Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

'İlin bu fəslində belə şeylər olur, payızdı, unutmağa çalış'


Payız
Payız

"O dəfələrlə mənə sevmədiyini dedi. “İlin bu fəslində belə şeylər olur, payızdı, unutmağa çalış”.“Heç vaxt sevdiyim olmayib, olsaydı burda sənlə olardım?”- deməsi həyatının ən böyük yalanı imiş... Başqa bir görüşdüyü oğlan haqqında sonradan mesajda yazmışdı".

Ruzbeh Məmməd

AXIRINCI VAQONDAKI QIZ

(hekayə)

Ruzbeh Məmməd.
Ruzbeh Məmməd.

“Yəqin belə olmalıdır! Hər şey insanın istədiyi kimi ola bilməz, qətiyyən...” Dodaqlarını yavaşca, heç görünməyəcək qədər tərpətdi və çox rahatlıqla bu iki cümlədodaqlarının arasından çıxıb yox oldu. Əslində mən də sözlərə qoşulub harasa rədd oldum.Araya nəhəng sükut çökdü.Ünvanını itirmiş adamlar kimi yerimdə qurcuxdum. Boynumu qaldırıb sağa-sola baxdım. Hiss elədim ki, ətrafa baxmağım uzun çəkdi. Ancaq heç kəs mənim pərt olmuş üzümü görmədi. Bəlkədə gördülər, ancaq kimin nəyinə lazım idi axı mənim lənətə gəlmiş taleyim.

Dəqiq xatırlamaya bilərəm. Ancaq yadıma düşür ki, avtobusla şəhərə gedirdim. İşdən tez çıxmışdım.Bilirdim ki, hələ axşama var. Gecədən ağlımda çarpışan işi həll etməliydim.Yəqin ki, o günü boş keçirsəm bir də elə rahat vaxtım olmayacaqdı. Telefonuma mesaj gəldiyini hiss elədim. İlk öncə mesajı oxumaq istəməsəmdə qərarımı dəyişdim və oxudum.Sonra nəzəri diqqətimi toplayıb yadıma saldım.Bəli, mesaj yazanı tanıdım.

Axşam bacıma tələm-tələsik zəng vurdum, onlara gələcəyimi dedim. Planımda var idi ki, səhər şəhərə intervü almaq üçün gedim. Gecədən bu haqda düşünürdüm.İşə necə başlayacağımı bilmirdim. Səhər durub tələm-tələsik şəhərə getdim. Mən hər hansı bir çəkməçidən intervü almalıyam. Qarma-qarışıqlıq içində bir çəkməçiyə rast gəldim. Yaşı altımış və ya daha çox olan bukişi əsəbi halda üzümə baxdı. Bakenbordları çoxdan ağarmışdı. İşgüzar adama oxşayırdı. Həm bıçaq itiləyir, həm də ayaqqabı təmir edirdi. Oturmağa balaca stolu var idi. Günün yenicə başlamasına baxmayaraq, üzündən yorğunluq yağırdı. Daha mən heç nə soruşmadım, uzaqlaşıb dayandım. Bir anlıq işin gedişatı haqqında düşündüm.Lənət olası... Bunun yerinə başqa iş görsəydim daha abırlı olardı deyə beynimdə var-gəl elədim. Məni xəyallardan yalnız gələn mesaj oyatdı. Açıb oxudum: “İstəsən görüşək, bu gün heç bir işim yoxdur, əgər sən uyğun bilirsənsə” . Mən isə, ona da sizə başa saldıqlarımı dedim. Yəqin ki, təkrar yazmaq sizi də bezidə bilər. O isə mənə kömək edə biləcəyini dedi. Hiss etdim ki, bu ən yaxşı çıxış yoludur. Bəlkə birlikdə nəisə düşünə bilək. Saat 12:30 da biz metronun qarşısında görüşməli idik. Mən adəti üzrə tez gəlmişdim. Dizlərim yorulub əsənə qədər gözlədim.Heç bilmirəm necə başa salım, çox həyəcanlı idim. Mənə elə gəlirdi ki, yıxıla bilərəm və ya nitqim quruya bilər. Ancaq bunların heç biri baş vermədi. Mən sadəcəunutdum ki, bu gün nə iş görməli idim?

Çox qəribə oldu, mənim unutduğum işi o yadıma saldı. Və 28 may küçəsində yerləşən çəkməçilərdən yazı hazırlaya biləcəyimizi dedi. Biz ora getdik.Yolda başa saldım ki, məqsədim iqtisadi böhran içində yaşayan çəkməçilərin də səsini aləmə çatdırmaqdır. Ancaq yaxınlaşdığım çəkməçilər bu yazını hazırlamq üçün məqsədəuyğun olmadıqlarını dedilər. Sonra bezib üzü sahilə doğru getdik. Dənizə yaxın skamyada əyləşdik. İkimiz də bərk yorulmuşduq.

Buna da bax: Sənə şer yazıramsa bu sevmək yox, darıxmaqdı...

İndi mən hələ sizə ilk görüşdən danışıram. Hə, onunla ilk görüşümüzü lap uşaqlığım kimi xatırlayıram. Mən ona belə bir söz demişdim:

-Səni biləcək qədər tamamilə özünü qarşındakı qadına anlatma, hər necəsə səni başdan ayağa öyrənib gedəcək. Əgər istəyirsənsə aranızdakı sevgi uzun çəksin, o zaman özün haqda bildiklərini tam xərcləmə!

O da gözlərini uzaqlara zilləyib baxmışdı. Baxışlarında qeyri-səmimilik hiss olunurdu.

- Sən çox romantik insansan, bu sözləri necə düşünə bilirsən,- deyəmənə söz vurmağı heç xoşuma gəlməmişdi. Sonra ikimizdə yellənən bayrağa baxırdıq.

- Külək bayrağı dalğalandırdıqca rənglər az qala bir-birinə qarışa- dedi və nəyisə izah etməyə çalışdı. Mən isə heç nəyi xatırlamıram. Hə, ola bilər unutmuşam. Ya da, inanmıram ki, unutmadıqlarım sizə maraqlı olsun. Sizə onu deyim ki, sevgi barəsində nə qədər təcrübəm olsada, bəzən çətinlik çəkirəm. Qərarsızlığımdandır yəqin!

Günün ikinci yarısı keçmişdi. Söhbətin şirin yerində anidən dayandı və...

- Sənə bir təklifim var- dedi.

- Bu ayın iyirmi üçü kinoya baxmağa gedə bilərəkmi? - yavaşca soruşdu.

Nitqində yenə dolaşıqlıq hiss olunurdu. Bu həyəcan deyildi.Nəsə demək istədiyi lakin deyə bilmədiyi söz nitqinə də sirayət etmişdi. Mənə aşiq olduğunu demək istəmirəm, xasiyyətim haqqında bəyənmədiyi söz idi bəlkə də. Bəlkədə mənim düşündüklərimin heç biri deyildi. Ancaq nəsə çaşa-çaşa danışırdı. Hər nə isə ancaq bu təklif çox əla təklif idi.Yox demək ağılsızlıq olardı. Bircə “hə” deyə bilərdim. Hisslərimlə onun təklifini yüksək qiymətləndirdim. O da bunu başa düşdü. Yanaqlarına təbəssüm qondu. Başı ilə təşəkkür etdi.

Onun dediyi vaxtla, həmin gün arasında düz yeddi gün vardı. Mən həftəboyu işlərimi qaydasına salmaq niyyətindəydim. İşlərim çox idi. Bütün işlərimi bitirib onunla görüşəcəyim günə ümidlənirdim. Aman Allahım, bu lap uşaqların ilk məktəb sevincinə oxşayırdı.Yeri gəlmişkən, məktəbin ilk günü sevincimdən yatmamışdım. Deyəsən o hisslər çox adamın başına gəlir.Uşaqlıq sevinci başqadı. Siz nə deyirsiniz deyin, ilk məktəb sevincini əvəz edə biləcək heç nə yoxdur. Bu görüşümüzü də mən ilk məktəb gününə bənzədirəm.İndidə əllərim əsir, dodaqlarım titrəyir, ayağım yer tutmur. Lakin mən bilirdim sevinc çox uzaq çəkmir. “Gərək heç nəyə ürəkdən bağlanmayasan, heç əşyaya da. Hər an sənin olmaya bilər”- bunu deyəsən türk şairi Can Yücəl deyib. Üzülmək varsa işin ortasında öncədən hər şeyi düşünmək əla olar. Mən öncədən heç nə düşünməmişdim. Bircə bilirdim heç nə yaxşı olmayacaq...

Hava azca qaralmışdı. Ancaq uzaqdan gələni görmək olurdu.Maşınların işıqları, küçə işıqlarına qarışmışdı. Mən belə vaxt şəhərdə gəzməyi sevirəm. Soyuq olanda, yağış yağanda küçə işıqları sanki yalqızlaşır.İnsanlar evlərinə çəkilir, səhəri bircə ulduzların, ayın müşayəti ilə açırlar. Açığı deyim ki, şəhəri belə görəndə mən dəli kimi darıxıram. Hava soyuq olduğundan, ya da həyəcandanmı, çox pis üşüyürdüm. Ancaq iki stansiyalıq metroda əməlli-başlı isinə bildim. Qatara minəndə ən axırıncı vaqona mindim. Keçib qapıya çiynimi söykədim.Vaqonda ayaq basmağa yer yox idi. Əyləşmiş və yaşı on səkkizi azca keçmiş bir qız mənə diqqətlə baxırdı. Mən isə axırıncı vaqonun romantikasını düşünürdüm. Bizim baxışlarımız bir neçə dəfə toqquşdu. Mənə elə gəldi ki, xanım pintidir. Əlləri ilə çantasını eşələyəndə bunu başa düşməmək qeyri-mümkün idi. Burnu azca dik idi və saçlarını hörmüşdü. Bir anlıq nəzərimi topladım, hara və nə üçün getdiyimi yadıma saldım. Qatar saxladı, mən heç o qıza daha baxmadan vaqondan endim.Tələm-tələsik eskalatordan düşüb iri addımlarla çıxışa yaxınlaşdım və çıxışa az qalırdı ki, çıxış qapısının arakəsməsindən onun çiyin hissəsini gördüm. Mən çıxıb onun arxasınca getdim. Deyəsən mənə zəng etmək üçün telefonunda nömrə yığırdı. Mənlə onun arasında düz iyirmi metr olardı. Hava günəşli olsaydı mən ona yaxınlaşdıqca kölgəm daha çox yaxınlaşardı. Ancaq günəş göyün yeddinci qatında itib-batmışdı. Ona yaxınlaşdım, boğazımı arıtladım, küçə qaranlıq olduğundan qorxmasın deyə bildiyimiz tanış sözlərlərlə salamlaşdım.

- Ümid edirəm ki, gecikmədim, siz gecikən insanları sevmirsiniz, elə deyilmi?!

Çiyninin üstündən başını döndərib gecikdiyimi dedi. Hiss elədim ki, o da danışmaq üçün söz olsun deyə bunları işlətdi. Axı uzaqbaşı arada üç-dörd dəqiqə fərq ola bilərdi. Əvvəl üz-üzə dayandıq, onun qərarı ilə gedəcəyimiz yeri seçdik. Biz qoşa yeriyirdik. Hamı harasa tələsirmiş kimi sürətlə gedirdi. Deyəsən mən onun sağıyla yeriyirdim. Bu nəyəsə işarə deyildi, sadəcə biz gedəcəyimiz yeri qərarlaşdıranda mən onun sağında dayanmışdım. Ona görə də, yola başlayanda sağından yeriməli oldum.Bir kəlmə də kəsmədik. Hətta mən ağzımı açıb demək istədim ki...

- Lütfən, oturub danışarıq,- deyə mızıldandı.

İçində mənə qarşı aqressiv olduğunu sanki gözümə soxdu. Bu insafsız davranış idi.Daha heç nə demək istəmədim. Bircə özümdən biixtiyar “hmmm”elədim. Yerimdə yenə qurcuxdum. Gözlərim axdı. Soyuq yağış damlası boynumun açıq yerindən içəri damdı. Restorana girib özümüzə uyğun bir yer seçdik. Onun oturmasını gözlədim. Saçlarına ilişib qalmış boğazlığını açıb çantasına sığdırdı. Əynində tünd, göy üzü rəngində puloveri var idi. Saçlarını yığmışdı. Bildiyim qədəriylə həm də qısa idi.

