Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:02

Lars von Trier: "Tanıdığım qadınların hamısının qatillərdən ötrü ürəkləri gedir"


Rejissor Lars von Trier Kann kinofestivalında.

Hər yeni filmi ilə kinosevərləri heyrətləndirməyi bacaran danimarkalı rejissor Lars von Trier uzun fasilədən sonra “Cekin tikdiyi ev” adlı yeni filminin çəkilişlərinə start verib. Rejissor başlanğıcda onu serial kimi çəkməyi planlaşdırsa da, sonradan fikrini dəyişib və tammetrajlı filmə çevirib.

Bir müddət əvvəl Trier İsveçrənin yaxınlığında yerləşən Benqtsfor şəhərciyində “Cekin tikdiyi ev”lə bağlı mətbuat konfransı keçirib. Rejissorun jurnalistlərlə görüş üçün, məhz, bu şəhərciyi seçməsinin səbəbi filmdəki hadisələrin cərəyan etdiyi Vaşinqton ştatının burda qurulmasıdı.

Tədbirdə Trierlə bərabər baş rolların ifaçıları- Uma ThurmanMatt Dillon da iştirak edib.

Uma Thurman
Uma Thurman

“Cekin tikdiyi ev” filmi, qadınları öldürüb incəsənət obyektinə çevirən Cek adlı manyak-qatil haqqındadır. Filmdə hadisələr 70-ci illərin Amerikasında baş verir və qatilin həyatının 12 ilini əks etdirir. Qatil Ceki Matt Dillon, onun ilk qurbanı – “1№-li qadın”ı isə Uma Thurman canlandırır.

Buna da bax: Lars von Trierin qorxu və dəhşət dolu 11 şedevr filmi

Trier baş rolların ifaçılarını seçməyə uzun müddət sərf elədiyini deyir: “Biz ssenarini mənimlə işləmək istəyən bir çox aktyorlara göndərdik. Ancaq onların hamısı bir nəfər kimi bu layihədə iştirakdan imtina etdilər. Axırda bu ikisi (Matt Dillon və Uma Thurman) razılıq verdi. Mən onlardan əmin olub-olmadıqlarını soruşanda “Hə, əlbəttə” deyə cavab verdilər. Məncə, onların oxumağı bacarıb-bacarmadıqlarını yoxlamaq lazımdı”.

Rejissor jurnalistlərin yeni janrda necə işləyəcəyi barədə sualına cavab verərkən daha çox intuisiyasına güvənəcəyini söyləyir: “Mənim 61 yaşım var və “təsəvvür eləmirəm, neynəmək lazımdı” deməyə haqqım çatır. Çox güman ki, intuisiyama güvənəcəyəm. Mənimlə işləyən aktyorlar tamaşaçının, filmin sətiraltı mənasını anlamasına yardım edəcəklər”.

Lars von Trierin sözlərinə görə, manyak-qatil mövzusuna müraciət etməyinin səbəbi qatillər yox, qadınlardır: “Silsilə qətllər törədən şəxslər mənə maraqlı deyil. Məsələ qadınlardır. Münasibətdə olduğum qadınların hamısının qatillərdən ötrü ürəkləri gedirdi. Bəlkə də problem məndədi. Mənə elə gəlir ki, filmə baxsınlar deyə adamları yoldan çıxara bilərəm. Manyaklara həsr olunmuş saysız-hesabsız kitablar, verilişlər var, amma yenə də bu mövzuya müraciət elədim. Bu ssenarini yazmaq çox əyləncəli idi, hərçənd başa düşürəm ki, bu mövzuda çəkilmiş digər filmlərdən köklü surətdə fərqlənən bir şey yarada bilməyəcəyəm”.

Trier qətl prosesi ilə incəsənət əsəri üzərində iş arasında ortaq cəhətlər olduğunu düşünür: “hər iki halda sinik olmalısınız”.

Ekssentrik rejissor, yeni filminin nağıl olduğunu iddia edənlərlə razılaşmır və nağıllara nifrət elədiyini söyləyir: “Uşaq vaxtı mənə Andersenin nağıllarını oxuyurdular. Heç xoşuma gəlmirdi, nağıl kitablarını tullayırdım”.

Mətbuat konfransında aktyorlar da jurnalistlərin suallarını cavablandırıblar.

Aktrisa Uma Thurman “Nimfoman” filmində oynadığı epizodik roldan sonra Trierin yeni layihəsində işləməyə heç fikirləşmədən razılıq verdiyini bildirir. Çünki aktrisa “Nimfoman” filmində Lars von Trierlə birlikdə işləməkdən böyük zövq alıbmış.

Buna da bax: Lars von Trier, Şərif Ağayar və insanın içindəki köpək

“Baxmayaraq ki, hərdən mənə görə deyinirdi, onu o qədər də məyus eləmədim. “Nimfoman” filmində mənə yaddaqalan bir rol vermişdi. Odur ki, bu dəfə necə rol təklif edəcəyi çox maraqlıydı. Ssenarini oxuyan kimi qərarımı verdim”, - söyləyən aktrisa, Trierin aktyorlar üçün əla rejissor olduğunu əlavə edir.

Lars von Trier Danimarkada film çəkilişləri zamanı.
Lars von Trier Danimarkada film çəkilişləri zamanı.

Jurnalistlər Uma Thurmandan yeni qəhrəmanı ilə Tarantinonun “Billi öldürmək” filmində oynadığı Gəlin personajı arasında bənzərlik olub-olmadığını da soruşublar. Aktrisa yeni qəhrəmanının Gəlinə bənzəmədiyini, manyak-qatilin qurbanı olduğunu və sağ qalmadığını söyləyib: “Mən qəhrəmanlarımı, filmin axırında sağ qalıb-qalmayacaqlarına baxıb seçmirəm. Adətən, birgə işləməyə hazırlaşdığım insanlara baxıram. İnanın, “Billi öldürmək” filminin ssenarisi dəhşətli idi: onu müxtəlif variantlarda çəkmək olardı. Əgər onun rejissoru başqa biri olsaydı, film kökündən dəyişərdi. Hərdən rejissorun yaradıcı ideyasına güvənmək, onu mənimsəmək lazımdı. Bunu bacarmasanız, film heç vaxt lazım olduğu kimi alınmayacaq. Mən rejissorları müqayisə eləməyi sevmirəm, Larsla Kventin tamamilə fərqlidilər. Hətta onların arasında ortaq heç nə yoxdu, təbii ki, inadkarlıqlarını çıxmaq şərtilə”.

Matt Dillon üçünsə “Cekin tikdiyi ev” filmi Lars von Trierlə ilk təcrübə olacaq. Trierin bütün filmlərini unikal hesab eləyən Dillon, birgə işləməyə başlamaqlarından çox az vaxt keçsə də, böyük həzz aldığını deyir. Rejissor, filmlərinə görə yalnız özünün məsuliyyət daşıdığına onu inandırıb. Dillon, əvvəllər Trierin filmlərində çəkilmiş aktyorlarla ünsiyyətdə olduğunu, onların peşəkarlığına heyran qaldığını bildirir. Hərçənd M.Dillonun sözlərinə görə, onlar çəkiliş meydançasında qan-tərə batırlar, ancaq montajdan sonra filmi görəndə gözlərinə inanmırlar və dəhşətə gəlirlər: “belə hallar tez-tez olur, amma düşünürəm ki, Larsın filmində çəkiləndə rejissora etibar eləyə bilərəm”.

Buna da bax: Lars von Trier-in 11 yaşında çəkdiyi cizgi filmi - Video

Dillon da rejissor kimi süjetin təfərrüatlarına varmasa da, “Cekin tikdiyi ev” filminin həddindən artıq qaramat olduğunu qeyd edir: “Təəssüf ki, silsilə qətllər törədən şəxslər bizimlə eyni dünyada yaşayırlar. Bu, yaradıcı nöqteyi-nəzərdən araşdırmaq üçün son dərəcə maraqlı predmetdi. Ssenaridə poetiklik var, o, soyuq təsir bağışlamır. Biz rejissorla bu mövzunu müzakirə eləmişik. Manyak qatillər, adətən, bizim onları təsəvvür etdiyimizdən fərqli olurlar. Onlardan bəzilərinə baxsanız, qəribə göründüklərini, təlxəyə bənzədiklərini, ancaq qorxunc təsir bağışlamadıqlarını anlayarsınız. Mənim maraqlı bir personajı oynamaq və araşdırmaq imkanım var. Biz aktyorlar da, məhz, belə bir şey axtarırıq”.

Filmdə Verj adlı daha bir parlaq və sirli personaj var. Bu rolu isveçrəli məşhur aktyor Bruno Hans oynayır. Amma nə Trier, nə də Dillon Verjlə Cekin münasibətlərinə şərh vermək istəmirlər. Dillon sadəcə Verjin ifaçısı Bruno Hansın ən sevimli aktyorlarından biri olduğunu deyir. Trier isə “Məyər, o, Hitleri oynamayıb?” deyərək artıq bir dəfə başına bəla olmuş replikalarından birini təkrarlayır.

Müəlliflər, “Cekin tikdiyi ev” filminin çəkilişlərini may ayında bitirməyi planlaşdırırlar. Filmin ilk premyerasının gələn il Kann festivalında baş tutacağı gözlənilir. Trier, festivalın təmsilçiləri ilə görüşdüyünü və Kanna qayıtmaq istədiyini bildirib.

Danımarkalı rejissorun yeni filminin büdcəsi 8,7 milyon avrodu. Çəkilişlər İsveçrə və Danimarkada aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG