Fransa məhkəməsi tanınmış terrorçulardan sayılan “Karlos Şakal” ləqəbli İliç Ramires Sancesi (Ilyich Ramírez Sanchez) növbəti dəfə ömürlük həbs cəzasına məhkum edib.
Reuters agentliyinin məlumatına görə, əslən Venesueladan olan Sançes 1974-cü ildə Parisdə aptekin partladılmasına görə 3-cü müddətə ömürlük azadlıqdan məhrum edilib. Həmin partlayışda 2 nəfər ölmüş, 34 nəfər yaralanmışdı.
“Karlos Şakal” 1994-cü ildə Sudanda saxlanaraq Fransaya təhvil verilib.
O, 2011-ci ildə Fransa ərazisindəki 4 partlayışa görə ömürlük həbsə məhkum edilib. Həmin terror aktlarında 11 nəfər ölmüş,100-dən çox adam yaralanmışdı.
67 yaşlı Karlos Şakal artıq onda 1975-ci ildə Fransa məxvi xidmətinin iki agenti və polis informatorunun ölümünə görə ömürlük həbs cəzası çəkirdi. Bu hökm ona 1997-ci ildə çıxarılıb.
1981-ci ildə Azadlıq Radiosunun Münhendəki binasındakı partlayışı da Karlos Şakalın təşkil etdiyi güman olunurdu. Həmin partlayışda 5 nəfər yaralanmışdı.