Buna da bax: Əsas insana can sağlığıdı, yeri gələndə unutmaq da olar

İçəridə az adam var idi. Təzə oturmuşduq ki, bir xanımla bəy bizdən iki stol o tərəfdə əyləşdilər. Oğlan çox zövqsüz geyinmişdi. Üzünün tükləri dolaşmışdı və az qala gözünü örtə. Almacıq sümüyü çox qabarıq idi. Üz dərisini deşib çölə çıxmağa hazırlaşırdı. Çiyinləri köynəkdən çox əcayib bilinirdi. Kobud əlləri və kəsilməmiş dırnaqları da gözümdən yayınmadı. Mən gözümü bunlardan çəkib anidən ona tərəf baxdım.Söhbət eləmək üçün söz axtarırdım. Ayaqlarımı yerə dirəyib, əllərimlə çəngəli oynada-oynada nitqimə belə başladım:

- Sən axı niyə...?

Sözümü kəsdi, mən deyəsən pərt oldum.

-Bilirəm nə deyəcəksən. Ehtiyac yoxdur!

Anidən bədənimdə isti tər hiss elədim. Əlimi alnıma apardım.Başım gicəlləndi. Mən demək istəyirdim ki, sən axı niyə hər şeydə mənim yerimə təkbaşına qərar verirsən. Sanki bu sualı mən ona verməmişdim, o da eşitməmiş kimi söhbət ayrı istiqamətə yönəldi. Biz hər şeydən danışdıq. Bircə özümüzdən başqa.Yox, deyəsən özümüzdən də danışdıq, təlatümlü, həm də kövrəkcəsinə danışdıq. Sonra yadıma düşəndə deyirdim ki, kaş sözümü kəsəndə heç danışmazdım, ya da durub gedərdim!

Biz qalxdıq, hesabı ödədim. Qarşıma keçib, üzümə gözlərini zillədi.

- Bax sözümüz sözdür, ayın on beşi bu masada, bu vaxt görüşəcəyik,- dedi. Gülümsündüm, xeyli baxdım, gözlərinin dərinliyindəki nöqtələr məni inandıra bilmədi.İçimdəki şübhələr daha da gücləndi. Ancaq yalançı vədlərə sevinmədiyimi demirəm, təbii ki, sevindim.Restorandan çıxıb şəhər marşrutunu gözlədik. Sonra bir anda taksiylə getməyi düşündük. Mən onu ötürüb gecənin qaranlığında yolun sağına-soluna fırlana-fırlana evə qayıtdım.Tərslikdən əynim də nazik idi.Küçənin başında arıq axsaq it durub mənə baxırdı. Mən yaxınlaşanda bir qıçını qarnına sıxıb axsaya-axsaya gözdən itdi.

- Əclaf, sən də görüşdən gəlirsən- deyə arxasınca pıçıldadım.Əllərimi göyə qaldırdım, istədim bərkdən güləm.

Cümə axşamı idi. O günü hər şey mənə bərbad görünürdü. Mən bütün gecə metroda gördüyüm qızı xatırlamışdım. Ancaq onu tanımıram. O isə məni tanıyır, mütləq tanıyır. Baxışlarından belə anlamaq olurdu. Mən ona aşiq-falan olmamışdım...qətiyyən! Bəzən tanımadığın adam sənə çox yaxın olur. Nə bilim vallah… Belə təsadüf ola bilməzdi. Sonra yadıma saldım ki, kitab mağazasında satıcı ola bilərdi.

Evə gəldim, bizim otaq soyuq idi. Uşaqlar bizdə toplaşıb özləri üçün əylənirdilər.Yadımdaykən deyim ki, mən içki içən deyiləm. İçki insanları sadəcə bir anlığa xoşbəxt edə bilər.Bir anlıq xoşbəxtliyi puç və əfsanə sayıram. Onu da deyim ki, hər şeyi bir anda etmək, tələsmək bəzən adam üçün yaxşı olmur. Əgər sən tələsirsənsə daha çox gözləməli olacaqsan.Lənət şeytana, gözləmək demiş, mənim gözləmək adlı şeyə fobiyam var. Gəlin o gün haqda danışım. O gün əslində mən gözləməliydim, ancaq şəhərdə tıxac var idi. Biz eyni avtobusla, eyni yerə gələcəkdik. Ancaq mən seçimimi dəyişdim.Yolda avtobus qarşıdan keçən maşını vurub yolun kənarına atdı. Sürücü maşını saxladı, düşüb qaçdı ki, qarşısına keçən maşının sürücüsü ilə dalaşsın.Avtobusun dayanacaqda saxlayacağı halda gec olacağını bilib, düşüb qaçdım.Bilmirəm necə izah edim.Bu hadisə əslində birinci görüş günü baş vermişdi.İzah edəndə utandığından gözümün içinə baxa bilməmişdi.

Oktyabr ayı idi.Yuxulu durub pəncərədən havaya baxdım. Hava xoş və isti idi. İşə getməmişdən öncə zəng etdim, dəstəyi gec açdı. Nəfəsini rahatlıqla eşidə bilirdim. Az qala nəfəsi ilə məni dartıb aparacaqdı. Elə bir niyyəti olsaydı mən müvazinətimi itirmişdim, çox rahatlıqla apara bilərdi.Və mən bunu arzu edirdim. Kiçik zaman fasiləsinə çox şeyi sığdırdıq.

Mənim iki yaxşı dostum var. Birinin adı Pərvin, biri isə Furqandır. İkisi də əla oğlanlardır.Pərvin mənim dörd illik otaq yoldaşım olub, çox istəyirəm onu. Əlini haram heç nəyə uzatmaz, bir də duyğusal oğlandır. Sevdiyi qızdan ayrılandan sonra daha da həssas oldu.Zəng vurub danışanda səsi kövrək, həm də astadan eşidilir.Furqan da, çox yaxşı oğlandır.Şairliyi olmasaydı daha çox istiyərdim onu.Çünki şairlər başqa cür bədbəxt olurlar. Özüm kimi bədbəxt yer üzərində yoxdur desəm ... bilirəm inanmayacaqsınız! Dostlarımla bir arada ola bilmirəm. Yalnız telefonla əlaqə saxlayırıq. Furqanla bir-iki dəfə görüşmüşük.Sevgi şeirlərimi kimə həsr etdiyimi soruşdu. O andaca qollarımla, ayaqlarımı səhv saldım. Gülüb üstündən keçdim, nə deyəcəyimi bilmədim. Pərvin məni çox yaxşı tanıyır.Ona sevgi hisslərimdən danışanda məni danlayır. Hələ bu dəfə elə çox danladı.

“Bir gün görməklə aşiq ola bilməzsən, bəlkə bağlılıqdı” deyə zəhləmi tökdü, çoxlu suallar verdi. Vallah heç özüm də cavab tapa bilmədim.Əclaf çox insafsız suallar verirdi.Əslində sevgidən danışmaq özü də çətin işdir.Hələ bu qarşındakı sənin hisslərinə ötərgi baxırsa.Belə çıxır ki, sən bir soyuq qış yuxusunda sayıqlayırsan.Və ayılmağını gözləyirsən. Ən pisi də, odur ki, sayıqladığını kimsə sənə demir, özün duyursan.

Biz növbəti görüşümüzdə çox yeri piyada gəzdik. O məndən bir addım həmişə sürətli yeriməyə çalışırdı. Mən isə addımlarımı yubatmaq niyyətindəydim. Çünki istəyirdim ki, o mənim daha çox yanımda qalsın.Bu başqa bir istək idi. Heç özümün bu hisslərimdən xəbərim yox idi.Özümü necə apara biləcəyimi də bilmirdim.

Buna da bax: 101 il sevdiyim qadın üçün...

Saat səkkiz oldu.Anidən gözləmədiyim mesaj məni təəcübləndirdi. Həm də az qala özümdən çıxam. Mesaj iki-üç cümləlik idi.Nitqi kimi mesajı da, kobud və başa düşülməz idi.Gözlərimi elə açdım ki, sanki kor adamlar kimi.İki dəfə təkrar oxudum.Bizimkilər yığışıb yemək yeyirdilər.Mən də yemək yeməyə niyyətliydim, bərk acmışdım.Boğazımdan heç nə keçmədi.“Kola”-dan süzdüm, dərin ah çəkib içdim.Sanki şərab içənlər kimi üz-gözümü turşutdum. Mənim uzaqdan-uzağa tanıdığım bir uşaq var ,bizlə qalır. Nazirlikdə işləyir.Yaxşı oğlandır.Onunla çox yaxşı söhbətlər edə bilirik. O səhər heç nə yemədən işə gedir. Onun ardıyca mən çay içib çıxıram evdən.Biz çox yaxşı anlaşa bilirik. O deyir ki, onun bir dostu var ,Almaniyada yaşayır. Amerikada təhsil alıb.Onun bir çox uğurları var, hamısı almansayağı qərar verə bilməsidi.Ən yaxın adamı belə ona xəyanət edibsə, bitdi hər şey.Dediyinə görə, heç vaxt bağışlamır. Əslində haqlıdır, sənə ilk xəyanəti edə bilən adam ikincini daha rahatlıqla edə bilər. Qərar?... yox, mən sadəlövəm, hər dəfə bağışlayıb üzülməyə alışmış biriyəm. Belə olmasaydı kaş! Lənət olsun, mən başqa şeydən danışacaqdım. Hə, o gün mən bərbad gündəydim, sanki evimiz uçmuşdu, ya da yanmışdı. Çox pis görünürdüm.Dörd gün yarım bizim aramızda heç bir bağlantı olmadı.Mən də heç bir əlaqədə yaratmadım.Günün ikinci yarısında mənə bir mesaj gəlmişdi.“Saat dörddə B. Metrosunun çıxışı”. Çox pis... Bu ürəyimcə olmamışdı.Mən tələsik işdən çıxıb şəhərə doğru addımladım.Sanki havada bir qədər nəmişlik var idi.Az qala ağciyərlərim ovulub töküləcəkdi. İşin tərsliyindən kartımda pul yox idi.Dayanacaqda bir xanım durmuşdu, yəqin o da üşüyürdü. Dizləri əsirdi.Yaxınlaşdım, yaxınlaşmadan öncə nə deyəcəyimi düşündüm.Elə də asan olmadı.Sanki qəribə utancaqlıq var idi.Üzünə baxmadığımı dəqiq bilirəm.

- Xanım sizin kartınızdan istifadə edə bilərəmmi?

- Əlbəttə, gedəcəyimiz yer birdisə... güldük..

- Aha, bir olacağını bilmirəm, mən “X” nömrəni gözləyirəm.

- Mən də, - dedi.

- Gözləyək! - Həyəcandan əsər-əlamət qalmamışdı.Ara-sıra onun dizlərinin, çənəsinin əsməyinə fikir verirdim. Avtobus gec gəldi.Mən təşəkkür etməyi unutmuşdum. O məndən tez düşdü deyə, düşəndə baxdı üzümə. Gülümsünməklə təşəkkür etdiyimi bildirdim.Bu təşəkkür elə də çətin olmadı.Mən metronun girişində dayanıb zəng etdim.Açmadı.Yenə zəng etdim, yenə açmadı.Axırıncı dəfə zəng vurdum ki, açmasa çıxım gedim.Çox soyuq idi. Əllərimi hiss eləmirdim. Və axır ki, səsini eşitdim.

- Əgər gəlmək istəmirdinsə deyəydin, gözlədim səni, getdim”.Getdim sözünü axıracan tam demədi, söndürdü.Özümü oturacağa çatdırıb sakitcə əyləşdim.Soyuq külək üzümə vururdu.Vurduqca gözlərimin içi ağrıyırdı.Mən evə qayıdanda saat deyəsən doqquz idi.Və biz bir daha görüşmədik. O dəfələrlə mənə sevmədiyini dedi. “İlin bu fəslində belə şeylər olur, payızdı, unutmağa çalış”.“Heç vaxt sevdiyim olmayib, olsaydı burda sənlə olardım?”- deməsi həyatının ən böyük yalanı imiş... Başqa bir görüşdüyü oğlan haqqında sonradan mesajda yazmışdı. Mən hər şeyi yenidən başlamağı düşünürəm, əgər gücüm çatsa... İlk görüşdə qarşılaşdığım ağsaq iti iki saat bundan əvvəl maşın vurmuşdu- yəni ki, səhərə yaxın.İşə gedəndə, yolun bir kənarında gördüm. Mən intihara oxşatdım.Yəqin ki, özünü atmışdı maşının altına.Sonra da axrıncı vaqondakı qızı xatırladım. O hardansa mənə tanış idi. Kitabxana və ya digər başqa yerdən.. Bir də qarşılaşsaq yəqin ki, xatırlayaram. Əgər xatırlaya bilsəm yəqin ki, mən keçmişdə yaşananları çox rahatlıqla unuda bilərəm. Və ya əksi də ola bilər. Xudbincəsinə düşünmək mənim çoxdankı işimdir.Yəqin siz də Amerikada baş verənlərlə, ya da Suriyadakı qətliamlarla maraqlanırsınız. Əminəm manşetlərə çıxarılmış xəbərlər sizin üçün yorucu və maraqsızdır. Elə mənim danışdıqlarım da. Oxuyub bitirəndən sonra heyfiniz gələcək vaxtınıza.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG