Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:14

Natalie Goldberg: 'Əgər yazmağa mövzu yoxdursa nədən yazmalı?'


Yazıçı Natalie Goldberg.
Yazıçı Natalie Goldberg.

Natalie Goldberg

"Nə haqqında yazmalı?"

Oxu Zalı tanınmış amerika yazıçısı Natalie Goldbergin yazıçı üçün mövzu axtarışı haqda praktiki təcrübəsini təqdim edir.

Bəzən biz stol arxasında əyləşirik və nə yazacağımızı fikirləşə bilmirik. Ağ vərəq bizi qorxudur və on dəqiqə boyunca dəfələrlə "mən bilmirəm nə deyim", "mən bilmirəm nə deyim" yazmaq isə sadəcə darıxdırıcıdır. Belə vəziyyətdə köməyinizə nə vaxtsa ağlınıza gələn ideyaları, mövzuları yazdığınız dəftəriniz gələrdi. Bu deyək ki, haradasa eşitdiyiniz bir cümlə ola bilər. Məsələn, bir dəfə restoranda bir ofisiantdan digərinə şikayət etdim. O cavab verdi : "Bəli, bilirəm o bir az qəribədir. Amma nə vaxt kimsə, başqa ritm altında rəqs edirsə mən öz-özümə deyirəm, "qoy rəqs etsin" . Sizinçün yazı materialı hansısa qəfildən yada düşən xatirə ola bilər: babanızın taxma dişləri, keçən yay burdan uzaqlardan gələn yasəmən qoxusu, səkkiz yaşınızdaykən rəngli ayaqqabılarda özünüzü necə hiss etməyiniz... Bu hər şey ola bilər. Ağlınıza nəsə gələn kimi, hər dəfə siyahıya əlavə edin. Əyləşib nədən yazacağınızı bilmədikdə, sadəcə siyahıdan istənilən mövzunu seçəcək və işə başlayacaqsınız.

Belə siyahının tərtib edilməsi öz-özlüyündə faydalıdır. Onun sayəsində siz gündəlik həyatınızdan mətnləriniz üçün mövzuları görməyə başlayırsız, çünki onlar sizin həyat və onun canlı fakturası ilə münasibətlərinizdən yaranır. "Gübrənin" hazırlanma prosesi məhz belə başlanır. Beləliklə bədəniniz qazmağa və yığılmış materialı yenidən emal etməyə hazırdır. Hətta yazı masasının arxasında olmasanız belə, hansısa bir hissəniz qazır, "gübrə" ilə zənginləşdirir, günəşə çıxarır, bir sözlə fikirlərinizin coşğun, cavan meşəsini salır.

Buna da bax: Ayzek Azimov dayanmadan yaza bilmək üçün yazıçılara nə məsləhət görürdü...

Əgər yazmaq üçün masa arxasına əyləşəndə, ağlınıza startda çox dayanmağa imkan versəniz, o zaman fikirlərinizin hərəsi bir yana dağılışacaq və heç nə yaza bilməyəcəksiz. Siyahi bir də ona görə faydalıdır ki, o sizə yazı prosesini tez başlamağa və düşüncələrinizə yol açmağa yardımçı olur. Yazarkən özünüz təəccüblənəcəksiz ki,seçdiyiniz mövzu sizi haralara gətirib çıxarıb. Bu çox gözəldir. Mətnin yaranışına nəzarət etməyə çalışmamalısınız. Nəzərdə tutduğunuz yoldan kənara çıxmağa qorxmayın. Əsas odur ki, irəli hərəkət edin.

Nə qədər ki, şəxsi siyahınız yoxdur, sizə bir neçə ideya təklif edə bilərəm.

1. Pəncərənizdən düşən işıq haqqında danışın. Əyləşin və başlayın. Fərqi yoxdur bayırda gecə olması, pərdələrinizin qapalı olması, içəri işıq düşməməsi yaxud şimal şəfəqi haqqında yaza bilərsiniz, yetər ki yazın. On-on beş dəqiqə, və ya yarım saat ərzində dayanmayın.

2. "Mən xatırlayıram" sözlərindən başlayın. İstənilən xırda xatirələri yazın. Əgər üzə daha böyük bir şey çıxacaqsa, bu haqqda yazın. Sadəcə dayanmayın. Vacib deyil bu beş saniyə, və ya beş il əvvəl olub. O şeylər ki, indi baş vermir, onlar mətnin yaranma prosesində dirilən xatirələrinizdir. Əgər birdən ilişdinizsə, "mən xatırlayıram" sözünü təkrarlayın və yazmağa davam edin.

3. Müsbət və ya mənfi hissləriniz olan bir obyekti götürün və onun haqqında elə yazın ki, sanki onu sevirsiniz. Bacardığınız qədər davam edin, sonra səhifəni çevirin və bu dəfə onun haqqında nifrət edirmişsiniz kimi yazın. Sonda isə neytral olmağa cəhd edin.

4. Bir rəng seçin, məsələn çəhrayı, sonra on beş dəqiqəlik gəzintiyə çıxın. Yol boyu bütün çəhrayı rəngində olan şeylərə nəzər yetirin. Öz dəftərinizə qayıdın və on beş dəqiqə yazın.

5. Müxtəlif yerlərdə yazın: məsələn, çamaşırxanada paltaryuyan maşınların ritminə tabe olaraq, avtobus dayanacağında və ya kafedə...Ətrafınızda olan hamını və hər şeyi təsvir edin.

6. Səhərinizi təsvir edin. Yuxudan oyanmanızı, səhər yeməyi yeməyinizi, avtobusa minməyinizi. Bacardığınız qədər ətraflı yazın. Tələsməyin və səhərinizin bütün təfərrüatlarını yenidən yaşayın.

7. Çox sevdiyiniz bir məkanı təsəvvür edin, xəyalınızda ora gedin və ən xırda şeylərə belə nəzər yetirin. İndi bu haqda yazın. Bu sizin yataq otağınızın bir küncü, bütün yayı kölgəsində oturduğunuz köhnə ağac, "Makdonaldsdakı" qonşu masa, çay qırağındakı sərin bir yer və sairə ola bilər. Ordakı səslərdən, rənglərdən, qoxulardan danışın. Elə yazın ki, bunu oxuyan özünü asanlıqla orda hiss edə bilsin. O hiss etməlidir ki, siz o yeri necə çox sevirsiniz, amma o bunu sizin detallara incə münasibətinizin sayəsində duymalıdır.

8. Çıxıb getmək haqqında yazın. Bu mövzuya istədiyiniz tərəfdən yanaşa bilərsiniz. Boşanmanızla bağlı da yaza bilərsiniz, səhər evdən çıxıb getməyiniz barədə də, yaxın dostunuzun vəfatı haqqında da.

9. Həyatda ilk xatirəniz hansıdır?

10. Kimi sevirdiniz?

11. Şəhərinizin küçələri haqqında yazın.

12. Nənə və ya babanızı təsvir edin.

13. Daha sonra yazın:

üzgüçülük haqqında;

ulduzlar haqqında;

həyatınızın ən qorxunc anı haqqında;

yaşıl yerlər haqqında;

seks haqqında ilk dəfə necə öyrəndiniz?;

ilk seksual təcrübəniz haqqında;

özünüzü hər şeydən çox Tanrıya və təbiətə daha yaxın hiss etdiyiniz o an haqqında;

Buna da bax: Seymur Baycan: 'Yazıçı olmaq üçün əməl edilməli 16 qızıl qayda'

həyatınızı dəyişdirən kitablar haqqında;

dözüm və iradəniz haqqında;

müəllimləriniz haqqında...

Abstrakt olanlardan qaçın. Real şeylərdən yazın. Səmimi olun və mətni təfərrüatlarla doldurun.

14. Şeir toplusunu götürün. Düşünmədən hər hansı bir səhifəsini açın, istənilən sətri oxuyun, onu yazın və ondan təsirlənərək davam edin. Göndərmə nöqtəsi kimi, böyük sətir sizə "hündürlük yığmağa" kömək edəcək. Sesar Valexo yazırdı: "Parisdə öləcəyəm, yağışda..., Cümə axşamı öləcəyəm". Davam edin, "Bazar ertəsi, saat on birdə öləcəyəm", "cümə günü günorta saat üçdə, Cənubi Dakotada traktor sükanı arxasında, Bruklində çərəzlər mağazasında və s." Əgər dalana girsəniz, birinci sətri yenidən köçürün və başlayın. Birinci sətrin təkrarı sizə yeni təkan almağa və istiqamət götürməyə imkan verəcək. "Mən ölmək istəmirəm, nə Parisdə, nə Moskvada, nə Yanqstaunda Ohayada"...

15. Özünüzü daxilən hər hansı bir heyvana bənzədirsinizmi? Ola bilər, içinizdə inək, dələ, tülkü və ya at yaşayır?

Mətnlər üçün şəxsi material və mövzular yığmağa başlayın. Bu çox faydalı təcrübədir.

Tərcümə: İslam Qasım

Verilmiş parça Natalie Goldbergin "Maşını yeyən insan" kitabından götürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG