Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:08

"Əgər ziyalı nadanlıqdan qorxub qaçarsa" - Human teatrının ilk tamaşası haqda


Scene from spectacle "Thirth" on Human theatre.
Scene from spectacle "Thirth" on Human theatre.

"Əgər ziyalı nadanlıqdan qorxub qaçarsa" - Human teatrının ilk tamaşası haqda

Deyəsən, mütərəqqi teatr xadimlərinin, teatrşünasların neçə illərdi, uğrunda mübarizə apardıqları, gözlədikləri proses başlayıb. Azərbaycanda bir-birinin ardınca müstəqil teatrlar açılır. Əvvəlcə, “ODA-ADO” və onun ardınca gələn “M”, “ƏSA”. Indi də “Human”… Bu teatrların, hələ ki, ayrıca binaları, məşq edib dekorasiyalar, tamaşanın tələb etdiyi şəkildə işıq tərtibatı qura biləcəkləri səhnələri yoxdu, amma əvəzində böyük tamaşaçı marağı, diqqəti və dəstəyi var. Çünki onlar eyni pyeslərdən, müəlliflərdən, kiflənmiş ənənəvi quruluşlardan və mövzulardan bezmiş tamaşaçıya alternativləri göstərir, göstərməyə çalışır.

Elə martın 29-da yeni fəaliyyətə başlamış "Human” müstəqil teatrının ilk tamaşasının “Xəzər” universitetinin ikinci korpusunda dolu zalda nümayişi də bunun sübutudur.

Buna da bax: Azərbaycanda yeni yaranmış müstəqil teatr "Human"ın məramı insanlıqdır

"Human" teatrının yaradıcısı aktyor Pərviz Məmmədrzayev.
"Human" teatrının yaradıcısı aktyor Pərviz Məmmədrzayev.

Keçmiş pantomimçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, teatr və kino aktyoru, əməkdar artist Pərviz Məmmədrzayevin rəhbərliyi ilə yaranmış "Human" teatrı humanist ideyaların təbliğini qarşısına məqsəd qoyub.

Teatrın təsisçilərinin sözləri ilə desək, “Human” - müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunmasına, onun fiziki və mənəvi təcavüzə məruz qalmasına, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır.

Polşalı dramaturq Slavomir Mrojekin “Karol” pyesi əsasında hazırlanmış “Üçüncü” tamaşası da teatrın bu istiqamətdə atdığı ilk addım idi.

Üç personajdan – baba, nəvə və göz həkimi - ibarət olan pyesdə hadisələr göz həkiminin kabinetində baş verir. Baba və nəvə Karol adlı bir adamı öldürmək istəyirlər. Onu tanıya bilmək üçün babanın eynəyə ehtiyacı var. Həkim əvvəlcə onları bu fikirlərindən daşındırmağa çalışsa da, sonda özü ölüm təhlükəsi qarşısında qalanda yanına gələn, tanımadığı başqa bir insanı qurban verir və canını qurtarır.

Buna da bax: Fransız aktrisa yenidən ADO-nun heyətində və teatr altıncı dəfə yeni ünvanda

"Üçüncü" tamaşasının afişası.
"Üçüncü" tamaşasının afişası.

“Üçüncü” tamaşası göz həkiminin (Elgün Həmidov) kitab oxuduğu səhnə ilə başlayır. Qəflətən içəri girən nəvə (Ziya ağa) və əlindəki tüfəngi kor-koranə tuşlayıb hər an atəş açmağa hazır olan baba (Şamil İbrahimov; o həm də “Human” teatrının direktorudur) təcili eynək tələb edirlər. Eynək onlara Karol adlı bir nəfəri öldürmək üçün lazımdır. Söhbət əsnasında məlum olur ki, bu ikili Karolu tanımır, onun kim olduğunu bilmir, niyyətləri də motivsizdir. Həkim, kitablardan oxuduğu cümlələrlə onları niyyətlərindən vaz keçirməyə cəhd edir. Ancaq baba istədiyi eynəyi alandan sonra həkimin, axtardıqları Karol olduğunu deyir. Bundan sonra həkim artıq yalnız canını qurtarmaq haqqında fikirləşir və əsl Karolun bir azdan müayinəyə gələcəyini söyləyir. Baba qapını döyən ilk adamı güllələyir. Kabinetini tərk edərkən nəvə telefon nömrəsini həkimə verir, hələ başqa Karolların da olduğunu və əgər həkimin yanına gələrlərsə, onlara xəbər verməsini tapşırır. Bir neçə dəqiqədən sonra tək qalan həkim nəvəyə zəng edərək Karolun sabah yanına gələcəyini deyir və tamaşanın əvvəlində yarımçıq qoyduğu kitabını götürüb oxumağa davam edir.

Tragikomediya janrında olan “Üçüncü” tamaşası, "ziyalı, nadanlığın qarşısından qorxub qaçanda cəmiyyətin faciəsi başlayır" ideyası üzərində qurulub.

Əslində burda “ziyalı” sözü o qədər də yerinə düşmür. Necə deyərlər, hər oxuyan Molla Pənah olmur. Elə tamaşanı aktual eləyən də budur. Göz həkimi çoxlu kitab oxuyub, masasının üstündə kitablar var və o, ümumiyyətlə, oxuyub-yazmağı bacarmayan babanı, cahil nəvəni qətl fikrindən daşındırmağa çalışanda kitab cümlələri ilə danışır, çoxlu sitatlar gətirir. Tamaşaçı həkimin o sitatları anidən xatırladığını, onun özü üçün heç bir əhəmiyyət daşımadığını, idrakdan keçmədiyini hiss eləyir. Buna görə həkim qarşısındakılara mane ola bilmir, çünki söylədikləri içindən gəlmir. Yəni çoxlu kitab oxumaq, elmli olmaq hələ ziyalı olmağa dəlalət eləmir. İdrakın süzgəcindən keçməyən bilgi, elm faydasızdır, adi statistikadır. Buna görə də həkim başqa insanın ölümünü ani tərəddüddən sonra rahat qəbul edir, cəsədi müayinə eləyib “onsuz da gözlərində ağır xəstəlik vardı, tezliklə kor qalıb, hardansa yıxılıb öləcəkdi” deyərək özünə bəraət qazandırır. Onun, saxta bir ideologiya naminə tanımadıqları, heç vaxt qarşılaşmadıqları insanı öldürmək istəyən baba və nəvədən heç bir fərqi yoxdur. Əksinə, onlar həkimdən bir pillə üstündürlər, çünki bəraətləri realdı – kitabdan xəbərsiz cahil nadandılar.

Buna da bax: Gürcüstanda Azərbaycan teatrının aktyoru: "Toz-torpağın içində məşq edirik"

"Human" teatrının "Üçüncü" tamaşasının traileri.

Tamaşanın qüsurları da vardı və yəqin ki, onlardan ən ciddisi sözün, mətnin hərəkətdən önə çıxması idi. Teatr da vizual sənətdir, söz sadəcə müəlliflərin mesajını çatdırmaqdan ötrü vasitədi, quruluşdan, mizanlardan sonra gəlir, tamaşanın üst qatıdır, dominant olmamalıdı. “Üçüncü”də isə səhnənin hakimi-mütləqi söz idi. Mətn mizanlara yox, mizanlar mətnə tabe olunmuşdu. Ki, bu da cəmi bir saat çəkən tamaşanı yorucu etmişdi. Hətta aktyorların bəzən həddini aşan dinamikliyi, jestikulyasiyaları da çarəsiz qalırdı bunun qarşısında.

Ancaq bu gün ziyalı statusuna iddialı olanların bir mənzil, fəxri ad, prezident təqaüdü xətrinə cəmiyyətdə baş verən ədalətsizliklərə, haqsızlıqlara göz yumduqları, tənqidi yox, mədhiyyəni seçdikləri Azərbaycanda “Üçüncü” kimi tamaşalara o qədər ehtiyac var ki, qüsurları bağışlamaq olar. Həm də bu, “Human”ın ilk tamaşasıdı, axı...

Aygün Aslanlı

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG