Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:53

Gerçək həyatda dilinə içki dəyməmiş, filmdə əyyaş rolları oynayan böyük sovet aktyoru


Georgiy Vitsin Leonid Gaydayın "Ola bilməz" (1975) filmində.

Aprel Leonid Qaydayın “Qafqaz əsiri”, ““ı” əməliyyatı”, “Köpək Barbos və qeyri-adi yarış” filmlərindəki məşhur üçlükdən biri- Qorxaq obrazı ilə tanıyıb sevdiyimiz, komediya aktyoru Georgy Vitsinin anadan olduğu aydı.

***

Kilsə qeydlərinə görə, Georgy Vitsin 1915-ci il aprelin 18-də Terioki şəhərində dünyaya gəlib. 1920-ci ildə oğlunu müalicəvi meşə məktəbinə qoymağa çalışan anası onun yaşını azaldır və doğum tarixi kimi “1918-ci il 23 aprel”, doğum yeri kimi isə Petroqrad şəhərini göstərir. Aktyorun soyadı da dəyişir – Əslində “Vitsın” olsa da, sənədləri yazan qadının səhvi ucbatından “ı” hərfi “i”ə çevrilir.

Georgi səkkiz aylıq olanda ailəsi Moskvaya köçür və anası İttifaqlar evində biletsatan işinə düzəlir.

Balaca Georginin sənət həyatı12 yaşından məktəbdə hazırlanan müxtəlif tamaşalarda oynadığı mənfi rollarla başlayır.

1933-cü ildə Moskvada yeddi illik orta məktəbi bitirəndən sonra gələcək aktyor Malıy Teatrın nəzdində fəaliyyət göstərən teatr texnikumuna daxil olur, lakin qısa müddət sonra “təhsil prosesinə yelbeyin münasibət”də ittiham olunaraq texnikumdan qovulur. Bu qovulma, Georgini həvəsdən salmır, əksinə o, qəti şəkildə aktyor olmaq qərarına gəlir. Bir il sonra sənədlərini eyni vaxtda üç teatr studiyasına göndərən G.Vitsin üçünə də qəbul olunur.

Gənc Georgi əvvəlcə Vaxtanqov adına Moskva Teatr Texnikumunu seçsə də, bir ildən sonra ikinci Moskva Bədaye Teatrının studiyasına keçir.

1936-cı ildə N.P.Xmelyovun rəhbərlik etdiyi teatr studiyasında, 1937-ci ildə isə Moskva Dramatik Teatrında işləməyə başlayır.

Buna da bax: Sovet sirkinin ən məşhur klounu 95 yaşında...

* * *

Georgi Mixayloviç Vitsin səksən illik yubileyi ərəfəsində verdiyi müsahibələrdən birində niyə, məhz, aktyorluq sənətini seçdiyini belə izah eləyirdi: “Mən öz uşaqlıq komplekslərimlə mübarizə aparmalıydım və instinktiv olaraq oyunçuluğa meylləndim. Özümü auditoriyaya alışdırmaq, utancaqlığımın öhdəsindən gəlmək istəyirdim. Ona görə də aktyor sənətini seçdim, dram dərnəklərinə getməyə başladım. Bir qədər sonra yetişkin aktyor olanda başa düşdüm ki, utancaqlıq əleyhinə əsl müalicəvi vasitə tapmışam”.

Georgi Vitsin nəinki komplekslərinin öhdəsindən gəlmişdi, həm də həyatda əsl yerini tapmışdı. Necə deyərlər, ilk vuruşda.

Bəzi sənədlərdə aktyorun, kinoda debütünü Sergey Eyzenşteynin “İvan Qroznı” filmində epizodik bir rolla elədiyi yazılsa da, bioqrafı V. Tsukermanın sözlərinə görə, G. Vitsin Eyzenşteynin heç vaxt üzünü belə görməyib, kinodebütünü isə 1945-ci ildə Sergey Yutkeviçin “Salam, Moskva” filmində edib.

Bəzi mənbələrdə isə Vitsinin böyük ekranlara ilk dəfə Kozintsevin “Belinksi” filmində Nikolay Qoqol rolu ilə çıxdığı yazılır. Deyilənə görə, Kozintsev uzun müddətmiş ki, Qoqola oxşayan, uzunburun, arıq aktyor axtarırmış, teatrda qəflətən Georgi Vitsini gördüyü anda axtarışlarına son verir.

Georgiy Vitsin filmdə ilk böyük uğurunu qazandığı "Belinski" (1951) filmində Nikolay Gogol rolunda.

Qoqol rolu Vitsinin ifasında o qədər uğurlu alınır ki, bir il sonra aktyor “Bəstəkar Qlinka” filmində baş rola dəvət olunur.
Bundan sonra ardıcıl bir neçə maraqlı filmə çəkilir – “Maksim Perepelitsa”, “12-ci gecə”, “Don Kixot”, “Vasili Surikov”. “İvan İvanoviç İvan Nikiforoviçlə necə dalaşdı?” filmində isə yenidən Qoqolu canlandırır.

Artıq bütün sənət aləmi yeni, möhtəşəm bir dramatik aktyorun gəlişindən danışırdı. Kozintsev “Hamlet” filmində baş rolu Vitsinə verməyə hazırlaşırdı, daha doğrusu, rol onun idi, sadəcə çəkilişlərin başlamağını gözləyirdilər. Ancaq bir təsadüf... Balaca, əhəmiyyətsiz bir təsadüf hər şeyi dəşiyir. Georgi Vitsin Hamlet olmalı ikən Qorxaq olur...

İş ondadı ki, həmin ərəfədə G.Vitsin eyni vaxtda həm Kozintsevin “Hamlet” filminə, həm də Leonid Qaydayın “Köpək Barbos və qeyri-adı yarış” filminə dəvət almışdı. Birində “olum, ya ölüm” seçimi arasında qalan Hamleti, o birində zəif xarakterli, əyyaş Qorxağı oynamalı idi. Hər iki rolun sınaq çəkilişləri paralel getmişdi, sadəcə Qayday çəkilişlərə Kozintsevdən tez başlayır və..

Buna da bax: "Baharın on yeddi anı"yla yaddaşlarda qalan Tikhonov əsl siması ilə

Bəlkə də Hamlet kimi məşhurlaşacaq Georgi Vitsin (bəlkə də yox) Qorxaq kimi bütün Sovet İttifaqının sevimlisinə çevrilir. Vitsin Qorxaq personajını daha üç dəfə ekranlara qaytarır – “Saxta araq çəkənlər”, “ “ı” əməliyyatı” və “Qafqaz əsiri” filmlərində.

Bundan sonra G. Vitsin tez-tez əyyaş rollarına dəvət almağa başlayır. Özünəməxsus səsi və zahirinə görə belə rollarda o, həddindən artıq inandırıcı təsir bağışlayırdı. Rejissorların soyadları dəyişirdi, ancaq aktyorun məzəli, sadəlövh əyyaş imici yox. Artıq ona dramatik rollar təklif olunmurdu.

Hətta tamaşaçılar aktyorun həyatda da içkiyə meylli olduğunu, ona görə də bu rolları inandırıcı oynadığını düşünürdülər.

Yevgeny Morgunov, Yuri Nikulin, Georgiy Vitsin "Qafqaz əsiri" filmində.
Yevgeny Morgunov, Yuri Nikulin, Georgiy Vitsin "Qafqaz əsiri" filmində.

Lakin real həyatda Vitsin ömrü boyu dilinə içki vurmamışdı. Hamının sözəbaxan, mübahisə eləməyi sevməyən aktyor kimi tanıdığı Vitsin “Qafqaz əsiri” filmində “Yaşamaq gözəldi, yaxşı yaşamaq isə daha gözəldi” dediyi səhnədə pivə içməli olduğuna görə çəkilməkdən qətiyyətlə imtina eləmişdi. Axırda onun stəkanına pivə əvəzinə itburnu şirəsi tökmüşdülər, amma şirənin köpüyü olmadığından aktyor məcburən pivə dolu stəkandan bir qurtum almağa məcbur olmuşdu.

Georgi Vitsin əsl zahid həyatı yaşayırdı- içki içmirdi, siqaret çəkmirdi, ət yemirdi, yoqa ilə məşğul olurdu. Şöhrətindən həzz almaq yerinə onunla mübarizə aparırdı, “şöhrət gəlirsə, qaç gizlən!”, “sevgi də, şöhrət də öldürə bilər” deyirdi. Qızının dediyinə görə, Vitsin məclisləri də sevmirdi, ziyafətlər haqqında “adam eyni vaxtda həm danışıb, həm də yeyəndə qarınağrısına düşə bilər”deyə zarafat edirdi.

Georgi Vitsin bütün yaradıcılığı boyu yüzə yaxın filmə çəkilib, teatrda müxtəlif rollar oynayıb, bir çox əcnəbi filmlərin və sovet cizgi filmlərinin səsləndirilməsində iştirak edib.

Dostları SSRİ xalq artisti Georgi Vitsinin rəsm çəkməyi çox sevdiyini söyləyirlər. Həqiqətən də, Vitsin gözəl karikaturalar, heykəllər və qrafik əsərlər yaradıb.

Ömrünün sonlarına yaxın öz geniş mənzilini qızı Nataşaya verən aktyor, həyat yoldaşı Tamara Fyodorovna ilə birlikdə köhnə bir mənzilə köçmüşdü və evdən yalnız gəzmək və ona alışmış göyərçinləri yemləmək üçün çıxırdı. Heç kimdən kömək qəbul eləmir, jurnalistlərlə, kənar insanlarla ünsiyyətdən qaçırdı. Yubileyini qeyd eləmək istəyənlərə “neynirsiz, eləyin, amma mənsiz” deyirdi.

Yəqin, elə buna görə, 2001-ci ilin oktyabrında Moskva klinikalarından birində dünyasını dəyişəndə qəzetlər onun kasıbçılıq içində, imkansızlıqdan öldüyünü yazmışdılar. Ancaq qızı və həyat yoldaşı bu gün də yazılanların böhtan olduğunu, aktyorun heç kimə və heç nəyə ehtiyac duymadığını bildirirlər.

Buna da bax: Sovet filminin yaraşıqlı kişi obrazı, gerçək həyatda utancaq və çəkingən - O. Basilaşvili

* * *

Georgiy Vitsin həyatının sonlarında.
Georgiy Vitsin həyatının sonlarında.

Georgi Vitsin rəsmi evliliyinə qədər aktrisa Nadejda Topoleva ilə 20 il vətəndaş nigahında yaşayıb. Onların münasibəti Vitsinin 19, N.Topolevanın isə 35 yaşı olanda başlayıb. Aktrisa onunla yaşamaq üçün əri, rejissor Nikolay Xmelyovdan ayrılıb.

Cütlük ayrılandan sonra da Vitsin Topolevanı atmayıb, son gününə qədər qayğısına qalıb. Qızı Nataşanın dediyinə görə, Topoleva ilə anası Tamara Fyodorovna yaxın rəfiqə olublar.

Vitsinin ikinci həyat yoldaşı Tamara Fyodorovna Miçurina isə teatrda qrimçi, butafor işləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG