Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:03

"- Nə paltaryuyan maşın? - sualı kişi verdi. Bu cümlənin ardınca bütün baxışların ona zilləndiyini görən Nisə özünü itirdi.
- Paltaryuyan maşın, deyirəm. Bircə paltaryuyan alsan, hər işi görərəm, deyirəm".

Ülviyyə Tahir

Paltaryuyan maşın (hekayə)

Yazıçı Ülviyyə Tahir.

Yazıçı Ülviyyə Tahir.

- Yenə o zibilə tamaşa edirsən? - Qulağının dibində qəfil tapança kimi açılan səsdən özününecə itirdisə, mil kimi ayağa durdu.

- Yox, yox, baxmırdım, iki dəqiqəlik gəlmişdim, su içib gedəcəəəkdimmm - dili dolaşa-dolaşa özünü təmizə çıxarmağa çalışdı.

- Havayıyeyən, özün az idin, küçüyünü gətirdin. Rədd ol, gözüm görməsin səni. - Atası üstünə qolaylananda əyilib onun qoltuğunun altından sivişərək qapıya doğru, sıçraya bildi. Elə oradan da həyətə - istixanalar olan yerə qaçdı. Qardaşının gözünə görünmədən peyin doldurulmuş vedrələrə doğru getdi. Atası onun ardınca eyvana çıxıb:

- Ay Daşı,- istixananın yanında gübrə qarışdıran oğluna səsləndi, - o havayıyeyəni gözdən qoyma. Ağzınıza-burnunuza yaraşırdı elə bu paltaryuyan. O zəhirmar bu evə gələndən bu dəli özündə deyil, -donquldanaraq siqaret yandırdı.

Nisə atasının donquldamağına fikir vermədən peyin dolu vedrələri içəri boşaldıb yenidən tövlə tərəfə yollandı. Tövlənin qabağında ucalan, az qala qapısına gedən yolu bağlayacaq qədər hündür olan peyin qalağının yumşaq yerindən vedrələri doldurmağa başladı. Kürəklə güc verib qalağı dağıtdıqca əlinin codlaşmış dərisi çatlayır, arasından qan sızırdı. O isə buna əhəmiyyət vermədən işinə davam edirdi. Fikrində yenə paltaryuyan dolanırdı. Onun müəyyən ritmlə fırlanması və suyun eyni bir ahənglə çırpınması. Nisəyə zövq verirdi. Bir həftə idi ki, evə alınan paltaryuyan maşın onun gələcəyə baxan ümidinə çevrilmişdi. Nəhayət, vedrələr doldu. Elə götürüb aralanmaq istəyirdi ki, peyin qalağı gurultu ilə onun üstünə çökdü. Özü sıçrayıb kənara çəkilə bilsə də, vedrələr qalağın altında qalmışdı. Alt dodağını dişləyərək aşağı əyildi. Kürək də qalağın altında idi. Sapının ucu azca görünürdü. Əlini uzadıb kürəyi çəkəndə arxadan yenə atasının məzəmmətedici səsi yüksəldi:

- 3 gündü balet edirəm eyyy. Deyirəm ki, bu başdanxarab bu peyinin nə vaxta qədər ortasını dağıdacaq. Ortası yox olandan sonra çökdü. Fərsiz... Arvad da ola bilmədin. Elə bu peyin qədər beynin var çünki... Qəfil çökür hər şey, altında qalırsan.

Buna da bax: Ülviyyə Tahir: 'Nobelin Bakıda tikdirdiyi evdə, "Nobel" xəyalları'

Yenə atasına fikir vermədi. Kürəyə güc verib peyin qalağını yenidən yarmağa başladı. Yarım saatdan sonra vedrələri peyin qalağının altından çıxardanda artıq qaş qaralırdı. İnəklər həyətə girir, buzovlar ağıldan mələşirdi. Nisə anasının axşam təlaşına kömək etmək üçün inəkləri istiqamətləndirməyə başladı. Çubuğunu işə salaraq dayanıb mələyən və yerindən tərpənməyən malları hərəkətə gətirir, onları bağlamağa çalışırdı. Peyinli əlləri yetmirmiş kimi, arada inəklərin quyruqları çırpılan üzü də tamamilə çirk içində qalmışdı. Tövlədən çıxanda gözləri qarşısından keçib nazlana-nazlana paltar ipinə doğru gedən gəlinə gözləri ilişdi. Paltarlardan çıxan zərif buğ təravətdən, təmizlikdən xəbər verirdi. Yerindəcə donub qalmışdı. Gəlin paltarları sərdikcə o da çirkli paltarının ətəyini əlində xışmalayırdı. Anası əlində süd vedrəsi onun yanından keçərkən qəfil ayağını saxladı.

- Lap yadımdan çıxmışdı az qala... Zöhrə gəlmişdi bayaq. Mən çəpərdən odun yığanda. Dedi ki, sənə sözü var. - Nisədən səs çıxmadığını görüb:

- Ay qız, sənnən deyiləm mən? Nə marıtdamısan yenə o qıza? - Anası səsini qaldıranda diksindi.

- Zöhrə, Zöhrə xala hardadı?- çaşqınlıqla reaksiya verəndə anası başını bulayaraq dönüb getdi.

Axşam hamamdan çıxandan sonra çirkli paltarlarını iki dəfə götürüb yerə qoydu. Sonra hamamın qapısı döyüləndə qəti qərar verdi. Qapını döyən qardaşı idi. Üzünə əyri-əyri baxıb hamama girdi. Anladı ki, yenə suyun altında ləngiməyi ona xoş getməyib. Paltarlarını mətbəxdə paltaryuyan maşının qarşısında yerə tökdü. Qorxa-qorxa qonaq otağına tərəf boylanıb maşının qapağını açdı. Elə paltarlarını qucaqlayıb onun içinə tökmək istəyirdi ki, gəlin yer altından çıxmış kimi mətbəxin qapısında peyda oldu. Qollarını çarpazlayıb ona tamaşa edirdi:

- Nə edirsən? - səsə çevrildi. Özünü ələ alıb səsinə ötkəmlik verdi:

- Paltarlarımı yumaq istəyirəm - dedi.

- Bax, Nisə, Dadaş bunu almayıb ki, sənin peyinli paltarların yuyulsun. Mənim sənə yaxşığılım budur ki, qızın Güllücənin paltarlarını burada yuyuram. İndi mən səsimi başıma atmamış buradan dur, rədd ol.

“Sən kimsən, durub səni təpiyimin altına salaram”, - demək istədi. Lakin sözlər boğazında ilişib qaldı. Onun əvəzində gözlərində iki damla yumurlanıb böyüməyə başladı. O damlalar o qədər böyüdülər, o qədər böyüdülər ki, göz bəbəklərinin su burulğanında olduğunu zənn etdi. Başını aşağı salıb ayağa durdu.

- Paltarlarını da apar. - Səsin ahəngi kürəyini bıçaq kimi doğradı. Geri dönüb paltarlarını yığışdırdı. Mətbəxi tərk edəndə peyin yapışmış paltarlarıının pis qoxusu burnunu qıcıqlandırırdı.

Buna da bax: Sovetskinin sonuncu evi belə sökülmüşdü

Səhər alatoranda yatağı tərk edib həyətə çıxanda Zöhrənin çəpərin dibində buzovu bağladığını gördü. Anasının dünən dediyi sözü xatırladı. Yaxınlaşıbsalamlaşdı, sualedici baxışlarını ona dikib gözlədi. Artıq buzovu bağlamış Zöhrə çəpərdən aparalanda, nəhayət, özünü saxlaya bilmədi:

- Zöhrə xala...

Qadın çönüb ona baxanda bilmədi, cümləsinə necə davam etsin.

- Zöhrə xala.. Zöhrə xala, deyirdim ki, bu buzov hələ süddən kəsilməyib? - İlk ağlına gələn sözlər dilinə töküldü.

Zöhrə:

- Yox, ay bala, Allahın bizə yazığı gəlir vallah. Yaz ağzı qırılıb batarıq, bu arıq inəklər olmasa. Dünən anaya dedim. Dedim ki, Nisə işdən macal eləyəndə bizə baş çəksin. Günorta gələrsən, səə sözüm var. - deyərək aralandı.
Günortaya kimi istixanada pomidorların dibini peyinləyib bitirdi. Atası gəlib diqqətlə hamısını nəzərdən keçirəndən sonra:

- Qaldı gübrələr. Dadaş versin, sən tök. İki günə də onu qurtarsaq, turpu səpərik. Sahə boş qalmasın.

Nisə illərdir əkilməyən sahənin məhz ona güvənilib əkildiyini anlayırdı. Amma etiraz edəcək mövqedə deyildi.

Günorta yeməyini tələsik yeyib elə çəpərin dağılmış yerindən Zöhrəgilə adladı. Zöhrə isti peçin yanında mürgü vurur, gəlin isə yayda tutduqları paxla bankasını açaraq dadına baxırdı. Nisənin gəldiyini görən kimi Zöhrə yarıyuxulu gözlərini aralayıb sözə başladı:

- Gəl otur, ay bala. Gəl otur. Ay Nisə, iş adam başına gələr. Boşanıb gəlmək bir dərd, qapazaltı olmaq bir dərd. Cavan gəlinsən, 33 yaş nədir ki... O gün anaya da deyirəm, bu qızı verək getsin. Hamı dincəlsin elə.

- Kimdi məni alan, ay Zöhrə xala? Yanı buzoylu arvadam, - Nisə fağır-fağır irişdi. Zöhrə onun gülməyi bacarmayan dodaqlarını süzərək:

- Var da, var. Anan deyir ki, Güllücəni mən saxlayacam. Get də, - Zöhrə əsnəyərək sağ əlinin arxasını ağzına apardı. Nisə onun qabarsız əlini həsədlə süzdü.

- Kimə gedim? Elə deyirsən, elə bil, çölə tökülüb. - Nisə başını aşağı saldı.

- Bir adam var. 53 yaşı var. Ursiyyətdən gəlib. Deyir, mənə bir işlək gəlin lazımdı.

- Ursiyyətə işlək nəyinə lazımdı? - Nisə özünü itirərək ayağa qalxdı. Sonra tez də özünü ələ alıb oturdu.

- Ay bala, Ursiyyətə aparsa, səni neynir? Bir dəri, bir sümüksən. Ora mamılımatanları aparırlar. Onu, deyilənə görə, qovublar. Deport ediblər. Rus arvad, uşaq da əl çəkib ondan. İndi dədə məhləsini dirçəltməyə səni kimi kotan arvad lazımdı.

- Həə... - Nisə dodaqlarını bükərək daha da büzüşdü.

* * *

İki gün sonra gəldi. Nisə onu görəndə əllərini arxasında gizlətməyə çalışdı. Bu arıq, sısqa adam isə onun üzünə belə baxmadan:

- Əlləri... - dedi.

Zöhrə:

- Ay bala, əllərini görmək istəyir, -deyə ona pıçıldadı. Nisə utanaraq qabarlı əllərini irəli uzatdı. Adam onun əllərinə baxanda gözləri işıqlandı.

- Zöhrə bacı, bir dənəsən sən eyy. Yedinkasan. Lap quşu gözündən vurmusan!

Buna da bax: Əgər gələcəyin qapıları üzünüzə açılsaydı

Nisə onun bu sevinci qarşısında qəfildən ürəklənərək:

- Paltaryuyan maşın. Paltaryuyan maşın... - dedi.

- Nə paltaryuyan maşın? - sualı kişi verdi. Bu cümlənin ardınca bütün baxışların ona zilləndiyini görən Nisə özünü itirdi.

- Paltaryuyan maşın, deyirəm. Bircə paltaryuyan alsan, hər işi görərəm, deyirəm.

Kişi qaş-qabağını tökərək:

- Arada paltar yumaq lazımdır ki, əllərinin qabarları yumşalsın, - dedi.
Nisə gəlinlərinin pıqqıldamağına fikir vermədən yenə əllərini arxasında gizlətdi. Zöhrə isə ortalığa çökmüş yersiz sükutu bölmək cəhdi ilə: Dünyanın malı dünyada qalacaq. Niyə almır ki, alar, lap o yana da keçər. Paltaryuyan elə bahalı şey deyil ki... Alarsanmı, ay Yaşar?

Nisənin adını da elə indicə öyrəndiyi adam qaşqabağını daha da salladı. Sonra qəfil başını qaldırıb:

- Sənin dediyin kimi işlək çıxsa, alaram, ay Zöhrə xala, alaram. – Bu sözlər Nisənin ürəyini yeni qanad açmış quş kimi pırıldatdı. Elə həmin gün həvəslə adama qoşulub qonşu kəndə yollandı. Kol-kos basmış, illərlə baxımsız qalmış məhəlləni təmizlədilər. Geniş sahələrdə istixanalar saldılar. Nisə boy atan pomidorlara, kartoflara baxdıqca fərəhlənirdi. May ayı yetişən kimi bütün köhnə paltarlarını çıxardıb həyətdəki cücə damının üstünə atdı.

Artıq alver mövsümü başlamışdı. Amma Yaşar heç bir alverçini yaxına buraxmırdı. Alver lap qızışan kimi bütün əkdiklərini Bakı bazarlarına özü daşımağa başladı. Günlərlə damın altında tək qalan Nisə hey ümid edirdi. Ümid edirdi ki, o mütləq əlində pul, çantada çoxlu pal-paltar dönəcək. Payız fəsli ilk yağışlarla qapını döyəndə Nisə cücə damının üstünə atdığı paltarlarını yığışdırdı. Onları yenidən yuyub geyinəcəkdi. Yağışlar şiddətləndikcə göz yaşlarını gizlətməyə ehtiyac qalmırdı...

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG