Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 05:18

Sovet filminin yaraşıqlı kişi obrazı, gerçək həyatda utancaq və çəkingən - O. Basilaşvili


Aktyor Oleq Basilaşvili.
Aktyor Oleq Basilaşvili.

Sovet filminin yaraşıqlı kişi obrazı, gerçək həyatda utancaq və çəkingən - O. Basilaşvili

Təvazökar pianoçu Ryabinin, intriqaçı qraf Merzlyayev, özünəvurğun, karyerist Samoxvalov, qüdrətli Voland... Hamısı birlikdə SSRİ xalq artisti, teatr və kino aktyoru Oleq Basilaşvilidir.

Oleq Valerianoviç Basilaşvili 1934-cü ildə Moskvada anadan olub və məşhur zadəgan nəslindəndir. Vaxtilə Gürcü çarı Basilaşvililərə Gürcüstanla Cənubi Osetiya sərhədində geniş mülklər, torpaq sahələri hədiyyə edibmiş.

Aktyorun atası Valerian Noşrevanoviç Moskva Siyasi Əlaqələr Texnikumunun direktoru, anası İrina Sergeyevna İlyinskaya bütün SSRİ-də məşhur filoloq olub. Altı nəfərdən ibarət ailəni aktyorun nənəsi idarə edirmiş. O.Başilaşvili müsahibələrinin birində deyir ki, məhz, nənəsinin sayəsində o, oxumağa həvəs göstərib.

Böyük Vətən Müharibəsi başlayanda Basilaşvililər ailəsi Tbilisiyə köçsə də, dəhşətli aclıq burda da onları haqlayır. Zəif və çəkingən uşaq olan Oleq Tbilisidə aclıq ucbatından vərəm xəstəliyinə tutulur. Üstəlik böyük qardaşı, döyüşlərdə yaralanıb arxa cəbhəyə göndərilən kapitan Georgi Basilaşvili yoxa çıxır.

Oleq Basilaşvili Tibilisididə, 1930-40-cı illərdə.
Oleq Basilaşvili Tibilisididə, 1930-40-cı illərdə.

1943-cü ildə ailə Moskvaya qayıdır. Balaca Oleq burda üçüncü sinifə getməyə başlayır, ancaq məktəb onu çox tez yorur. O, xüsusilə də, dəqiq elmləri anlamaqda çətinlik çəkirdi, bütün vaxtını cəbri başa düşməyə sərf elədiyindən başqa dərslərə vaxtı qalmırdı. Dahası, məktəbdə təlhükəli düşüncələrə sahib biri kimi tanınırdı, çünki o vaxt SSRİ-də qadağan olunmuş “Qızıl buzov” əsəri haqqında tərifli inşa yazmışdı. İncəsənət akademiyasından isə postimpressionizmi təqlid eləməkdə günahlandırıb qovmuşdular.

Buna da bax: Sovet sirkinin ən məşhur klounu 95 yaşında...

Gənc Oleqi ən çox incəsənət, teatr cəlb eləyirdi, Moskva Bədaye Teatrının bir tamaşasını belə buraxmırdı, elə aktyor olmaq həvəsinə də o tamaşalara baxarkən düşür.

“Mən məktəbdə pis oxuyurdum, heç bir iddiam da yox idi. Amma bir gün yolum Bədaye teatrına düşdü. Ora təkcə gözəl aktyorların yad səslə başqalarının sözlərini təkrarladığı məkan deyildi. Mən orda çoxlu dünyalar gördüm. Meterlinkin “Mavi quş”unun dünyasını: “Görürsünüz, uşaqlar, biz mavi quşu tapmadıq. Amma bəlkə siz böyüyəndə onu tapıb qonşu qadına kömək eləyərsiniz?” Bunu indiyə qədər də hiss eləyirəm. Nemiroviçin “Üç bacı”sını da. Mən də o dünyanın bir parçası olmaq istədim. İdarələr, hərbi komissarlıqlar dünyasının yox. Ora düşmək üçün döşəməsilən də olmağa hazır idim. Hətta düşünürdüm ki, faşistlər yenə Moskvaya hücum eləyəcəklər, Bədaye teatrına yaxınlaşacaqlar, mən isə damda pulemyotla uzanıb teatrı qoruyacam. Özü də başqa heç bir teatra qarşı belə münasibətim yox idi”- deyə O.Basilaşvili xatırlayır.

Oleq Basilaşvili Eldar Ryazanovun "İşdə məhəbbət" filmində.
Oleq Basilaşvili Eldar Ryazanovun "İşdə məhəbbət" filmində.

Gənc Oleq dostu ilə birlikdə Xarici Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən həvəskar truppasının tamaşalarında iştirak eləməyə başlayır. Bir qədər təcrübə toplayandan sonra sənədlərini Moskva Bədaye teatrının məktəb-studiyasına verir və qəbul olunur.

Basilaşvilinin dediyinə görə, studiyanın qaydaları o qədər sərt imiş ki, onun tələbəlik illəri monastırdakı kimi qapalı keçib.

Məktəbi bitirən Oleq Basilaşvilini həyat yoldaşı Tatyana Doronina ilə birlikdə təyinatla Stalinqrada göndərirlər. Ancaq Stalinqrad Vilayət Dram Teatrına gələndə gənclər nə tamaşaçıların, nə də kollektivin onlara ehtiyacı olmadığı görürlər və üç aydan sonra Leninqrada qayıdırlar.

Cütlüyün işləməyə başladığı Lenin Komsomolu adına Teatr həm repertuarı, həm də kollektivi ilə Oleqin ürəyini fəth eləsə də, burda da uzun müddət qala bilmir. Rejissor Georgi Tovstonoqov Doroninanı Bolşoy Dramatik Teatra dəvət eləyəndə aktrisa bir şərtlə razılıq verir: həyat yoldaşı Oleq Basilaşvili də orda işləməlidi. Beləcə, Basilaşvili həyat yoldaşının tövsiyəsi ilə yenidən iş yerini dəyişməyə məcbur olur. Əfsus ki, bu teatrda da ona yer tapılmır. Arvadı bir-birinin ardınca baş rolları oynayanda Basilaşvili səhnəyə epizodik rollarda çıxırdı. Yalnız bir neçə ildən sonraTovstonoqov ona maraqlı və komik rollar təklif eləməyə başlayır. Nəhayət ki, istedadını göstərmək imkanı qazanan Basilaşvili 70-ci illərdə tamaşaçıların sevimlisinə çevrilir.

Oleq Basilaşvili "İki nəfər üçün vağzal" filmində.
Oleq Basilaşvili "İki nəfər üçün vağzal" filmində.

Aktyorun kinokaryerası da asanlıqla qurulmayıb. 1956-cı ildə “Gəlin” filmində oynadığı ilk rolu heç kimin diqqətini cəlb etmədiyindən aktyor, yalnız on ildən sonra davamlı çəkilməyə başlayır. Ancaq sıravi tamaşaçı Oleq Basilaşvilini Eldar Ryazanovun “İşdə məhəbbət macərası” filmində oynadığı karyerist Samoxvalov obrazı ilə tanıyır daha çox. Bu obraz onu bütün SSRİ-də məşhurlaşdırır.

Buna da bax: SSRİ kinodan milyardları necə qazanırdı...

Basilaşvilinin Ryazanovla əməkdaşlığının əsası “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmində qoyulmuşdu. Basilaşvili bu filmdə İppolit obrazını canlandırmalıydı, hətta bir neçə epizodda çəkilmişdi. Lakin çəkilişlər zamanı aktyorun atası vəfat elədiyindən O.Basilaşvili roldan imitna eləmiş, onun əvəzinə kamera qarşısına Yuri Yakovlev keçmişdi. Bununla belə “Taleyin ironiyası” filmində tamaşaçı Basilaşvilini də görür- pəncərədən qarlı küçəyə düşən fotoda.

Deyilənə görə, Eldar Ryazanov Basilaşvilini bütün filmlərində çəkəcəyinə dair yazılı iltizam veribmiş. Ancaq sözünə əməl eləyə bilməyib. Rejissorun möhtəşəm “Qaraj” filmində də Basilaşvili yoxdu.

Basilaşvili “İki nəfər üçün vağzal” filmində pianoçu Ryabinin rolunu oynaya bilmək üçün düz iki ay həbs düşərgəsində yaşayıb. Onun yaratdığı Platon obrazı isə bəstəkar Mikayıl Tarıverdiyevin (“Baharın 17 anı” filminin bəstəkarı) prototipidir.

1980-ci ildə aktyorun anasına ağır diaqnoz qoyulanda və həkimlər onun cəmi beş ay ömrü qaldığını deyəndə Basilaşvili məzuniyyət götürür və teatrdan da, kinodan da uzaqlaşır. O, anasını Moskva ətrafında yerləşən bağ evinə aparır və son anına qədər İrina Sergeyevnanın yanından ayrılmır. Hətta Nikita Mixalkovun “Mexaniki piano üçün yarımçıq pyes” filmində çəkilməkdən də imtina edir, baxmayaraq ki, rejissor ona İrina Sergeyevnanı çəkiliş məkanının yaxınlığındakı sanatoriyaya yerləşdirməyə söz verir. Mixalkov Basilaşvilinin rədd cavabından incimir, amma bir də onu öz filmlərinə dəvət eləmir.

Artıq yaşı səksəni keçməsinə rəğmən, Oleq Basilaşvili hələ də səhnəni də, ekranları da tərk eləməyib. Və həmişəki kimi ona təklif olunan rollara qarşı həddindən artıq seçici davranır. Hətta əhvalatı çox bəyənəndə belə özünü rola uyğun bilməyəndə ssenarini geri qaytarır, üstəlik müəlliflərə başqa, obraza daha münasib hesab elədiyi aktyoru tövsiyə eləyir.

“Mən heç vaxt xoşuma gəlməyən işi eləməmişəm. Elə filmlər var ki, orda pis oynayıram. Buna görə utanıram, alınmayıb, nə edə bilərəm?! Ancaq belələri azdı. Mən həmişə özümə maraqlı olan filmlərdə çəkilmişəm”- aktyor deyir.

Qızı Kseniya isə atasının heç vaxt özündən razı qalmadığını söyləyir: “Əvvəllər daima idman eləyirdi, onu narahat edən qüsurlarını düzəltməyə çalışırdı. Sonra bir az fasilə verdi. İndi həmin özündən narazılıq hissi yenə qayıdıb”.

Oleq Basilaşvilinin çəkildiyi "Payız marafonu" filminin treyleri.

Bəlkə elə bu hissin təsiridi ki, Oleq Basilaşvili hər dəfə özünü ekranda görəndə utanır. Ümumiyyətlə, onun utancaqlığı çevrəsində çox məşhurdu, hətta bu barədə əhvalatlar da danışırlar. Məsələn, deyilənə görə, “İki nəfər üçün vağzal” filminin ilk çəkiliş günü aktyor tərəf müqabili Lyudmila Qurçenkonu öpməliymiş. Basilaşvili bunu eləməyə o qədər utanırmış ki, Ryazanovdan həmin səhnəni filmdən çıxartmasını xahiş eləyib. Axırda Lyudmila Qurçenko həmin səhnədə dialoqları dəyişib və özü Basilaşvilini öpüb.

Buna da bax: Sovet Azərbaycanında korrupsiya belə ifşa olunurdu

Oleq Basilaşvili təkcə istedadlı, məşhur aktyor deyil, həm də sarsılmaz ictimai mövqeyi olan bir sənətkardı. 2011-ci ildə digər mədəniyyət xadimləri və hüquq müdafiəçiləri ilə birlikdə yeni partiyaların qeydiyyatdan keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı hökumətə yazılan açıq məktubu imzalayıb, “Pussi Riot” qrupunun həbs olunan üzvlərini, Oleq Navalnını müdafiə eləyib. 2008-ci ildə Cənubi Osetiya ərazisinə soxulan rus qoşunlarını “işğalçı” adlandırıb. Krım hadisələri zamanı Ukraynanın ərazi bötüvlüyünü dəstəklədiyinə görə Ukrayna Mədəniyyət nazirliyi tərəfindən “ağ siyahı”ya daxil edilib.

***

Oleq Basilaşvili iki dəfə evli olub. Birinci dəfə tələbə yoldaşı, aktrisa Tatyana Doronina ilə. Müəllimləri İvan Tarxanov deyir ki, cütlük son dərəcə sadə toy eləyib: “Onların evlənmələrini Oleqin mənzilində qeyd elədik. Ağ gəlinlik, üzük yox idi. Çünki hər ikisi komsomolçuydu”.

Oleg Basilashvili Sankt-Peterburq Teatrında.
Oleg Basilashvili Sankt-Peterburq Teatrında.

Təyinatla getdikləri Stalinqraddan qayıdandan bir müddət sonra Tovstonoqovun dəvəti ilə işləməyə başladıqları Bolşoy Dramatik Teatrda Doroninanın gündən-gündən məşhurlaşması, Basilaşvilinin bu məşhurluğun kölgəsində qalması onların nigahına da təsir eləyib. Günlərin bir günü ərinin başqa qadınla görüşdüyünü eşidən Doronina hamiləliyini yarımçıq qoyub və boşanma ərizəsi yazıb. Oleq Basilaşvili birinci arvadı haqqında danışanda “Tanya fəhlə ailəsindən çıxmış sadə qız idi, amma teatrı dəlicəsinə sevirdi. Mehriban xasiyyətli və çox istedadlı idi. Təəssüf ki, yavaş-yavaş xasiyyəti dəyişdi və bunda teatrın da təsiri oldu” deyir.

Aktyor ikinci arvadı, teleaparıcı Qalina Mşanskaya ilə televiziyada tanış olub. O vaxtlar Qalina məşhur aparıcı idi, Basilaşvilini isə hələ heç kim tanımırdı. Bir gün küçədə Qalyaya yaxınlaşan aktyor onu evə qədər ötürmək üçün icazə istəyib və beləcə uzun illər sürən sevginin təməli qoyulub. Basilaşvilinin ilk uğursuz evliliyindən xəbərdan olan Mşanskaya uzun müddət nigah bağlamağa razılıq verməyib. Cütlük iki il vətəndaş nigahında yaşayandan sonra evlənib. Basilaşvili – Mşanskaya cütlüyünün iki qızı, iki də nəvəsi var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG