Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:21

'Cənub Qaz Dəhlizi' QSC-dən növbəti 1 milyardlıq avrobond


Beynəlxalq qaz boru xətti (arxiv fotosu).

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq kapital bazarlarında ikinci avrobond buraxılışını reallaşdırdığını açıqlayıb.

Avrobond hökumət və ya şirkətlərin xaricdə maliyyə qaynağı əldə etməkdən ötrü borclanma sistemidir.

Şirkətin məlumatında qeyd edilir ki, 1 milyard dollar dəyərində əlavə istiqraz buraxılışından ötrü yenidən beynəlxalq kapital bazarlarına çıxıb.

İstiqrazlar Azərbaycanın dövlət zəmanəti ilə təmin edilib.

Buna da bax:​ Azərbaycan milyardlarla dolları təhlükə altında qoyub

“İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazların 5,8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilməsi Azərbaycana, eləcə də “Cənub Qaz Dəhlizi”nə bazarın müsbət münasibətinin təzahürüdür. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 milyard dollara yüksəldib. Bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur”, şirkətin məlumatında bildirilir.

Şirkət bildirir ki, dövlət zəmanətli istiqrazlar investorların böyük marağına səbəb olub. İstiqrazların ən böyük hissəsini - 45 faizinin ABŞ, 40 faizinin Birləşmiş Krallıq, 13 faizinin isə digər Avropa ölkələri, 2 faizinin isə Asiya və Yaxın Şərq ölkələrinin aldığı bildirilir.

“Bu emissiya ötən on iki ayda “Cənub Qaz Dəhlizi” QSC-nin beynəlxalq kapital bazarlarında ikinci uğurlu avrobond buraxılışıdır”, şirkət qeyd edir.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nə dəstək istənilir

“Cənub Qaz Dəhlizi” QSC bundan əvvəl ötən ilin mart ayında kapital bazarına avrobond çıxarmışdı. Həmin vaxt avrobondun məbləği 1 milyard dollar olmuşdu.

İstiqrazlar 7 faizlik gəlirlilik dərəcəsi və 10 il ödəmə müddəti ilə emissiya edilmişdi.

Xatırlatma

«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb.

Bunda məqsəd, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinitəmin etməkdir. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dollarıdır. Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Buna da bax: İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) isə TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Layihənin 2020-ci ildə tam reallaşacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG