Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:34

S. Baycan: 'Yazmağa vaxtım yoxdur deyənlər sosial şəbəkədə saatlarla vaxt keçirirlər'


Seymur Baycan

"Soruşsaq niyə tərcümələr etmirsiniz deyəcəklər ki, vaxtımız yoxdu. Belə deyənlər də olub. Vaxtmız yoxdu deyirlər, amma mənasız məsələlələri sosial şəbəkələrdə saatlarla müzakirə etməyə vaxt tapırlar".

Seymur Baycan

Azər Əhmədova açıq məktub

Hörmətli Azər bəy, Azadlıq radiosunun oxu zalında "Savadlı olmaq nə deməkdir?" adlı yazınızı oxudum. Turqut Qəmbər demişkən Azərbaycanda aşağı səviyyədə olan diskussiya mədəniyyətinə öz tərəfimdən minimal töhfə vermək məqsədilə toxunduğunuz mövzuya münasibətimi bildirmək istəyirəm. Yazırsınız: "… Bizim milli ədəbiyyatın əsasını qoyan adamlar dövrlərinin ən savadlı və dərrakəli insanları olublar. Füzulinin gəncliyində “kamil təhsil görmüş” biri olmağına baxmayaraq yenə də öz şeirinin elmsiziliyindən gileyləndiyi və riyaziyyat, təbabət, astronomiya, yunan fəlsəfəsi və humanitar elmləri öyrənməyə baş vurması faktı məlumdur. Hardasa oxumuşdum ki, Nəsimi öz dövrünün riyaziyyatını mükəmməl bilirmiş. Təəssüf ki, oxuduğum mənbə yadımda qalmayıb, amma əgər doğrudan da beləysə, 14-15-ci əsrin riyaziyyatını mükəmməl bilmək həqiqətən çox dərrakəli birisi olmaq deməkdir. Bir az keçmişə gedib Nizamidən də elə onun öz əsərləri əsasında bol-bol danışa bilərik.

Buna da bax: Poeziyanın elmə, elmin poeziyaya keçidi...

"Hər oxuyan Molla Pənah olmaz" məsəli Vaqifin şeirlərinə görə deyildi, onun riyaziyyat, astronomiya, musiqi (o cümlədən də poetika) kimi sahələrdə biliyinə görəydi. Bizə daha yaxın dövrlərdən də bir neçə misal verək: "Həsən bəy Zərdabi Moskva Dövlət Universitetində fizika-riyaziyyat fakültəsini bitirmişdi. Əli bəy Hüseynzadə Peterburq Universitetində riyaziyyat fakültəsində, Əbdürrəhim bəy Haqverdiyev isə Peterburq Yol Mühəndisləri İnstitutunda oxumuşdu. Vurğulayım ki, bu şəxslərin heç biri riyaziyyat yaxud hansısa texniki sahədə elmi tədqiqatla məşğul olmayıb (bəlkə Zərdabinin bəzi cəhdlərini çıxmaq şərtilə), söhbət sadəcə savadlı olmaqdan gedir. Qəribə də bir şey yoxdur burda, çağdaş dünya yazıçılarının da bioqrafiyası ilə maraqlansaq çoxlarının (bəzən yarımçıq) texniki təhsilləri olduğunu görərik. Ədəbiyyatımızın keçmişindən verdiyim nümunələrdən də görünür ki, bizdə də vaxtilə vəziyyət beləcə normalmış!

Bəs nə baş verdi, necə oldu ki, elmə, təhsilə həvəsi olmayan bütöv bir ordu, əyalətçi təfəkkürlü, zəif intellektli, yeniliyə qapalı, etinasız, qeyri-mədəni insanlar doluşdu ədəbiyyata? 30-cu illərdənmi başladı bu, yoxsa daha dərindədir bunun kökləri?”

Hörmətli Azər bəy, narahatçılığınızı hörmətə layiq olsa da, yazdığınız cümlələrdə bir az pafos da var. Bütöv bir tarixi indiki zamanla, tarix adlı amansız, qəddar bir imtahandan keçmiş, seçilmiş şəxsiyyətləri bu gün yazıb-yaradanlarla üz-üzə qoymaq sizcə bir az ədalətsizlik deyilmi? Ümumiyyətlə, insanlar xüsusən sənət, ədəbiyyat baxımından öz dövrlərinə qarşı inamsız, şübhəli ,qəddar bir münasibət göstərir. Bu gün ölkəmizdə Mirzə Cəlildən, Sabirdən sitat gətirən müxtəlif təbəqələrə mənsub xeyli adam görə bilərik. Hərçənd həmin adamların çoxu Mirzə Cəlilin, Sabirin dövründə yaşasaydılar onların "qəhrəmanlarına" çevrilərdilər. Yaxud başqa cürə desək bu gün Mirzə Cəlildən sitat gətirənlərin, ona heyranlıq edənlərin çoxu Mirzə Cəlilin dövründə yaşasaydı Mirzə Cəlili lənətləyənlərin, təhdid edənlərin sırasında olardılar.

Bəli, hər şey 30-cu illərdə alt-üst oldu. Bütün mizan-tərəzi pozuldu. Həqiqi ədəbiyyat adamları güllələndi, sürgün olundu, şəxsiyyətləri təhqir edildi. Ədəbiyyata dəxli olmayan adamlar böyük tirajlarla, ordenlərlə, medallarla, mükafatlarla xalqa yazıçı-şair kimi sırındı. Sovet dövründə sağınçıdan, çobandan necə ictimai-siyasi xadim düzəldirdilərsə ədəbiyyata dəxli olmayan adamlardan da eyni üsulla asanlıqla şair-yazıçı düzəldirdilər. Bəla ondadır ki, ədəbiyyata gücün hesabına, suni yollarla gətirilmiş adamların əsərləri hələ də dərsliklərdə qalıb. Bu adamların bir çoxunun övladları vəzifə başındadılar və öz vəzifələrindən istifadə edərək atalarini yazıçı-şair, atalarının cızma-qaralarını isə ədəbiyyat kimi hələ də xalqa sırımaqdadılar. Nədənsə bizim insanlarımız bu haqda danışmağa o qədər də həvəsli deyillər. Sanki hər şey elə belə də olmalı imiş.

Buna da bax: Natalie Goldberg: 'Əgər yazmağa mövzu yoxdursa nədən yazmalı?'

Hörmətli Azər bəy, məqalənizdə böyük bir düstur yazmısınız. Əvvala ədəbiyyata düsturla, cədvəllə, xətkeşlə yanaşmaq o qədər də düzgün münasibət deyil. Düsturla, xətkeşlə, cədvəllə ədəbiyyata yanaşsaq hətta böyük yazıçıların əsərlərində belə nə qədər səhv tapmaq olar. Bir sinoptik komandası bədii əsərləri oxusa, hava təsvirləri ilə bağlı nə qədər səhvlər taparlar. Mən hələ qrammatik səhvlərdən danışmıram. Hətta dahi yazıçıların əlyazmalarında nə qədər qrammatik səhvlər var.

İkincisi, sizin o düsturu niyə, hansı səbəbdən yazdığınızı, nəyə və kimə işarə vurduğunuzu məsələdən halı olan üç-dörd adamdan savayı yerdə qalanlar başa düşməyəcəklər. Adamlar hardan bilsin ki, siz o düsturu niyə yazmısınız? Məsələnin mənəvi tərəfi barədə aydın və sadə bir məqalə yazmaq daha doğru olmazdımı?

İndi isə gəlin bir az açıq danışaq. Bir dəfə kifayət qədər bilikli, iki dil bilən gənc bəndənizə ədəbi mühitin savadsızlığından şikayətlənirdi. Ona dedim ki, sənin kimi bilikli, açıq fikirli adamlar yazmırlar, tərcümə etmirlər ona görə də belə vəziyyət yaranır. Sən yazmırsan, amma başqaları yazır. Belə adamlar kifayət qədərdir. Mövcud şair-yazıçıların savadsızlığından, ədəbi mühitin səviyyəsinin aşağı olmasından şikayətlənirlər, amma faydalı bir mətni, bir yaxşı müsahibəni tərcümə etmək lazım olduqda yoxa çıxırlar, yaxud aradan çıxmaq üçün otuz beş min bəhanə gətirirlər. Danışmağa, şikayətlənməyə nə qədər desən adam tapmaq olar. Lakin konkret balaca bir iş görmək lazım gəldikdə adam tapılmır. Bəzən rastıma çox yaxşı müsahibələr, məqalələr çıxır. Tərcümə etdirməyə bir adam tapa bilmirəm. Əsl "Müsəlman məclisi" ...Danışsınlar, elə edək, belə edək desinlər, işə gəldikdə isə hərə bir tərəfə dağılır. İş görmək həvəsində olan, öyrətmək və öyrənmək istəyən adamların sayı olduqca azdı. Bilikli adamlar var, amma bu bilikli adamlarılın faydalı iş əmsalı zəifdir. Bilik isə, paylaşdıqca qiymətə minir. Necə deyərlər torpağa səpilmiş peyin, sandıqda saxlanılan qızıldan qiymətlidi.

Müxtəlif ölkələrdə işləyən dost-tanışdan dəfələrlə xahiş etmişəm ki, yaşadıqları ölkənin ədəbiyyatı, ədəbi hadisələri, uğur, rəqabət qazanan nəşrləri, müəllifləri haqqında arada məqalələr yazsınlar. Yaxşı müsahibələri tərcümə etsinlər. Görək orda adamlar nə oxuyur, kimləri oxuyur, niyə oxuyur, nədən razı, nədən narazıdırlar. Veclərinə də almırlar. Düzdü heç kimin, heç kimə borcu yoxdu. Heç kimin yaxasından yapışıb demək olmaz ki, sən niyə faydalı işlərlə məşğul deyilsən. Lakin biz burda şikayətlənən və guya narahatlıq keçirən adamlardan danışmaqdayıq. Soruşsaq niyə tərcümələr etmirsiniz deyəcəklər ki, vaxtımız yoxdu. Belə deyənlər də olub. Vaxtmız yoxdu deyirlər, amma mənasız məsələlələri sosial şəbəkələrdə saatlarla müzakirə etməyə vaxt tapırlar.

Buna da bax: S. Baycan: 'Milli kahinləri tanıya bilmək üçün Boleslav Prusdan nə öyrənə bilərik?'

Daha açıq danışaq. Siz özünüz bu illər ərzində ədəbiyyatımız üçün faydalı ola biləcək nə qədər mətn tərcümə edə bilərdiniz. Vaxtınız yoxdur? İstəsəniz taparsınız. Deyə bilərsiniz mənim belə bir öhdəçiliyim yoxdur. Əlbəttə yoxdur. Amma ədəbi mühütin səviyyəsi sizi qane etmirsə, bundan narahatsınızsa, şikayətçisinizsə avtomatik olaraq üzərinizə bir öhdəçilik, məsuliyyət götürmüş olursunuz. Qaranlığa lənət yağdırmaqla bərabər arada cıqqılı bir şam da yandırmaq lazımdır.

Sizə həyat və fəaliyyətinizdə uğurlar arzulayıram.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG