Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 19:00

Sovet sirkinin ən məşhur klounu 95 yaşında...


Yuri Nikulin.

Yuri Nikulinin sirkdən kinoya, kinodan sirkə doğru keçən həyatı

Deyirlər, klounların gözləri həmişə kədərli olur. Kim deyib, doğrudu, ya yox, bilmirəm, klounları uşaq vaxtı sirkdə görmüşəm. O da orta sıralardan. Ordan onların gözlərini görmək mümkün deyildi, hələ gözlərindəki kədəri demirəm.. Lap görsəydim belə, kədər olduğunu necə anlayacaqdım.. Ancaq bir kloun vardı ki, bu ifadəni həqiqətən təsdiqləyirdi, gözləri həqiqətən kədərli idi. Təkcə gözləri yox, duruşu, danışığı... Tamaşaçılarını da o kədəri ilə güldürürdü... Söhbət Sovet İttifaqının ən məşhur kloun və aktyorlarından birindən - Yuri Nikulindən gedir..

Yuri Nikulin 1940-cı ildə, Qızıl Ordunun əsgəri olarkən.
Yuri Nikulin 1940-cı ildə, Qızıl Ordunun əsgəri olarkən.

Zahirən nə qədər yonulmamış, namünasib görünsə də, Yuri Nikulinun sənətə gəlişi təsadüfi deyildi. O, uşaqlıqdan sənətin içində böyümüşdü və valideynlərinin açdığı cığırla irəliləmiş, onu böyüdüb yol eləmişdi, vəssalam. Yaşasaydı bu il Nikulinin 95 yaşı tamam olacaqdı.

Yuri Vladimiroviç Nikulin 1921 –ci il dekabrın 18-də Demidov şəhərində anadan olmuşdu. Atası Vladimir Demidovda dramatik teatrda işləyirdi, bir müddət sonra isə “Terevyum” – səyyar inqilabi yumor teatrı yaratmışdı, tamaşaları özü yazıb, özü səhnələşdirib özü də oynayırdı. Yurinin anası Lidiya İvanovna da elə həmin teatrda aktrisa işləyirdi.

Buna da bax: SSRİ kinodan milyardları necə qazanırdı...

1925-ci ildə ailə Moskvaya köçür. Daha doğrusu, dəvət olunur. Vladimir Andreyeviçin gimnaziya yoldaşları QavriilViktor Xolmoqorovların Moskvadakı 7 otaqlı evini hökumət ümumiləşdirmək əmri vermişdi- yəni hər otaq bir ailəyə veriləcəkdi. Evlərinə yad adamların yerləşməsini istəməyən Xolmoqorovlar da Nikulin ailəsini Moskvaya dəvət eləmişdi, heç olmazsa, evlərini tanıdıqları və güvəndikləri insanlarla paylaşsınlar deyə.
“Xoşbəxtlikdən bizim mənzilimiz tipik kommunallardan fərqlənirdi. Otaqların qapıları qıfılsız idi. Səhərdən axşama qədər primusların fışıldayıb qab-qaşığın cingildədiyi mətbəxdə heç kim qışqırıb-bağırmırdı. Əksinə, bizim mətbəximiz klub kimiydi – qadınlar oxuduqları kitabları, ya da Meri Pikfordun baş rolda oynadığı yeni filmi müzakirə eləyirdilər”, - Yuri Nikulin Moskvadakı mənzillərini belə xatırlayırdı.

Ata Vladimir Andreyeviç “İzvestiya”, “Qudok” qəzetlərində işləyə-işləyə Demidovda başladıqlarını Moskvada da davam etdirir – estrada, sirk üçün reprizlər, yumoristik səhnələr yazır, ana Lidiya İvanovna isə evdə oğlunun tərbiyəsi ilə məşğul olurdu. Ailə həftədə iki dəfə teatra gedir, sonra da evdə baxdıqları tamaşanı detallarına qədər müzakirə eləyirdilər.

Yuri Nikulin kloun rolunda.
Yuri Nikulin kloun rolunda.

İlk vaxtlar Yuri atasının dram dərnəyinə rəhbərlik elədiyi nüfuzlu məktəbə gedirdi, ancaq yeddinci sinfin sonunda ən yaxşı şagirdlər seçiləndə atasına rəğmən Yurini pis oxuduğuna görə növbəti sinfə keçirmirlər. Yuri təhsilini adi orta məktəbdə davam etdirməli olur. Aktyor “Demək olar ki, ciddi...” adlı kitabında məktəbini “bizim 346 nömrəli adi məktəbimizə heç bir nümayəndə heyəti gəlmirdi. Heç yazıçılar, artistlər də gəlmirdilər, bizə konsert vermirdilər”, - deyə təsvir edir.

Ancaq bu yeniyetmə Yurinin qətiyyən kefini pozmurdu. Əksinə, təzə məktəbə keçməyinə sevinirdi, çünki artıq nizam-intizamlı səliqəli olmaq lazım deyildi, o da hamı kimi evə gələndə çəpərdən keçə bilirdi.

Məktəbi bitirən kimi səfərbərliyə alınan Yuri, Sovet-Fin müharibəsində iştirak edir, Böyük Vətən Müharibəsində isə Leninqrad ətrafında döyüşür. 43-cü ildə Leninqrada hava hücumları zamanı kontuziya alır, yaraları sağalandan sonra yenidən cəbhəyə, zenit diviziyasına qayıdır.

Qələbəni Baltikyanı bölgədə qarşılayanNikulin üçün müharibə bir il gec bitir. “İgidliyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş 25 yaşlı baş serjant evinə 1946-cı ilin mayında qayıdır. Nikulin xatirələr kitabında anası ilə görüşü haqqında “Tramvayda silkələnə-silkələnə Razqulyaydan keçib Tokmakov tininə gedəndə ürəyim elə bərk döyünürdü ki, “yəqin, insanlar xoşbəxtlikdən belə ölürlər” deyə fikirləşdim. Anam isə artıq hasarın qarşısında məni gözləyirdi. Anam! Müharibə illəri ərzində o, çox dəyişmişdi. Arıqlamış üzündə iri gözləri önə çıxmışdı, saçları tamam ağarmışdı”, - yazırdı. ​

Müharibədən sonra Yuri Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna, paytaxtdakı teatr institutlarına daxil olmağa çalışır, lakin aktyorluq qabiliyyəti olmadığını deyən komissiyalar onu qəbul eləmirlər. Nəhayət, gələcək aktyor Moskva sirkinin nəzdində fəaliyyət göstərən klounada studiyasına daxil ola bilir. Təhsilini bitirəndən sonra da o vaxtlar həddindən artıq məşhur olan kloun Karandaşın assistenti işləyir. 1948-ci ilin 25 oktyabrında isə ilk dəfə müstəqil şəkildə arenaya çıxır və o vaxtdan düz əlli il sirkdə işləyir.

Buna da bax: Sovet Azərbaycanında korrupsiya belə ifşa olunurdu

1958-ci ildə rejissor Faynsimmer “Gitaralı qız” filmində epizodik rollardan birinə aktyor tapmayanda filmin ssenari müəllifi Vladimir Polyakov rolu Nikulinə təklif eləyir. Tezliklə Eldar Ryazanov aktyoru “Heçlikdən gələn insan” filmində baş rola çağırır. Ancaq kinostudiyanın rəhbərliyi çəkilişləri dayandırır. Bir ildən sonra çəkilişləribərpa edən Ryazanov bu dəfə Nikulinə baş yox, epizodik rol verir.

Yuri Nikulinin "Brilyant əl" filmində oxuduğu məşhur mahnısı.

Yuri Nikulin kino aktyoru kimi 60-cı illərin əvvəllərində Leonid Qaydayın “Köpək Barboss və onun qeyri-adi qaçısı” filmindən sonra uğur qazanmağa başlayır. Tryuklar üzərində qurulmuş bu qısametrajlı filmdə gülməli zahiri ilə fərqlənən aktyoru heç qrimləməyə də ehtiyac görmürlər. Film rejissoruna da, Nikulin-Bitsin-Morqunov üçlüyünə də böyük populyarlıq gətirir və sovet kinosunun üç ekssentrik qəhrəmanını yaradır. Qayday “Samaqonçular” adlı növbəti filmində də üçlükdən istifafə eləyir.

Aktyorun komik filmlərdəki uğuru rejissorların onu qəlibə salmasına səbəb olur. Nikulini dramatik rollara yararsız hesab eləyirlər. Bircə Lev Kulicanov ondakı dramatik aktyor potensialını görür və 1961-ci ildə“Ağaclar böyük olanda” filmində ona baş rolu verir. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan film Nikulinin taleyində də vacib rol oynayır. Məhz, bu filmdən sonra rejissorların ona qarşı münasibəti dəyişir. Onlar Nikulinin təkcə komik yox, ciddi dramatik rolları da ustalıqla yarada bilən aktyor olduğunu qəbul eləyirlər.

Artıq Yuri Nikulini bütün Sovet İttifaqı tanıyırdı. Hətta sirkə də ona baxmaq üçün gəlirdilər.

1964-cü ildə rejissor Semyon Tumanov ona “Muxtar, yanıma gəl” filmində milis leytenantı Qlazıçevin rolunu təklif eləyir. Rol maraqlı olsa da, Nikulin “mən milisioneri oynaya bilmərəm! Çünki axırıncı iki filmimdə fırıldaqçı olmuşam”, -deyərək razılıq vermir. Ancaq rejissor onu yola gətirir. Y.Nikulin çəkilişlərə hazırlaşarkən üç həftə milis itlərinin saxlandığı yerə gedir, onların psixologiyasını anlamaq üçün xidməti itlərlə vaxt keçirir.

Yuri Nikulin Andrey Tarkovskynin "Andrey Rublev" filmində.
Yuri Nikulin Andrey Tarkovskynin "Andrey Rublev" filmində.

Aktyorun növbəti ciddi rolu isə dahi Tarkovskinin “Andrey Ryublyov” filmində oynadığı rahib Patrikey olur.

Və bu gün də çox sevilən “Qafqaz əsiri”... Əslində Nikulin bu filmin ssenarini bəyənməmişdi, ona görə də çəkilmək istəmirdi.Yalnız rejissor ona imrovizasiya eləməyə icazə verəndən sonra çəkilməyə razılıq vermişdi. Nəticədə “Qafqaz əsiri” Nikulin-Vitsin-Morqunov üçlüyünün iştirak elədiyi ən yaxşı komediya olur.

Buna da bax: Stalin Sovet dövlətini kinoyla idarə edirdi

1969-cu ildə Leonid Qayday, axır ki, ona fırıldaqçı yox, nümunəvi ailə başçısı rolunu təklif eləyir. “Brilyant qol” komediyasında. Nikulin bu filmdə oynadığı Semyon Semyonoviç Qorbunkov obrazında komizmi də, ironiyanı da, incə lirizmi də elə gözəl birləşdirir ki, “Brilyant qol” sovet kinematoqrafiyasının ən yaxşı komediyaları siyahısına düşür. Təbii ki, bu uğurda tərəf müqabillərinin də böyük xidməti vardı.

Bunda sonra aktyorun yaradıcılığında dramatik rollar silsiləsi başlayır: Sergey Bondarçukun “Onlar vətən uğrunda döyüşürdülər” filmində əsgər Nekrasov, Aleksey Germanın “Müharibəsiz 20 gün” filmində jurnalist Lopatin və Rolan Bıkovun “Müqəvva” filmində baba..

Bütün bu illər ərzində Nukulin sirki bir an belə tərk eləməmişdi.Sirk onun ikinci evi kimiydi. Nikulin həyat yoldaşı Tatyana Pokrovskaya ilə də orda tanış olmuşdu. “At üstündə səhnəcik” reprizində. Çıxış zamanı Tanyanın əhliləşdirdiyi atNikulini üstündən atmışdı. Xəstəxanaya aparılan aktyorunyanından saatlarla ayrılmayan Tanya sonra düz 47 ilona həyat yoldaşı olmuşdu.

Yuri Nikulinin Moskvada öz yaratdığı sirkin qarşısında heykəli.
Yuri Nikulinin Moskvada öz yaratdığı sirkin qarşısında heykəli.

Buna görə də Yuri Nikulin sirki çox sevirdi. Həmişə deyirdi ki, ancaq təqaüdə çıxanda manejdən uzaqlaşacaq, çünki “qoca kloun-kədərli mənzərədi”.
Ancaq 1981-ci ilə “Dövlət Sirk İdarəsi” 60 illik yubileyi münasibətilə aktyora “hədiyyə” eləyir – o, uzun illər kloun işlədiyi sirkə direktor təyin olunur. O sirkə ki, sözün hərfi mənasında uçub-dağılırdı. Nikulin artıq olmayan bir sirkə direktorluq eləməliydi. Təzə direktor sirkin binasını sökməyi əmr edir və yeni binanın inşasına vəsait almaqdan ötrü dövlət idarələrinin qapılarını döyməyə başlayır. Bütün bu əziyyətlər, daimi gözləmələr, uzun-uzadı xahişlər onu qapalı, qaşqabaqlı insana çevirir, tez-tez ürəyindən şikayətlənir. Nəhayət, SSRİ nazirlər şurasının katibi Nikolay Rıjkov onu qəbul edir və istədiyini verir. Dörd ildən sonra yeni sirk qapılarını tamaşaçıların üzünə açır.

Yaxınlarının dediyinə görə, Nikulin qeyri-adi direktor idi. Onun iş günü axurda başlayıb orda da bitirdi, artistlərlə birlikdə nahar eləyirdi, kabinetinin qapısını da hər zaman açıq saxlayırdı. Sirkdə ona “bizim sovet hökuməti” təxəllüsünü vermişdilər, çünki o qapıdan içəri girən hər kəsin problemi həll olunurdu.
1997-ci ildə ürəyindən əməliyyat olunan aktyor cərahiyyə stolunda kliniki ölüm keçirir. Həkimlər onun həyatı uğrunda 16 gün mübarizə aparırlar, dünyanın ən yaxşı tibb mütəxəssilərini, ən müasir avadanlığını gətirirlər, amma möcüzə baş vermir. 1997-ci il avqustun 21-də aktyorun ürəyi dayanır.

Yuri Nikulinin oğlu Maksim də, nəvələri Yura və kiçik Maksim də böyük aktyor və klounun yolunu davam etdirirlər. Hər üçü onun ömrünü həsr elədiyi sirkdə işləyir..

Sovet İttifaqı çoxdan dağılıb, amma Nikulinin çəkildiyi filmlər, oynadığı qəhrəmanlar hələ də onu tanıyan hər kəsin sevimlisidi.

Keçmiş sovet respublikalarının bir neçəsində Nikulinin heykəlləri qoyulub. Astronom Lyudmila Juravlyova 1981-ci ildə kəşf elədiyi kiçik planetə onun adını verib.

Siyasətin ayırdıqlarını incəsənət birləşdirir...

XS
SM
MD
LG