Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:22

Katherine Mansfield. Rozabelin yorğunluğu (hekayə)


Henri Matisse. Şlyapalı qadın, 1905
Henri Matisse. Şlyapalı qadın, 1905

"Lap təsəvvür eləyək ki onlar yerlərini dəyişdilər. Rozabel oğlanla evə gedir. Əlbəttə ki, onlar biri-birlərinə aşiq olacaqdılar, hələ nişanlanmasalar da, buna çox yaxın olacaqdılar. Rozabel deyəcəkdi: “Bir dəiqə sonra qayıdıram”. Oğlan onu maşında gözləyəcəkdi, xidmətçi qadın isə onun arxasınca qutuda şlyapanı gətirəcəkdi".​

Oxu Zalı Yeni Zellandiya yazıçısı, ingilisdilli ədəbiyyatın klassiklərindən sayılan Katherine Mansfield'in (1888-1923) hekayəsini təqdim edir.

Rozabelin yorğunluğu

hekayə

Katherine Mansfield.
Katherine Mansfield.

Oksford Meydanının tinində Rozabel bir dəstə bənövşə aldı. Bu gülləri almaqdan ötrü bu gün axşam yeməyinə qənaət etməli olmuşdu: əlbəttə ki qadın şlyapalarının satıldığı dükanda işləyərək uzun günün yorğunluğundan sonra Lionsun aşxanasında yarma kökəsiylə yumurta yemək və bir fincan kakao içmək yetərli ola bilməzdi. Omnibusun pilləkənində dayanıb, paltarının ətəyini bir əliylə tutmuş, o biri əliylə də tutacaqdan yapışmış halda, xəyalında ləzzətli yeməkləri canlandırır, yaşıl noxudla bəzənmiş qızardılmış ördək, şabalıd paşteti və konyaklı pudinq düzülmüş bol, isti yeməklər üçün hər şeyini verməyə hazır idi. Təqribən həmyaşıdı olan bir qızla yanaşı oturdu, ucuz nəşr sayılan nazik üzlüklü “Anna Lombard” romanını oxuyurdu. Kitabın vərəqlərində yağış damlaları iz salmışdı.

Rozabel pəncərədən baxdı: küçəyə sanki dumanlı bir pərdə çəkilmişdi, lakin fənərlərin işığı şüşədə əks edərək onun tutqun səthində gümüşü işartılar əmələ gətirir və adama elə gəlirdi ki, bu şüşələrin o biri tərəfindən qızıl dükanları deyil, sehirli saraylar gizlənib. Rozabelin ayaqları tamam islanmışdı; uzun ətəyinin astar və üz uclarının yağlı palçığa bulaşdığının fərqindəydi. Omnibusda insan bədənlərindən buxarlanan ürəkbulandırıcı hava vardı, bu qoxu sanki sərnişinlərin bədənindən damcılayırdı. Hamı hərəkətsizcə, gözünü nəyəsə zilləyərək oturmuşdu, hər kəsin üzündə eyni ifadə vardı. Bu reklamları artıq neçənci dəfə oxuyurdu: “Sapolio sabun tozu vaxtınıza və əməyinizə qənaət edəcək”, “Heinz tomat şirəsi” və qızdırma salmaq vasitəsi Lemplo haqqında həkimlə hakimin mənasız, insanın əsəbini yerindən oynadan dialoqu! Qızın dodaqlarını tərpədərək həvəslə oxuduğu kitaba gözucu nəzər saldı və qızın hər əfə vərəqləri çevirdikə barmaqlarını tüpürcəkləməsi onu iyrəndirdi. Rozabeli başa düşdüyünə görə kitabda söhbət bürkülü, ehtirasla dolu bir yay gecəsindəki musiqi sədalarından və gözəl bəyaz çiyinləri olan qızdan gedirdi. Aman Tanrı! – Rozabel birdən əlini qaldırdı və paltounun iki üst düyməsini açdı: nəfəsi kəsilirdi. Gözləri yarımqapalı halda qarşısında oturmuş adamlara baxırdı və ona elə gəlirdi ki, bütün bu insanlar hamısı əriyib bir bədəndə birləşməyə başlayırlar.

Bax bu da dayanacaq. Yerinən qalxarkən büdrədi və yanında oturduğu qıza toxundu. “Bağışlayın”, - dedi Rozabel, lakin qız heç gözünü də qaldırmadı. Oxuyurdu və nəyəsə gülümsəyirdi.

Westbourne Grove elə görünürdü ki, Rozabelin xəyalında Venesiyanın küçələri gecə vaxtları belə görünə bilərdi: o, sirli, sehirli, tutqun idi, ekipajlar qondolaya bənzəyirdi, irəliyə-geriyə yırğalanırdılar, fənərlərin yayğın və solğun işığı sanki yaş küçəni yalayan alov dilimləriydi, Böyük kanalda suları kəsərək üzən sehirli balıqlara bənzəyirdi..

Nəhayət Richmond Road’a gəlib çatanda çox sevindi, lakin bütün yol boyu, küçənin başından ta 26 nömrəli evə varıncaya qədər o qarşıda onu gözləyən beşinci mərtəbəyə çıxmaq haqqında düşündü. Ah, bu beşinci mərtəbə! İnsanları bu cür yüksəklərdə yaşamağa məcbur etmək sadəcə cinayətdir. Hər binada lift olmalıdır, sadə və ucuz, yada eskalator olmalıdır, Earl's Court'da olduğu kimi, - lakin burada pillələr var! Vestibüldə dayanıb və ilk pillələrə və kiçik qaz lampasının işığında xəyalət təsiri bağışlayan albatros müqəvvasıyla bəzədilmiş nərdivan meydanına baxdıqda az qaldı ki ağlasın. Başqa çarəsi yox idi, bu pillələri qalxmalı olacaqdı: elə bil velosipedlə sərt yamacı qalxırdın, lakin burada o biri tərəfdəki enişin ləzzəti olmayacaqdı.

Buna da bax: Nahid: “Hər şey ütüdən başladı”

Axır ki, bu da onun otağı! Qapını örtdü, qazı yandırdı, şlyapasını, paltosunu, ətəyini və köynəyini çıxarıb bir kənara atdı, qapının arxasındakı qarmaqdan köhnə flanel xalatını götürdü, əyninə geyinəndən sonra çəkmələrinin ipini açmağa başladı: sən demə corabları o qədər də islanmayıb, onları dəyişməsə də olardı. Əlüzyuyana yaxınlaşdı – su qabını bu gün yenə də doldurmamışdılar. Su ancaq dodaqlarını islatmağa yetərdi. Tasın içərisindəki minalı qat çatlamışdı, - Rozabelin bu gün artıq ikinci dəfə əli üzündə qaldı.

Düz sat yeddidir. Ştorları qaldırıb qazı söndürsə daha rahat olacaq. Kitab oxumaq istəmirdi. Pəncərənin qarşısında diz üstə çöküb əllərini pəncərənin pərvazına qoydu; onu yağışa bürünmüş dünyadan yalnız nazik bir pəncərə ayırırdı!

Gün boyunca olmuş hadisələri düşünməyə başladı. Məgər boz makintoş geyinmiş, naxışlı sürücü şapkası istəyən, “belə bir şey olsun, qırmızı, kənarları da pənbə işləməli” deyən o qadını, və ya mağazadakı bütün şlyapaları geyinib yoxlayan, sonra da sabah gəlib son qərarımı verəcəm deyən o qızı unutmaq mümkündümü? Rozabel özünü gülməkdən saxlaya bilməmişdi, çünki bu lap ağ olmuşdu.

Lakin bir alıcı daha vardı: çox gözəl, bəyaz dərili, qızılı saçlarına bağladığı, keçən həftə Parisdən aldığı güləbətinli yaşıl bnt rəngində gözləri olan bir qız. Rozabel qızın avtomobilini girişdə saxladığını görmüşdü. İçindən hələ çox cavan olan və çox gözəl geyinmiş bir kişi düşdü! Rozabel onun şlyapasından sancağı çıxarıb, üzərindəki tülü açanda və əl güzgüsünü ona uzadanda:

- Mənə nə cür şlyapa lazımdır Harri? – deyə qız soruşdu.

- Sizə qara şlyapa lazımdır, - kişi cavab verdi, - lələkli qara şlyapa, və lələk şlyapanın tağalağını, sonrada boynunu əhatə eləsin, buxağının altından da bantiklə elə bağlansın ki, ucları belimdəki kəmərə qədər sallansın, - lələyin ölçüsü mötəbər olmalıdı.

Qız Rozabelə təbəssüm dolu gözlərlə baxdı:

- Sizdə belə bir şey tapılarmı?

Onları razı salmaq dəhşətli dərəcədə şətin idi. Harri mümkün olmayanı tələb edirdi və Rozabel demək olar ki ümidsizliyə qalmışdı. Birdən yuxarıdakı qutu yadına düşdü: ağzını hələ açmamışdılar bu qutunun.

- Xanım, bir dəqiqə gözləyin, - dedi Rozabel, - deyəsən mən sizə istədiyiniz şeyi göstərə biləcəm.

Təngnəfəs halda yuxarıya qaçdı, qutunun sarınmış olduğu ipləri kəsdi, üzərinə çəkilmiş nazik kağızı cırdı, nə görsə yaxşıdır, orada elə onların istədiyi şlyapalardan vardı: böyük, yumşaq, böyük qövsvari lələk və qara məxməri güllü – necə istəmişdilərsə o cür.

Buna da bax: Edogawa Rampo: 'Kreslonun içində yaşayan adamın xatirələri'

Qız heyran qalmışdı. Şlyapanı başına qoyub yoxladı, sonra Rozabelə uzatdı.

- İstəyirən onu sizin üzərinizdə yoxlayım, - ciddi şəkildə dedi, hətta biraz qaş-qabağını da salladı.

Rozabel aynanın qarşısına keçdi, şlyapanı şabalıdı saçları olan başına qoydu və onlara tərəf çöndü.

- Oo Harri, necə də qəşəng şlyapadır! Mən onu almaq istəyirəm! – Qız yenidən Rozabelə gülümsədi, – şlyapa sizə çox yaraşdı.

Birdən izaholunmaz bir acıq bürüdü Rozabeli. Bu gözqamaşdırıcı, incə əşyanı qızın üzünə fırlatmaq istədi. Qıpqırmızı oldu və şlyapaya doğru əyildi:

- Şlyapanın içərisi çox qəşəng işlənib, xanım, - dedi Rozabel.

Qız bir quş kimi yüngül addımlarla küçəyə uçdu və avtomobilə oturdu, Harri içəridə qalıb hesabı ödəməklə məşğul oldu.

Rozabel qızın gedərkən dediyi sözləri eşitmişdi: “Mən indi evə gedəcəm və bu şlyapanı geyinəcəm və sonra da səhər yeməyinə yollanarıq”

Rozabel çek yazana qədər gənc oğlan ona doğru əyilərək dayanmışdı, sonra pulu ona verdi.

- Həyatınızda heç kamera qarşısına çıxıb poz vermisinizmi? – soruşdu.

- Yox, - oğlanın səs tonundakı kəskin dəyişikliyi hiss edərək qısaca cavab verdi, - lovğalıq və amiranəlik vardı bu səsdə.

- Nahaq yerə, - Harri dedi. – Sizin qeyri-adi qəşəng fiquranız var.

Rozabel onun sözlərinə azacıq da olsa diqqət göstərmədi. Necə də yaraşıqlı oğlan idi.

Bütün günü həmin gənc oğlan haqqında düşündü. Surəti hər an gözlərinin önündəydi, incə uzun qaşlarını, arxaya daranmış azacıq dalğalı saçlarını, özündən razı dodaqlarını xəyalında canlandırırdı. Təkrar nazik barmaqlarını təsəvvüründə canlandırdı, onun əlinə toxunan o incə barmaqları... Rozabel başının kəskin hərəkətilə üzünə tökülmüş saçlarını geriyə atdı – alnından od çıxırdı. O əllər bir anlıq daha onun əllərinə toxunub qalsaydı... O qız necə də xoşbəxtdir!

Lap təsəvvür eləyək ki onlar yerlərini dəyişdilər. Rozabel oğlanla evə gedir. Əlbəttə ki, onlar biri-birlərinə aşiq olacaqdılar, hələ nişanlanmasalar da, buna çox yaxın olacaqdılar. Rozabel deyəcəkdi: “Bir dəiqə sonra qayıdıram”. Oğlan onu maşında gözləyəcəkdi, xidmətçi qadın isə onun arxasınca qutuda şlyapanı gətirəcəkdi. Rozabel özünün böyük ağ-pənbə yataq otağına girəcəkdi, burada tutqun gümüşü vazlarda qızılgüllər olacaqdı. Güzgünün qarşısında oturacaq, balaca xidmətçi fransız qız şlyapanı, incə, şəffaf tülü, yeni alınmış əlcəkləri ona geyindirəcəkdi. Əlcəklərini, dəsmalını və üst geyimini ətirləyib, böyük qolçaqlarını götürərək pilləkənlərdən qaçaraq enəcəkdi Rozabel. Qapıçı qapını açacaq, onu gözləyən Harri ilə birlikdə gedəcəkdilər...

Buna da bax: 'İlin bu fəslində belə şeylər olur, payızdı, unutmağa çalış'

“Bax bu da həyat”, - deyə düşündü Rozabel.

Onlar Carlton-Club yolunda Jerr gül dükanının qarşısında dayanırlar, Harri böyük bir buket Parma bənövşəsi alıb Rozabelin dizləri üstünə qoyur.

- Nə qəşəngdilər, - bənövşələri üzünə sıxaraq deyir.

- Mən sizi hər zaman belə görmək istəyirəm, - Harri deyir, - əllərində bənövşələr tutmuş halda.

(Rozabel dizlərinin ağrıdığını hiss etdi; döşəməyə oturdu və başını divara söykədi).

Səhər yeməyi yada düşər! Masa güllərlə örtülüb, palmalar arxasında gizlənmiş orkestr sakitcə çalır, və muiqi onu şərab kimi xumarlandırır.

Şorba, istridiyələr, qızardılmış göyərçin əti, qaymaqlı kartoflar, əlbəttə ki şampan şərabı, sonrasa qəhvə və siqaret. Bir az irəliyə doğru əyilərək oturub, əlindəki qədəhi oynadır, Harrinin xoşladığı işvəkar naz-qəmzəylə danışır. Sonra gündüz konserti başlanır, – hər ikisinin xoşuna gələn parçalar çalınır, – sonrasa “Kottecdə” çay içirlər.

Şəkər? Süd? Qaymaq? – sadə suallar necəsə onların arasındakı xoşbəxt yaxınlığı daha da artırır.

Axşam düşəndə onlar evə qayıdırlar; sanki Parma bənövşələrinin sehirli qoxusu bütün evi bürüyüb.

- Saat doqquzda sizi aparmağa gələcəm, – deyir Harri və gedir.

Buduarda soba yanır, pərdələr endirilib, bir qalaq məktub onu gözləyir: operaya, nahara, ballara, həftə sonu qayıqda gəzintiyə, avtomobil turnelərinə dəvətlər. Laqeydliklə gözdən keçirib geyinmək üçün yuxarıya qalxır. Yataq otağında da soba yanır, yatağın üstündəsə gümüşü qılıfın içərisində, bəyaz tüllə örtülü bahalı, par-par yanan paltar sərilib – gümüşü rəngdə şarf, gümüşü ayaqqabılar və xırdaca gümüşü yelpik onu gözləyir. Rozabel bu balda bütün qadınlardan daha cazibəli olduğunun fərqindədir, bütün kişilər onun gözəlliyinə heyrandır, yadelli şahzadə bu ingilis möcüzəsiylə nə zaman tanış olacağının həyəcanını yaşayır. Və budur, şipşirin bir gecə, musiqi və onun gözəl çiyinləri.

Ancaq o çox yorulub. Harri onu evə aparır və yalnız bir dəqiqəliyinə evə girir. Qonaq otağında işıq yanmır, ancaq yuxulu xidmətçi buduarda onu gözləyir. Rozabel çiyinlərindəki bal örtüyünü atır, xidmətçini yola salır və sobanın yanında dayanıb əlcəklərini soyunur; alov onun saçlarında oynayır və Harri yaxınlaşıb onu qucaqlayır: “Rozabel, Rozabel...” Ah, onun qucağı necə də rahatdır, o isə necə də yorulub.

(Gerçək Rozabel qaranlıqda döşəmənin üstündəcə mürgüləmişdi, birdən qəhqəhə çəkib güldü və ağzını əliylə tutdu.)

Ertəsi gün səhər, əlbəttə, onlar Hayd-Parka gedirlər, “Times”də nişanla bağlı elan verilib, yer üzündə hər kəsin artıq bundan xəbəri var, və hamı onları təbrik edir...

Tezliklə Hannover-Sitidəki Müqəddəs Georgi kilsəsində nikahları kəsiləcək və onlar bal ayı keçirməkdən ötrü Harrini qədim ana vətəninə gedəcəklər. Onlar maşınla keçərkən kəndlilər ehtiramla baş əyirlər və Harri onu qucaqlayıb özünə sıxır. Həmin gecə o yenə bəyaz gümüşü paltarını geyinib. Uzun səyahətdən sonra Rozabel yorulub və çox erkən yatmağa yollanır... çox erkən.

Gerçək Rozabel döşəmədən qalxır və tələsmədən soyunmağa başlayır, paltarlarını stulun başına atır. Qaba parçadan gecə köynəyini başına keçirir, saçındakı sncaqları açır. Saçlar yumşaq, qəhvəyi dalğalarla onu bürüyür. Sonra şamı söndürür, əl havasına yatağa yaxınlaşır və yun yorğana və kirli pambıq mələfəyə bürünərək büzüşüb yatır.

Beləcə yuxuya daldı və yuxu görməyə başladı, gülümsündü, bir neçə dəfə, ayılmadan, nəyəsə toxunmaq istəyirmişcəsinə əllərini uzatdı.

Gecə keçdi. Dan üzünün soyuq barmaqları onun açıqda qalmış əlini yaladı, günün bozluğu otağın içəriinə sızmağa başladı. Rozabel yumağa döndü, hıçqırdımı, yoxsa ahmı çəkdi, qalxıb yerində oturdu. Bəlkə də ona miras qalmış, gəncliyinin yeganə sərvəti olan faciəli optimizm üzündən yarı yuxulu dodaqları azacıq gərildi və gülümsündü.

Tərcümə: Rasim.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG