Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

SSRİ kinodan milyardları necə qazanırdı...


Sovet Rusiyasının ən böyük kinostudiyası "Mosfilm" bütün tarixi boyu 1720 film çəkib.

Sovet Rusiyasının ən böyük kinostudiyası "Mosfilm" bütün tarixi boyu 1720 film çəkib.

-

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. Bu illər ərzində ölkədə xeyli dəyişikliklər baş verib, neft bumu yaşanıb, ancaq kino istehsalatı kompleks olaraq nəinki inkişaf etməyib, hətta heç bərpa olunmuş da sayılmaz. Çəkilən filmlər yalnız premyera günü, bir də hansısa tədbirlər çərçivəsində nümayiş olunur. Kütləvi tamaşaçı yeni filmlərdən xəbərsizdi, çünki ölkə ərazisində filmlərin sistemli prokatı təmin edilmir. Prokatsız kinoya xərclənən pullar isə havaya tökülən vəsait kimidi. Halbuki 70 il əsarətində yaşadığımız Sovet təcrübəsi, kinoprokatın sadəcə kinematoqrafiya üçün deyil, ölkənin ümumi iqtisadiyyatı üçün də necə əhəmiyyətli olduğunu göstərir. Elə “İskusstvo kino” jurnalının redaktoru Daniil Dondureyin məqaləsi də həmin təcrübədən bəhs eləyir.

Sovet kinoprokatı tarixində ən böyük rekord 1971-ci ildə vurulmuşdu. Həmin il kinoya gedənlərin sayı 5 milyarda yaxın olub – bu isə 4,8 milyard bilet demək idi.

Sovet dövründə kino yeganə sahə idi ki, nəinki dotasiyalara ehtiyac duymurdu, əksinə, həm də böyük gəlir gətirirdi. Bölgələrdə nəqd pula tələbat yarananda vilayət, ya da şəhər kinoprokat şöbəsindən xalqın sevdiyi filmlərdən birinin – məsələn, “Brilyant qol”, “Zorro”, “Yeseniya” – yeddi-səkkiz nüsxəsini götürmək kifayət eləyirdi və problem həll olunurdu. Volqoqradda müəllimlərin, həkimlərin maaşını ödəmək üçün pul qalmayanda Moskvadan “Yeseniya” filminin 10-15 nüsxəsini göndərmişdilər. Film, rayonlarda nümayiş olunmuşdu və hesablarda yaranmış kəsir anda dolmuşdu.

Sovet dövründə Ukraynada kinoteatrın qarşısında növbə 1981-ci il.

Sovet dövründə Ukraynada kinoteatrın qarşısında növbə 1981-ci il.

Sovet kinoprokatı tarixində ən böyük rekord 1971-ci ildə vurulmuşdu. Həmin il kinoya gedənlərin sayı 5 milyarda yaxın olub – bu isə 4,8 milyard bilet demək idi.

60-70-ci illərdə orta statistik sovet vətəndaşları – yeni doğulanlar və yaşlılar da daxil olmaqla – ildə 15-19 dəfə kinoya gedirdilər. O dövrdə Sovet İttifaqı Avropada, bəlkə də bütün dünyada tamaşaçı sayına görə çempion idi. Sözü gedən illərdə kinoprokatda “şəbəkə” inqilabı vüsət almağa başlamışdı: yüzlərlə nəhəng kinoteatrlar tikilirdi. Hər yaşayış rayonunda səkkiz yüz və min tamaşaçılıq kinozallar inşa etmək planlaşdırılırdı. Onlara kitabxana şəbəkələri, çəkməçi emalatxanaları, yeməkxanalar, camaşırxanalar, mağazalar da “yapışdırılırdı”. Teatrlara, ya da başqa mədəniyyət ocaqlarına (məsələn, muzeylərə) yox, məhz, min nəfər sakin üçün nəzərdə tutulmuş kinoteatrlara..

Buna da bax: Sovet Azərbaycanında korrupsiya belə ifşa olunurdu

80-ci illərin ortalarında SSRİ-də beş min zal və məktəblərdə, ali təhsil müəssisələrində, klublarda, mədəniyyət evlərində qurulmuş 70 min kino qurğusu vardı. Körpələr və qocalar nəzərə alınmazsa, belə çıxır ki, sovet insanı ildə 40-50 dəfə kinoya gedirdi – camaat “Yeseniya” kimi filmlərə dəfələrlə baxırdı. Başqa sözlə desək, əhalinin böyük əksəriyyəti, xüsusilə də gənclər hər həftə kinoteatrlara baş çəkirdilər. Sovet İttifaqında asudə vaxtın keçirilməsi üçün münasib, müasir infrastruktur (kazino, oyun avtomatları, əyləncə mərkəzləri) yaradılmamışdı, restoranlarda vaxt keçirmək böyük vəsait tələb eləyirdi, ölkə qapalı, xarici turizm imkanları yox idi. Belə bir şəraitdə kinoteatrlar ən müxtəlif funksiyaları yerinə yetirirdilər. Məsələn, görüş üçün mənzil tutmaq, ya da mehmanxanada otaq götürmək mümkün deyildi və gənclər kinoteatrlara yollanırdılar.

Sovet dövründə Qazaxıstanda tikilmiş "Mir" kinoteatrı.

Sovet dövründə Qazaxıstanda tikilmiş "Mir" kinoteatrı.

Sovet prokatında, adətən, ildə 220-250 filmin adı gedirdi, onlardan təxminən, 140-ı yerli istehsalatın məhsulu idi. Hərçənd Tarkovskinin “Güzgü”sü, Aleksey Germanın “Yollarda yoxlama”sı kimi filmlər ekranlara çətinliklə çıxa bilirdi. Burda maraqlı bir nüans var. Hər bölgəyə, hər vilayətə - Sovet İttifaqında isə ümumilikdə, 130 vilayət vardı – ölkədə istehsal olunan filmlərin bir nüsxəsi mütləq göndərilməliydi, amma verilmirdi. Yəni çəkilən hər film, ən azı, 130 nüsxə çap olunmalıydı. Əgər Dövlət Kino İdarəsi filmin 30 nüsxədə çapına qərar verirdisə, bölgələrin əksəriyyəti həmin filmi almırdı.

Senzuranın başqa fəndləri də vardı: Məsələn, Bergmanın “Çiyələk talası” filmini Türkmənistana göndərirdilər, hind filmlərini isə Estoniya və Latviyaya.

Hər il sovet ekranlarına çıxan əcnəbi filmlər iki hissəyə bölünürdü: məhsulun 50%-i mütləq sosialist düşərgənin filmləri olmalıydı. Hərçənd burda da diqqət edilməli qaydalar vardı. Məsələn, Almaniya Demokratik Respublikasında çəkilən yeddi filmin hamısı sovet prokatında göstərilirdi. Amma məsələn, Çexoslovakiya, Macarıstan, Polşa kimi “şübhəli” sosialistlərin filmlərini senzura seçirdi.

Yerdə qalan 50%-ə kvota üzrə digər ölkələrin kino məhsulları daxil idi. Əgər bir ildə altı-yeddi Amerika filmi göstərilməliydisə, bu rəqəmi ancaq Mərkəzi Komitənin rəhbərliyi artıra bilərdi, o da məsələn, Leonid Brejnevin ABŞ-a səyahəti ilə əlaqədar olaraq. Bu halda səkkizinci filmin, məsələn, “Makkenanın qızıllları” vesterninin prokatına icazə verilirdi.

Böyük vilayətlərdə filmlərin nüsxələri saxlanılan filmotekalarla yanaşı, yarım milyon, hətta iki minlik əhalisi olan bölgələrin də filmotekaları vardı. Kəndlərdə kino göstərən səyyar mexaniklər öz nüsxələrini, məhz, bu filmotekalardan götürürdülər.

Nəhəng Sovet kinoindustriyanı saxlamaq üçün bilet satışından gələn gəlirin 6%-i kifayət idi.

Səyyar film seanslarında biletlərin qiyməti 5 qəpikdən 10 qəpiyə qədər olurdu. Bütün ölkə üzrə kinotearlarda uşaq seanslarının biletləri də eyni qiymətə idi, böyüklər üçün biletlərə isə 20 qəpikdən 1 rubl 40 qəpiyə qədər qiymət qoyulurdu. Nəhəng kinoindustriyanı saxlamaq üçün bilet satışından gələn gəlirin 6%-i kifayət idi.

Bütün sahələrdə olduğu kimi kinoprokat da konkret plan yerinə yetirməliydi. Prokatçılar bundan ötrü ən müxtəlif hiylələrə əl atırdılar.​

Sovet İttifaqının ən modern rejissorlarından biri Tarkovsky 'Qurban' filminin, çəkilişi zamanı.

Sovet İttifaqının ən modern rejissorlarından biri Tarkovsky 'Qurban' filminin, çəkilişi zamanı.

Onların birinci dahiyanə kəşfi – ikiseriyalı filmlər idi (bəlkə elə bunun sayəsində bir ildə adambaşına düşən kino baxışların sayı 19-a çatırdı). Ümumi istehsalatda ikiseriyalı filmlər çox olmasa da, az da deyildi. Çəkilən hər 140 filmdən 30-u ikiseriyalı olurdu. Ən əsası, iki saatdan çox davam eləyən istənilən filmi ikiseriyalı kimi təqdim eləmək mümkün idi. Xronometraj az olanda isə ikinci seriyanın əvvəlində birinci seriyada baş verənlər təfərrüatı ilə danışılırdı. Ancaq əsas məsələ - iki bilet idi! Sən bir filmə baxmağa gəlirsən, kassada sənə iki bilet verirlər. Və statistikaya görə sən iki adam kimi qeyd olunursan. Biletin maksimal qiyməti (əgər premyeradısa, ya da film genişformatlıdısa) 70 qəpik olurdu. Film ikiseriyalı elan olunanda bir adamdan 1 rubl 40 qəpik qazanmaq mümkün idi. Orta aylıq əmək haqqı 100 manat olan sadə insanlar üçün bu, böyük pul idi. Üstəlik kinoya nadir hallarda tək gedirsən. Əgər cavan oğlan kinoteatra qızla gəlirsə, artıq 1,40 qəpiklik iki bilet alır, hələ bufetdə də nəsə yeyirlər – bu, çox böyük gəlirdi. Dahası, gəlirin yarısı yerli hakimiyyətə qalırdı (raykom, ispalkom), buna görə də onlar kino ilə hədsiz “maraqlanırdılar”. Kinoteatrlar şəhər təsərrüfatına məxsus idi. İşçilərin- biletyığanlar, kinomexaniklər, inzibatçılar – nə qədər maaş almağından asılı olmayaraq – seanslardan qazanılan pulun yarısı şəhərə qalırdı. İndi təsəvvür eləyin: kinoteatrda döyüş filmi göstərilir, zal doludu. Birinci seansı səhər 8.30-a salırsınız, axırıncını isə - axşam saat 10.00-a. Yəni bileti 1,40-dan olan bir-iki əlavə seans buraxırsınız. Bu isə son dərəcə böyük məbləğ deməkdi- hardasa 100 minə yaxın. Üstəlik canlı, nəğd puldu, virtual adı yazılıb, özü olmayan yox.

Beləcə, prokatdan qazanılan hər bir rubldan 50 qəpik şəhər xəzinəsinə qalırdı.

Beləcə, prokatdan qazanılan hər bir rubldan 50 qəpik şəhər xəzinəsinə qalırdı. Şəhər bütün xərclərini ödəyirdi – kommunal xidmətlər, əmək haqları, binanın saxlanması və s. Bütün bunlara 15-20 qəpik sərf edilirdi. Belə çıxır ki, kinoteatrlardan yığılan pulların üçdə bir hissəsi təmiz gəlir olurdu.

Əlbəttə total ideoloji nəzarəti də unutmaq olmaz. İstehsalat prosesində və təhvil-təslim zamanı filmlər bir neçə senzura pilləsindən keçirdilər. Sadəcə, məsələn, Sergey Bondarçuk üçün pillələrin sayı az idi, adi insan üçün çox. Amma ssenari kinostudiyaya gəldiyi andan ekranlara çıxana qədər film 10-14 təsdiqlənmə mərhələsindən keçirdi. Kinostudiyanın daxilində çoxsaylı instansiyalar fəaliyyət göstərirdi – birliklər, baş redaksiya, studiyanın bədii şurası, Dövlət Kino İdarəsinin baş redakiyası və s.. Hər şey bu instansiyalarda təsiqlənirdi, yenidən yazılırdı, saysız düzəlişlər edilirdi. Hələ Mərkəzi Komitədə, partiyanın vilayət komitələrində kuratorlar da vardı.

Təbii ki, kinematoqrafçılar bütün bu instansiyalardan keçmək, rəhbərliyin fikirlərini yayındırmaqdan ötrü cürbəcür fəndlər fikirləşirdilər. Məsələn, filmə sonra çıxarılsın deyə kəskin sosial səhnə salırdılar (Bu fənd “Ağ pudel qaydası” adlanırdı. A. Qayday “Brilyant əl” filmində bu fənddən istifadə eləyib). Ya da ehtiraslı öpüş səhnəsini, yarıçılpaq personajı saxlamaq üçün filmə yataq səhnəsi salırdılar. Yataq səhnəsi kəsilirdi, öpüş qalırdı.

Vasili Piçulun 1988-ci ildə ekranlara çıxan “Balaca Vera” filmi SSRİ tarixində 50 milyon bilet satan sonuncu film oldu. Özü də bədii keyfiyyətlərinə görə yox, “qadın üstdə” pozasına görə...

Vasili Piçulun 1988-ci ildə ekranlara çıxan “Balaca Vera” filmi SSRİ tarixində 50 milyon bilet rekordunu keçən sonuncu film oldu. Özü də bədii keyfiyyətlərinə görə yox, “qadın üstdə” pozasına görə.. Millət ilk dəfə idi ki, ekranda belə şey görürdü. Məktəblilər sinif rəhbərləri ilə birlikdə dəstə-dəstə kinoteatrlara axışırdılar. Məhz, 1988-ci ildə Sovet İttifaqında senzura ləğv olundu.

Sovet kinoprokatçılarının ikinci kəşfi çox sadə idi. İş ondadı ki, hesabatlarda hər seans ayrıca qeyd olunmur, günlərə görə seansların ümumi sayı yazılırdı. Sovet filmləri bütün seansların 50%-i üstəgəl bir seans olanda göstəriləndə buna görə işçilərə mükafat verilirdi. Odur ki, 70-ci illərdə belə bir fənd düşünmüşdülər: səhər 9.00 seansına hansısa ideoloji bir film, ya da “Kral Lir” salınırdı, sonra bütün günü yarıçılpaq Sofi Lorenin oynadığı bir italyan filmi göstərilirdi, hesabatlarda isə bütün günü “Kral Lir”in nümayiş olunduğu yazılırdı.

Buna da bax: Stalin Sovet dövlətini kinoyla idarə edirdi

1988-i ildə sistemə ağır zərbə endirildi. Birinci, Dövlət Kino İdarəsinin baş kinoprokat idarəsi dağıdıldı. İkinci, senzura, demək olar ki, ləğv edildi. Hər bölgənin öz kinovideo birliyi yaradıldı, kinoteatrlarda repertuara nəzarət onlara keçdi, əsl bazar münasibətləri meydana çıxdı. Regionların nümayəndələri hər üç aydan bir Moskvaya gəlir, filmlərə baxır, seçdikləri filmlərin nüsxələrini sifariş verir, müqavilə bağlayırdılar. Bir ildən sonra isə gizli kooperativlər peyda olmağa başladı və 90-cı illər artıq kinoda kooperativ dövrü kimi tarixə düşdü. Fİlm çəkmək üçün 50 min dollar kifayət eləyirdi. Artıq peşəkar təhsilə gərək yox idi, adamlar qəpik-quruşa film çəkirdilər, heç kim də onlardan institut diplomu, ssenarinin istehsalata buraxılması üçün icazə vərəqəsi istəmirdi. İstənilən studiyanı icarəyə götürmək mümkün idi.

Moskva kinofestivalında əcnəbi filmlərin sayəsində ağlagəlməz pullar qazanılırdı: filmlər 20 kinoteatrda nümayiş olunurdu, insanlar səhər saat 7-dən növbəyə düzülürdülər.

88-ci ildə həm də əcnəbi filmlərin nümayişinə icazə verildi. Beləcə, sovet kinosunda o vaxta qədər heç vaxt görünməmiş rəqabət yarandı. Sovet rejissorları heç vaxt Berqmanla, Hiçkokla rəqabət aparmağa məcbur qalmamışdılar, çünki ikincilərin sovet ekranlarına çıxmaq şansı yox idi. Keyfiyyətli əcnəbi filmləri yalnız bir neçə kinoteatrda, ya da xüsusi tədbirlərdə- festivallarda, fransız, ingilis kino həftələrində izləmək mümkün idi. Moskva kinofestivalında əcnəbi filmlərin sayəsində ağlagəlməz pullar qazanılırdı: filmlər 20 kinoteatrda nümayiş olunurdu, insanlar səhər saat 7-dən növbəyə düzülürdülər.

1988-ci ildə senzura ləğv olunanda isə ən yaxşı Avropa və Amerika filmləri ekranları işğal elədilər və tamamilə başqa bir era başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG