyə, Almaniya və Rusiyanı seçirlər. Xarici dilləri öyrənsələr, bilik və bacarıqları olsa, bu ölkələrdə iş tapmaq çətin deyil. Yeri gəlmişkən, bəziləri elə belə də edir“, prorektor qeyd edir.

Azərbaycandan həkimlərin “beyin axını”nın güclənməsini xarici ölkələrin statistik bilgiləri də təsdiqləyir.

Hazırda həkimlərin daha çox Türkiyə, Almaniya, Çexiya və ABŞ-ı seçdikləri bildirilir.

Buna da bax:​ 'Məmurlar Azərbaycanı Avropa ilə yox, Afrika ilə müqayisə edirlər'

Bu günlərdə Almaniya Tibb Assosiasiyasının ötən ilin yekunları üzrə hesabatı açıqlanıb. Həmin sənəddə vurğulanır ki, sözügedən dövr ərzində Almaniyada işləyən xarici həkimlərin sayı 9,7 faiz artıb. 1 ildə Almaniyaya üz tutan və iş tapan Azərbaycandan olan həkimlərin sayı 108 nəfərə çatıb. Yeri gəlmişkən Rusiyadan Almaniyaya üz tutan həkimlərin sayı isə 109 olub.

2016-cı ildə Türkiyədə səhiyyə sahəsində işdən ötrü lisenziya almaq məqsədilə 600-dən çox əcnəbi həkim-mütəxəssisin müraciət etdiyi açıqlanıb. Türkiyənin rəsmi mənbələrinin məlumatına görə, onların arasında Türkiyə və Avropada ali tibb məktəblərini bitirmiş təxminən 200 azərbaycanlı həkim var.

Günün bütün mövzuları

XS
SM
MD
LG