Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:24

Hüquq müdafiəçisi: 'Siyəzəndə həbs olunanlar siyasi məhbusdur'


Oktay Gülalıyev

“Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına sadəcə etiraz edən bir qrupa 4 ildən 6 ilə kimi həbs cəzası verilməsi növbəti ədalətsizlikdir. Bu Konstitusiyanın, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin növbəti dəfə pozulması deməkdir”.

2016-cı ilin yanvarında Siyəzəndə sosial tələblərlə etiraz aksiyası keçirənlərə həbs cəzasının verilməsini AzadlıqRadiosu-na dəyərləndirərkən hüquq müdafiəçisi Oktay Gülalıyev belə deyib. Hüquq müdafiəçisi hesab edir ki, bahalanmanın tüğyan etdiyi, monopoliyanın dərinləşdiyi bir ərəfədə hakimiyyət vətəndaşların onun idarəçiliyinə etiraz etməsini istəmir.

Buna da bax:​ Siyəzəndə qiymət artımına etiraz edənlərə hökm oxunub

“Narazılığın genişlənməsini önləməkdən ötrü repressiyalara, zorakılığa, qanunsuz həbslərə əl atırlar. Siyəzəndə sosial tələblərlə aksiya keçirən vətəndaşların həbs olunması pislənilməlidir. Bu hökm ədalətsiz və absurd, eyni zamanda siyasi sifarişdir”, deyən hüquq müdafiəçisi etiraza görə həbs edilənlərin potensial siyasi məhbus olduğunu vurğulayıb.

“Onların həbsində siyasi motivlər var. Həm də onların həbsi Avropa Şurasının 2012-ci il oktyabrın 3-də qəbul etdiyi siyasi məhbus kriteriyaları ilə üst-üstə düşür. Onları potensial siyasi məhbus hesab edirəm”.

Hüquq müdafiəçisi deyib ki, həmin şəxslər 1 ildir həbsdədir, hökumət onların müdafiəsinə imkan verməyib:

Buna da bax: Siyəzənə polis nəzarət edir

“Həmin şəxslər həbs olunan ilk gündən biz onları müdafiə etməyə çalışmışıq. Sadəcə, istintaq qurumları onların özlərini və yaxınlarını aldadaraq bildirirdi ki, məsələni ictimailəşdirməyin, başqalarını bu işə qatmayın, guya, hər şey yaxşı olacaq. Amma sonda aydın oldu ki, məhbusların özləri də, onların ailələri də aldadılıb”.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyillər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Ölkədə hüquq müdafiəçilərin siyasi məhbuslarla bağlı siyahisinda təqribən 150-ə qədər şəxsin adı yer alır.

Buna da bax:​ Siyəzən sakini: “Dolanışıq, çörək yoxdur”

XATIRLATMA

2016-cı il yanvarın 12-si və 13-də Siyəzəndə unun, digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyalarda çoxsaylı sakin saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Buna da bax:​ Milli Şura mitinq qərarı verdi

Həmin məlumatda fakt üzrə Cinayət Məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya ziyan vurma), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi açıldığı bildirilirdi.

Quba rayon Məhkəməsi martın 29-da aksiyadan sonra həbs edilən 11 nəfərə hökm çıxarıb. Məhkəmənin hökmü ilə həmin şəxslərin 4 ildən 6 ilə kimi azadlıqdan məhrum edildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG