Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Ülviyyə Tahir: 'Nobelin Bakıda tikdirdiyi evdə, "Nobel" xəyalları'


Ülviyyə Tahir.
Ülviyyə Tahir.

"Bilirəm deyəcəksən Markesgil Nobel almazdan əvvəl Parisdə it zülümü çəkiblər. Amma nə sən Markessən, nə də bura Paris. İki gündür yenə uçmusan. Nə yazırsan? Yuxuda da mətnbazlıq deyə sayıqlayırsan. Pul lazımdır, Pulll..."

Ülviyyə Tahir

Nobel

(hekayə)

-Ev çox ucqar yerdədir, ora necə köçəcəyik?

Gözlərini açıb arvadını süzdü. Arvadı peşman nəzərlərlə rütubətdən çürümüş döşəməyə baxırdı. Yenə gözlərini yumub xəyalındakı məqaləni düşündü.

"Ədəbiyyatın kütləviliyi onun ölümünə xidmət edir. Əgər ədəbiyyat kütləviləşərsə və asan qazanc mənbəyinə çevrilərsə, onda əsl ədəbiyyat onun ayaqları altında əziləcəkdir. Ötəri mətnlər sabun köpüyü kimi bərq vuraraq oxucu kütləsini də özü ilə dartıb aparacaqdır. Həmin oxucu isə etibarsız sevgili kimi onu yalnız növbəti əsəri oxuyana kimi yadda saxlayacaqdır. Bu mətnlər qətiyyən əbədiyyət eşqi ilə yazılmayıb. Onlar aid olduqları zamanın ruhuna uyğun, onun nəbzini tutaraq yazılır və sonra həmin zamanla da arxivə dəfn olunur. Lakin həmin zamandan fərqli olaraq heç vaxt xatırlanmırlar. Makulaturalar yalnız bu funksiyanı yerinə yetirirlər. Kerberin ağzından axan selik qədər dəyərsiz olan bu mətnlər bəlli funksiyalar yerinə yetirdikdən və vasitə kimi istifadə olunduqdan sonra dəyərsiz söz yığını kimi kənara atılırlar. Hakimiyyətin..."

- Yük maşını görəsən nə qədər pul alacaq?

Qəfil xatırladı ki, cibində cəmi 10 manat pul var.

-Düzələr- deyə ürəksiz dilləndi.

- Bu gecə siçovuldan çox qorxmuşam.- Arvadı gözlərini küncdəki böyük deşiyə dikdi.

- Onsuzda öyrəşmişik.- Səsi daha da öləzidi.

- Bəlkə də axırıncı gecədi, ona görə bu qədər həyəcan keçirdim. Axı filmlərdə də olur axırıncı gün, ya da son saatlarda nəsə faciələr olur.- Arvadı gülümsədi.

- Axırıncı gecə...- Özü-özünə pıçıldadı.

"Kiçik xalqaların ədəbiyyatı..."

- Makler 20 manat aldı. Dedi ki, bu ərazidə ən yaxşı evdir bu- arvadı otağı tərk edəndə dedi. Onun səsi mətbəxlə qonaq otağının ortasında sanki bölündü. Sanki səsin yarısı ona qaldı, yarısı isə arvadı ilə getdi.

Buna da bax: Rasim Qaraca: 'Əgər yaxın illərdə bir gürcü yazarı Nobel mükafatına layiq görülərsə'

Əllərini yenə başının arxasında daraqlayıb gözlərini yumdu.

"Hər kəsin yazmaq və yazıçı olmaq istədiyi kiçik cəmiyyətlərin böyüklük iddiasında olan şəxsləri öz cızma-qaraları ilə dünyanı xilas etmək niyyətinə düşərkən əslində fokuslandıqları yenə də öz şəxsiyyətləri olur. Onlar ədəbiyyata ümumi girişdən öz mətnləri ilə deyil, öz şəxsiyyətləri ilə daxil olmaq istəyirlər. Bu zaman onların yazdıqları mətnlər, şəlləndikləri şəxsiyyətlərinin (oxu eqolarının) altında əzilir. Onlar xilasedici rolunu oynaya bilmirlər, çünki yazdıqları mətnlər bulaq suyu kimi təbii qaynamır. Onlar imitasiya edirlər. Onlar..."

- Hər şeyi yığışdırmışam. Bircə qalıb quşların qəfəsi. Səncə Eldara qulaq asım? Sataq bunları?

Gözlərini açaraq otaqda balaca yer tutan yaşıl qəfəsə baxdı. Kökəlib tüklərini tökmüş tutuquşular elə ayaqüstə yuxulamışdılar. Onlarsız evi təsəvvür etməyə çalışdı. Elə bil bu illərdə olmayan övladlarının mehrini onlara salmışdı.

-Yox, satmayaq- demək istədi. Cibindəki 10 manatı xatırlayıb susdu.

- İki otaqdı. Mətbəxi də var. Bilirsən gülməli nədir? Arxa otağın pəncərəsi bağa açılır. Deyəcəksən bunda nə var? Hə də belə deyəndə adi çıxır. Amma həmin otaq o qədər dərindədir ki, pəncərəyə dırmaşıb bağa çıxmaq olur. Eynilə İçərişəhəri xatırladır. Divarlar çox köhnədir. Bilirsən deyirlər ki...- arvadı yenə öz səsini götürüb mətbəxə getdi. Oradan danışırdı. O isə yenə məqaləni xəyalında yazmağa başladı.

"Yazıçı öz yazısına izahat yazmamalı və öz yazısını müdafiə etməməlidir. Mətnin arxasındakı müəllif "ölmürsə" onda onun əbədiliyindən söhbət gedə bilməz. Oxucu Stendal sindromunu yaşaya bilmirsə və mətn zamansızlığa (əbədiyyətə) xitab etmirsə, kiçik xalqın böyük ədəbiyyatı pafosdan başqa bir şey deyildir. Mədhiyyəçilik və ithaf üzərində qurulmuş söz yığını nə yeni cərəyanlardan, nə də yeni nəfəsdən xəbər verir. Onlar yalnız imitasiya edirlər. Ən böyük bədbəxtçilik isə imitasiya etdiklərinin də öz dövrünü başa vurmasıdır. Onlar yeni birini tapıb imitasiya edənə qədər daha yenisi yaranır ki, onların imitasiya sürəti yeni nəfəslərlə uzlaşmır. Köhnə, klassik mətnlərin içində ölü milçək qalan bu mətnbazlar plagiat etdiklərini və makulatura ilə məşğul olduqlarını da gizlətmirlər. Onlar öz oxucularını aşağılayır və bohem həyat sürməkləri ilə mətnçiliyin uzlaşmasını sübuta yetirməyə çalışırlar. Halbuki yazarın mətni yazarkən nə ilə məşğul olması və ya həyat tərzi oxucunu deyil, bioqrafiya yazanları maraqlandırır. Onların dəyişiklik arzusu, şəlləndikləri eqolardan həmişə yüngül gəldiyinə görə həmin mətnlər sabun köpüyü kimi havaya uçduqdan sonra məhv olmaqdan başqa çarə görmür. Makulatura..."

Buna da bax: Bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm, qadası?

-Sən mənə qulaq asırsan? Hə deyirəm axı, ev sirli mağaraya bənzəyir. Pəncərə mənə o qədər maraqlı göründü ki, ayağımın altına stul qoyub ora dırmaşdım. Təsəvvür edirsən, uşaq kimi. Elə həvəsli idim ki... Dırmaşdım, özümü Alisa kimi hiss edirdim. Bilirsən elə həvəslə qalxdım orada fərqli nə isə görmək cəhdi ilə. Amma..- Qapının döyülməyi ilə arvadının sözü ağzında qaldı.

- Yadıma sal, danışım. Maraqlıdır- Arvadı qapıya tərəf yollanarkən dedi.

"Pəncərə, qapı, dırmaşmaq..." Bu üç kəlmə açar söz kimi yaddaşında fırlandı. Hardan oxumuşdu, bəlkə yaşadıqları dejavudur. Ya da bütün bunları yuxuda görüb. Onsuzda son zamanlar xəstəliyi ilə əlaqədər çox qarabasmaları olurdu.

Arvadı qapıda kiminləsə danışırdı. Qulağına "Bahadı, bir az ucuz olmaz?" sözləri gəlib çatırdı. Az sonra qapı örtüldü. Arvadının ayaq səslərindən onun mətbəxə getdiyini başa düşdü. Əllərini unutmuşdu az qala. Bayaqdan başının arxasında daraqlamaqdan uyuşmuşdular. Ümumiyyətlə orqanlarını yaddan çıxartmaq köhnə vərdişi idi. Bəzən saatlarla ayağını ayağının üstünə aşırdıb fikrə gedər, onları ayırmaq yadına düşməzdi.

"Pəncərə, qapı... Aha xatırladım" -deyərək uyuşmuş əlini dizinə çırpdı. Əziz Nesin. İstanbulda dənizə baxan ev axtarırlar. Bahalı evlərə pulları çatmır. Uzun axtarışlardan sonra bir ev tapırlar. Ev sahibi iddia edir ki, evinin pəncərəsi dənizə baxır. Əziz Nesinin də inanmağı gəlmir. Düşünür ki, bu qədər az kirayayə dənizə baxan evi necə verə bilər. Nəhayət evə gedib baxmağa qərar verirlər. Zirzəmidə bir ev tapırlar. Arvadı ayağının altına stul qoyub birtəhər balaca deşikdən baxaraq dənizi tapır. Ay səni ev... Əziz Nesin. Yenə məqalənin ardını düşünməyə başladı.

"Roman nədir sualına cavab olaraq Mopassan deyirdi ki, bu janr haqqında sabit fikir söyləmək mümkün deyil. Baxtin isə deyirdi: roman yeganə janrdır ki, onun bel sütunu hələ bərkiməyib. Belinskidən də sitat gətirmək olar: Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. İndi ciddi ədəbiyyat belletirst ədəbiyyata qarşı dayana bilmir.

Amma bu gün belletristika yazanlara xitabən səslənsək, bu absurd olar. Çünki bellestriska yazanları ədəbiyyat tarixinin zibilliyində də tapmaq olmur. Bu gün sürət əsrində oxucuların ədəbi yaddaşı həmin sürətə adekvatdır. Bunu kobud şəkildə belə deyə bilərik. Bellestrika ərikli bağın (Bağda ərik var idi...) sahibi ilə eyni taleyi yaşayacaqdır. Onun ömrü piarnın uzun ömürlülüyündən asılıdır"

Arvadı içəri girmədən qollarını sinəsində çarpazladı.

- Gələn kim idi?- Məqalənin xəyalından bir təhər qopub özünə gəldi.

- 50 manat istədi. Dedi ki, ən ucuzu bu olar. Yük maşını lazımdı axı...

- Bəlkə Sevdagildən alasan? Markes Parisdə...

- Bilirəm deyəcəksən Markesgil Nobel almazdan əvvəl Parisdə it zülümü çəkiblər. Amma nə sən Markessən, nə də bura Paris. İki gündür yenə uçmusan. Nə yazırsan? Yuxuda da mətnbazlıq deyə sayıqlayırsan. Pul lazımdır, Pulll... Nə vaxtsa Nobel alacağına ümid edirsən? Ay - hay...

Arvadına cavab vermədi. Əslində veriləcək cavabı yox idi. Bütün beynini qəzetə verəcəyi məqalə işğal etmişdi.

Az sonra çantaları qapının yanına düzən arvadı məzəmmətedici nəzərlə onu süzdü. O da ayağa qalxıb yığışmağa kömək etdi.

- Bəs 50 manat işi necə olacaq?- quşların qəfəsini götürəndə arvadından ürkək halda soruşdu.

- Televizor bizə lazım deyil onsuzda. Dedim ki, onu götürsün. Daha siçovullarla bir yerdə yaşamaqdan iyrənirəm. Televizorsuz yaşaya bilərəm. -Arvadı artıq bütün yükü toplamışdı.

-Sənə demək tamam yadımdan çıxmışdı. -Səmimi bir şəkildə dilləndi - Bizim indi köçdüyümüz evi Nobel o vaxtı at mehterləri üçün tikdiribmiş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG