Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 16:45

Lars von Trierin qorxu və dəhşət dolu 11 şedevr filmi


Lars von Trierin "Antixrist" filmindən bir kadr.

Dekabr ayında sosial mediada danimarkalı ekssentrik rejissor Lars von Trierin “Cekin tikdiyi ev” adlı yeni filminin posteri yayımlanıb. Premyerası 2018-ci ilə nəzərdə tutulmuş film qatil Cekin həyatının 12 ilindən bəhs edir. Cek törətdiyi hər cinayətə incəsənət əsəri kimi baxır, hətta artıq ələ keçmək üzrə olanda ən vacib şedevrini yarada bilmək üçün riskə getməkdən də çəkinmir.

Trier başlanğıcda “Cekin tikdiyi ev”i serial kimi çəkməyi planlaşdırsa da, sonradan fikrini dəyişib və tammetrajlı filmə çevirib.

Filmin süjeti göstərir ki, Trier yenə öz ampluasında olacaq. O, yenə tamaşaçılarını soyuqqanlı psixoloji manevrləri ilə qorxutmağı planlaşdırır. Yenə, çünki Lars von Trier, təxminən, 30 ilə yaxındır ki, tammetrajlı filmlər çəkir və hər filmində dəliliyin dərəcəsini bir az da artırır. Rejissor qəhrəmanlarını da, onlarla birlikdə pərəstişkarlarını da mürəkkəb psixoloji durumlarla üz-üzə qoymağı, əsəbləri sonuna qədər tarıma çəkməyi, eyni zamanda düşündürməyi çox sevir.

Oxu zalı danimarkalı rejissorun müxtəlif psixoloji problemlər üzərində qurulan, paralel olaraq onları araşdıran 11 filmini təqdim edir.

“Cinayət elementi”

1984; kriminal triller

"Cinayət elementi" filminin treyleri.

Əsas qəhrəman müstəntiq Fişer psixoloji müalicə alır. İdarədə isə gənc lotereya satıcılarını qətlə yetirən manyakın işini araşdırır.

Maraqlı orasıdır ki, uzun illər əvvəl də belə bir hadisə olub və həmin cinayətləritərödən şəxs artıq dünyada yoxdur. Hərçənd.. Bəlkə bütün baş verənlər Fişerin təxəyyülünün məhsuludu?...

Mütəxəssislər daha yaxşı bilərlər, amma bu filmdən şizofreniya qoxusu gəlir.

Buna da bax: Lars fon Trier, Şərif Ağayar və insanın içindəki köpək

“Epidemiya”

1987; qorxu filmi

"Epidemiya" filminin posteri.
"Epidemiya" filminin posteri.

Lars və Nils “Polis və fahişə” adlı ssenarini yazmağa düz iki il sərf eləyirlər. Lakin kompyuterə düşən virus onu bir göz qırpımında silir. Dostlar ssenarini yenidən yazmağa çalışırlar, amma onun nədən bəhs elədiyin xatırlaya bilmirlər. Onda bütün Avropanı bürümüş sirli virus haqqında yeni ssenari yazmaq qərarına gəlirlər. Onların ssenarini yazdıqları müddətdə Avropada, həqiqətən, epidemiya başlayır.

Bu film sanki Kotar sindromundan “ilhamlanıb”. Bu sindroma tutulan adamlar özlərini bəşəriyyətin ən dəhşətli bəlalarında təqsirkar hesab eləyirlər.

“Medeya”

1988; dram

Lars Von Trierin "Medeya" filminin treyleri.

Kolxid hökmdarı Eetanın qızı, cadugər Medeya arqonavt Yasona aşiq olur. Yalnız onun köməyi sayəsində Yason hiyləgər hökmdarın tapşırığını yerinə yetirə bilir və qızıl qoyun dərisini ələ keçirir. Medeya ilə Yason ölkədən qaçırlar. Ancaq bir müddət sonra Yason ona xəyanət eləyir. Qəzəblənən Medeya ərindən qısas almaq üçün əvvəlcə onun təzə sevgilisini, sonra da doğma övladlarını öldürür.

Vaxtilə dahi italyan rejissoru Pasolini də Evripidin əbədiləşdirdiyi bu əsatir əsasında film çəkib.

Trierin versiyasında da əsatir dəqiqliklə ekranlaşdırılıb. Baxmayaraq ki, Medeyanın elədiyi pisliklərin çox hissəsi Trierin filmində yoxdu, amma film qəddar səhnələrlə doludu.

Bu filmdə qəhrəmanın maniakal depressiv psixozdan əziyyət çəkdiyini ehtimal eləmək olar. Bir də filmdə Medeya kompleksindən (qadınların öz uşaqlarına əzab vermək istəyi) istifadə edilib.

Buna da bax: Lars von Trier-in 11 yaşında çəkdiyi cizgi filmi - Video

“Avropa”

1991; dram

"Avropa" filminin posteri.
"Avropa" filminin posteri.

1945-ci ildə gənc alman Leopold, müharibədən sonra ağır günlər yaşayan tarixi vətəninə yardım etmək məqsədilə Amerikadan Fransaya gəlir. Qəhrəman dəmiryolu şirkətinə işə düzəlir və şirkət sahibinin qızı ilə evlənir. Ancaq məlum olur ki, qadın əslində terror törətmək istəyir, Leopolda ərə getməkdə məqsədi də bu işdə ondan istifadə eləməkdir.

Bu filmdə Trier Amerikaya qarşı nifrətini ilk dəfə açıq şəkildə büruzə verib. Özü də elə radikal formada ki, film əməlli-başlı qorxudur.

“Dalğaları yararkən”

1996; dram

Lars von Trierin "Dalğaları yararkən" filminin treyleri.

Film sadə kənd qızı Bessin dənizdə neft buruğunda işləyən Yanla evləndiyi səhnə ilə başlayır. Onların birgə həyatı çox xoşbəxt keçir. Ancaq bir gün bədbəxtlik baş verir, Yan buruqda qəza keçirir və yataq xəstəsinə çevrilir. Həkimlər onun heç vaxt ayağa qalxmayacağını deyirlər. Yan sevimli arvadını cinsi həyatın gözəlliklərindən mərhum eləməməkdən ötrü ondan başqa kişilərlə görüşməyi tələb edir. Ərinin tələbini yerinə yetirən Bess hər görüşü barədə ona danışmalıdır. Tezliklə kənd əhli də gənc qadının “macəralarından” xəbər tutur və o, hər kəsin nifrət obyektinə çevrilir.

“Dalğaları yararkən” filmi əsl sevgi haqqında ən gözəl ekran əsərlərindən biri olsa da, həm də son dərəcə ağrılı seksual təcrübələrlə də zəngindir.

“Səfehlər”

1998; komediya

"Səfehlər" filminin treyleri.

Film böyük bir evdə kommuna halında yaşayan gənclərdən bəhs edir. Onların ən sevimli məşğuliyyəti cəmiyyət içində səfeh-səfeh hərəkətlər etməkdir.

Başlanğıcda sadəcə əcaib əyləncə xarakteri daşıyan bu məşğuliyyət tezliklə gənclərin həyat konsepsiyasına, natamam dünyaya meydan oxumağa çevrilir. Və təbii ki, axırı yaxşı qutarmır.

Deyilənə görə, çəkilişlər zamanı aktyorları kamera qarşısında soyunmağa, sonra da qrup seksi ilə məşğul olmağa məcbur eləyən Triyer onları cəsatərləndirməkdən ötrü birinci özü soyunub. Ancaq burda vacib olan başqa detaldır, daha doğrusu, müəllifin filmdən filmə artan asosiallığı və özünü dünyaya qarşı qoyması.

Buna da bax: Bahalı filmlərin qənimi

“Qaranlıqda rəqs edən”

2000, musiqili dram

Lars von Trierin "Qaranlıqda rəqs edənlər" filminin posteri.
Lars von Trierin "Qaranlıqda rəqs edənlər" filminin posteri.

Filmin qəhrəmanı Selma ABŞ-da yaşayan çex mühaciridi. O, gözlərinin işığını itirmək, tamamilə kor olmaq üzrədir. Amerikaya da balaca oğlunu əməliyyat yolu ilə bu genetik xəstəlikdən xilas eləməkdən ötrü gəlib və bahalı əməliyyatın pulunu toplamaq üçün zavodda işləyir. Ancaq bir gün Selmanın mehriban qonşusu, polis Bill həmin pullara sahib olmaq istəyir. Aralarında yaranan qarşıdurma zamanı Selma təsadüfən Billi öldürür.

“Qaranlıqda rəqs edən” filmi həm fiziki, həm də mənəvi baxımdan son dərəcə ağır filmdir, onu sona qədər izləmək tamaşaçıdan böyük cəsarət tələb edir. Hərçənd rejissor bu filmin konyuktura olduğunu gizlətmir. O, sadəcə elə bir film çəkmək istəyirmiş ki, baxan hər kəs ağlasın və Kannda ona mükafat versinlər. Məqsədinə də çatıb. Yeri gəlmişkən, Selma rolunun ifaçısı, müğənnı Björk bu filmdən sonra bir də kinoya çəkilməyəcəyinə söz verib.

“Doqvill”

2003; triller

Lars von Trierin "Dogvill" filmindən bir səhnə.
Lars von Trierin "Dogvill" filmindən bir səhnə.

ABŞ, 1930-cu illər. Qanqsterlərdən xilas olmağa çalışan gənc Qreys Doqvill adlı şəhərcikdə gizlənməyə çalışır. Yerli əhali kiçik xidmətləri müqabilində onu gizlətməyə razılıq verirlər. Qreys Doqvildə qalır. Bunun üçün xilaskarlarının ondan istədikləri hər şeyi yerinə yetirir. Qreysin mütiliyi şəhərciyin sakinlərini azğınlaşdırır və sonda qızı boynu zəncirli qula çevirirlər.

Bu filmdə bəşəriyyətə, yoxsa Amerikaya nifrət daha çox olduğunu demək çətindir. Hər halda Trier ekranı elə nəhəng bir qəzəblə doldurub ki, filmdə çəkilən bir çox aktyorlar bir daha onunla işləməyəcəklərini deyiblər.

“Ən birinci boss”

2006; komediya

Lars von Trierin "Ən birinci boss" filminin treyleri.

Kompyüter proqramı hazırlayan şirkətlərdən birinin rəhbəri insanlara pis xəbərlər verməyi xoşlamır. Buna görə də əslində mövcud olmayan bir ortaq uydurur və uzun illər pis xəbərləri onun adından göndərir.

Günlərin bir günü qəhrəman firmanı satmaq qərarına gəlir və bu zaman ondan ortağının da alış-veriş əməliyyatında iştirak etməsini istəyirlər. Qəhrəman bu rolu oynamaq üçün aktyor tutmalı olur.

“Ən birinci boss” Trierin, belə demək mümkünsə, ən məsum filmlərindən biri və yeganəsidir. Bu filmdən sonra çəkdiyi “Antixrist”də rejissor “özünə qayıdıb”.

Buna da bax: Rejissoru Kann festivalından qovdular

“Antixrist”

2009; dram

Lars von Trierin Antichrist filminin posteri.
Lars von Trierin Antichrist filminin posteri.

Evli cütlük ehtiraslı sekslə məşğul olduğu vaxt balaca oğulları Nik beşikdən düşüb pəncərəyə dırmanır və qarlı boşluğa yıxılır.

Oğlunun ölümündə özünü günahkar hesab eləyən qadın uzun müddət psixoloji mülaicə alır. Lakin xəstəxanada müalicənin təsiri olmadığını görən kişi həyat yoldaşını özü müalicə eləmək qərarına gəlir və Edemə- meşəlik məkanda yerləşən evlərinə aparır. Ətraf aləmdən, insanlardan uzaq, öz ağrıları, kompleksləri ilə üz-üzə qalan cütlüyün münasibətləri get-gedə kəskinləşir. Sözlü ittihamlar formasında başlayan gərginlik, tədricən, bir-birinə fiziki zərər vurmaq həddinə çatır.

Lars von Trier “Antixrist”in ssenarisini depressiyadan əziyyət çəkdiyi vaxt yazmağa başlayıb, hətta filmi çəkməyə də hazrlaşıb, ancaq psixoloji vəziyyəti buna imkan verməyib. Rejissor, filmin depressiyadan sonra yazılan variantında qorxu filmləri, teologiya üzrə mütəxəssislərin məsləhətlərindən, simvolizmin, xristianlığın elementlərindən genişistifadə edib.

“Melanxoliya”

2011; dram, fantastika

Lars fon Trierin ''Melanxoliya'' filminin posteri.
Lars fon Trierin ''Melanxoliya'' filminin posteri.

Film gənc Jüstinin toy mərasimi ilə başlayır. Başda həyəcanlı kimi görünən Jüstin ged-gedə həm qonaqlara, həm də mərasimə qarşı laqeydlik nümayiş etdirir. Filmin ikinci hissəsinin qəhrəmanı Jüstinin bacısı Klerdir. O, depressiyaya düşmüş kiçik bacısının, paralel olaraq ailəsinin qayğısına qalmalıdır. Klerin astronomiya ilə maraqlanan əri, “Melanxoliya” adlı naməlum planetin yerə yaxınlaşdığını və tezliklə yox olacaqlarını xəbər verir. Bacılar labüd ölümə hazırlaşırlar.

“Melanxoliya”nın ideyası rejissorun ağlına depressiyadan müalicə aldığı vaxtlarda, psixoterapiya seanslarından birində gəlib. Həkim, Trierə depressiyaya meylli insanların gərgin vəziyyətlərdə başqalarından daha sakit reaksiya verməyə çalışdıqlarını deyib. Trier də “Melanxoliya” filmində bu ideyanı inkişaf etdirib – dəhşətli hadisələrə məruz qalan insanın psixikasını araşdırmaq məqsədilə. Yeri gəlmişkən, Jüstin obrazının bir çox cəhətlərini rejissor özündən köçürüb. Qəhrəmanın adı isə markiz de Sadın “Jüstin” romanından götürülüb. Trier uzun müddətdir ki, bu romanı ekranlaşdırmaq arzusu ilə yaşayır.

P.S. “Nimfoman” filmini qəsdən “unutmuşuq”, çünki o, rejissorun özünə və tamaşaçılarına porodiyasıdır və bu silsiləyə daxil deyil. Hərçənd qəhrəmanın psixoloji durumunu, seksual meyllərini, yaşadıqlarını nəzərə alsaq, onun daTirerin digər qəhrəmanlarında geri qalmadığını deyə bilərik.

Günün bütün mövzuları

XS
SM
MD
LG