Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:46

Edogawa Rampo: 'Kreslonun içində yaşayan adamın xatirələri'


Japanese writer Edogawa Rampo.
Japanese writer Edogawa Rampo.

"Dəhşət... Doğurdanmı sevdiyi o kresloda yad kişi gizlənirdi? Yosiko qəzəbindən əsirdi. O əsməyini sakitləşdirə bilmirdi, sanki onun başından soyuq su tökmüşdülər. Omat-məəttəl düz qarşısına baxırdı. "Nə etmək lazımdır?""

Edogawa Ranpo (1894-1965) yapon yazıçısı

Kreslo adam

hekayə

Yosiko hər səhər ərini xidmətə yola salıb, Avropa üslubunda qurulmuş kabinetinə çəkilirdi. O, olduqca mötəbər "N" jurnalının yay nömrəsində çıxacaq yeni romanının üzərində işləyirdi. Yosiko təkcə gözəl və istedadlı deyildi, o həm də məşhurluqda, Xarici İşlər Nazirliyinin katibi olan ərini kölgədə qoymuşdu.

O hər gün naməlum oxucularından çoxsaylı məktublar alırdı. Bu gün yenə işə başlamazdan əvvəl, vərdişi üzrə korrespondensiyaya baxırdı. Sonsuz və darıxdırıcı müraciətlərdən savayı yeni heç nə yox idi. Lakin Yosiko əsl qadın diqqətcilliyi ilə, bir birinin ardınca zərflərin möhürlərini açırdı.

İlk növbədə o iki qısa məktub və açıqcanı oxudu. Əlyazmaya oxşayan möhürlənmiş qalın məktubu isə sonraya saxladı. O əlyazma haqqında qabaqcadan heç bir bildiriş almamışdı. Lakin bir qayda olaraq əvvəllər də, yeni başlayan gənc yazıçılar uzun, darıxdırıcı və əsnəmə gətirən yazılarını ona göndərirdilər. Yosiko vərdişini dəyişməmək qərarına gəldi və heç olmasa başlığı oxumaq üçün zərfi açdı.

Bəli, o yanılmamışdı. Bu ağır zərfin içindəkilər həqiqətən əlyazma idi. Qəribə olsa da, ilk səhifədə nə ad ,nə başlıq yox idi. Hekayə sadəcə belə başlanırdı: "Xanım!..."

Yosiko dalğın halda bir neçə sətirə nəzər yetirdi və onun ürəyini narahat hisslər bürüdü. Hərçənd ki, maraq ona qalib gəldi və o yazıya kökləndi.

"Xanım!

Sizin üçün yad biriyəm və belə həyasızlığa görə məni bağışlamağınızı xahiş edirəm. Haqlı təəccübünüzü təsəvvür edərək dərhal deyəcəyəm ki, mən sizə qorxunc bir sirr açmaq niyyətindəyəm. Cinayət sirrimi.

Budur, artıq bir neçə aydır ki, dünyadan gizlənib, həqiqətən şeytan həyatı sürürəm. Heç bir canlı insan bilmir ki, nə işlə məşğulam. Şərait belə gətirməsəydi heç vaxt insanların dünyasına qayıtmazdım.

Ancaq son zamanlar ruhumu çevirmiş dəyişikliklər oldu. Daha susmaq gücündə olmadığım üçün, etiraf etməyə qərar verdim. Ehtimal ki, məktubum elə ilk sətirlərdən sizə qəribə görünəcək, lakin yenə də sizi and verirəm ki, onu kənara qoymayın və sona qədər oxumağa çalışın. O zaman ola bilər ki, ümidsiz vəziyyətimi anlayacaq və təxmin edəcəksiniz ki, niyə məhz sizə, bu nəhəng etirafı etməyə cəsarət göstərmişəm.

Heç bilmirəm, nədən başlayım. Görürsünüzmü, sizə danışmaq fikrində olduğum şeylər o qədər ədəbsiz və inanılmazdır ki, hətta lələk də mənə xidmət etməkdən boyun qaçırır. Amma nə olur olsun, mən öz qərarımı verdim və sıra ilə hadisələri təsvir edəcəyəm.

Ondan başlayacağam ki, mən gözlərdən iraq çirkinəm. Bunu yadda saxlayın. Çünki mən ehtiyat edirəm ki, siz mənim inadlı xaişimə qulaq asıb, dəhşətli və belə mövcudluğumun uzun aylarından sonra daha da iyrəncləşən görkəmimi təsəvvür etmədən, məni görmək istəyəcəksiniz. Bu görüş sizin üçün böyük sarsıntı ola bilər.

Bədbəxt taleyim mənim! Bu qədər görkəmsiz bədəndə təmiz, atəşli ürək döyünür. Öz çirkinliyimi, qeyri-kübar kökümü unudub, şirin xəyallar dünyasında yaşayırdım.

Əgər zəngin ailədə doğulsaydım, bədxərclik və əyləncələrdə təskinlik tapmağı bacarar və şəxsi dəyərsizlik duyğusundan əzab çəkməzdim. Yaxud mənə istedad verilmiş olsaydı, mən çox gözəl sətirlər qoşub, öz bədbəxtliyimi unudardım. Lakin Tanrılar mənə heç də mərhəmətli davranmadılar və məndən sadəcə kasıb sənətkar, usta alındı.

Edogawa Rampo-nun "Kreslo adam" hekayəsinə çəkilmiş rəsm.
Edogawa Rampo-nun "Kreslo adam" hekayəsinə çəkilmiş rəsm.

Elə oldu ki, müxtəlif cür stul və kresloların hazırlanması üzrə mütəxəssis oldum. Mənim əlimlə hazırlanmış mebellər sifarişçilərin ən nəfis zövqünü oxşayırdı. Ticarət mərkəzlərində şöhrət qazanırdım və yalnız ən bahalı, təmtəraqlı şeylər mənə sifariş edilirdi: kəsikli arxalığı və qoltuqaltlarıyla dəbli kreslolar, qeyri adi forma və ölçüdə gözəl balışlar, bir sözlə ancaq zərif və füsunkar mallar. Belə sifarişi yerinə yetirmək üçün, elə böyük bacarıq və ağır zəhmət tələb olunur ki, bunu bu işdən xəbərsiz olanlar təsəvvür belə edə bilməz. Amma işi bitirəndən sonra sonsuz sevinc hiss yaşayırdım, ona görə yox ki, ağır əmək arxada qalıb... Məni ehtiramsız ədəbsizlikdə qınaya bilərsiniz, lakin yenə də öz hisslərimi, dahiyanə əsərini indicə bitirmiş rəssamın zəfər hissləri ilə tutuşdurmağa cəsarət göstərəcəyəm. Kreslonu hazırlayıb rahat olduğunu yoxlamaq üçün ona ilk özüm əyləşirdim və hansısa müqəddəs titrəməni hiss edirdim. Onlar mənim darıxdırıcı, rəngsiz həyatımın ən həyəcanlandıran anları idi və özündənrazı zəfər hissi içimi doldururdu. Təsəvvür etməyə çalışırdım, kim mənim kreslomda əyləşəcək, tanınmış zadəgan, valehedici gözəl... Fantaziyam məni kreslo sifariş edilmiş evə aparırdı. Orada hökmən ona yaraşan, bahalı və nəfis bəzək-düzəklər ilə dolu olan, divarlarında məşhur rəssamların tabloları asılan, tavanından parlaq büllurdan çılçıraq sallanan otaq olmalıdır. Döşəmədə içində ayaqlar batan təmtəraqlı xalça. Kreslonun yanında kiçik masada isə, əcaib gözəlliklə ətir saçan gül dolu, gözqamaşdırıcı Avropa güldanı. Dəli xəyallarımda mən özümü bu sarayların sahibi kimi hiss edirdim və bundan sözlə təsvir edə bilməyəcəyim qədər həzz alırdım.

Təxəyyülüm sərhəd tanımırdı. Özümü kresloda, dizlərində gözəl sevgilisi oturan zadəgan kimi təsəvvür edirdim. O mənə füsunkar, zərif təbəssümlə qulaq asır, mən onun qulağına eşq sözləri pıçıldayıram.

Lakin kövrək xəyallarım pinti qadınların ciyiltili qışqırıqlarından, burnu fırtıqlı körpələrin dəhşətli çığırtılarından çat-çat olub yerə səpələnirdi. Gözlərimin önündə yenə eybəcər reallıq dayanırdı - boz və qəmgin. Xəyallarımın sevimli qızı...ah, o tüstü kimi əriyib yox olurdu. Bəli, hətta küçədə öz çirkli uşaqları ilə əlləşən qonşu qadınlar da məni diqqətə layiq görmürdülər. Yalnız təmtəraqlı kreslo öz yerində qalırdı, onu da hökmən məndən alıb, mənim üçün əlçatmaz olan dünyaya aparacaqdılar.

Hər dəfə sifarişdən ayrılanda ümidsiz məyusluğa və kədərə düçar olurdum. Bu hiss məni hiddətə gətirirdi.

"Bu qədər yazıq həyat sürməkdənsə, ölmək daha yaxşıdır" fikrini qəbul edirdim. Doğru deyirəm, ölüm haqqında çox israrla düşünürdüm.

Amma bir dəfə ağlıma belə fikir gəldi: ölmək niyə? Ola bilər başqa çıxış yolu mövcuddur?

Fikirlərim daha təhlükəli istiqamət almağa başlayırdı...

O zaman tamamilə yeni quruluşlu, böyük dəri kreslo üzərində işləyirdim. O İokoqamada hansısa bir avropalıya aid mehmanxana üçün nəzərdə tutulurdu. Əvvəlcə o kreslonu xaricdən gətirmək niyyətində idi, amma istedadımı tərifləmiş tacirin vasitəçiliyi sayəsində bu sifarişi mənə verdilər.

Yemək və yuxunu unudub tamamilə bu işə yükləndim. Hər şeydən əl çəkib, bütün ruhumu ona qoymağa başladım.

Budur , kreslo hazır idi. Ona baxıb görülməmiş heyranlıq hissi keçirdim. Özümü belə valeh etmiş, şah əsər yaratmışdım. Qabaqcadan günəşə çıxarıb, adətim üzrə kresloya oturdum. Ah, bu necə də, heç nə ilə müqayisə oluna bilməz, valehedici bir həzz idi.

Nə çox yumşaq, nə də çox sərt oturacaq özünə elə cəlb edirdi ki... Hələ dəridən çəkilmə o üzlük... Süni rənglənməyə nifrət edirdim, ona görə dərinin təbii rəngini saxlamışdım. Toxunarkən barmaqlarda elə xoş hiss yaranırdı ki, sanki yumşaq əlcək geyinirdin. Kreslonun bədənə yapışan arxalığı, zərif formalı yumru qoltuqaltları - bütün bunlar rahatlıq və harmoniya hissi doğururdu. Kreslo əsl gözəllik təcəssüməsi idi.

Mən rahat əyləşib, qoltuqaltlarını sığallayaraq həzz alırdım. Həmişəki kimi, xəyallara dalmışdım. Bu dəfə onlar o qədər canlı və parlaq idilər ki, qorxuyla özümdən soruşdum: - "dəlilik deyilmi bu?". Elə birdən ağlıma dahi bir fikir gəldi. Mütləq ki, onu iblis özü mənə gizlicə dedi. İdeya fantastik və dəhşətli idi, məhz ona görə mən onu rədd etmək gücündə deyildim.

Şübhəsiz ki, o mənim sevimli kreslomdan ayrılmamaq istəyimdən yaranmışdı. Mən onun arxasınca dünyanın sonuna getməyə belə, hazır idim. Amma o müddət ərzində təxəyyülüm bu ideyanı təfərrüatlarla zənginləşdirəndə, ağlımda o nəhəng fikir yarandı. Çox dəli bir fikir. Amma siz təsəvvür edin, nə olur olsun onu həyata keçirməyə qərar verdim...

Göz qırpımında kreslonu sökdüm və yenidən yığdım, amma bu dəfə elə ki, o mənim planlarımın həyata keçirilməsinə xidmət edə bilsin. Bu dəri ilə döşəməyə qədər üzlənmiş böyük kreslo idi. Bundan savayı arxalıqla qoltuğaltları elə ölçü və formalara malik idi ki, daxilində insanı gizlədə bilərdi və onu heç kim aşkar etməzdi. Əlbəttə, dəri üzlüyün altında taxtalar, polad yaylar yerləşirdi, lakin bütün bacarığımı sərf edib onu elə dəyişdirdim ki, oturacaqda dizlərim, arxada isə bədənimlə başım yerləşsin. Kreslonun formasını alıb onun içində istədiyim qədər qala bilərdim.

Gücümü əsirgəmədən çalışdım və hətta öz şəxsi rahatlığım üçün bir neçə təkmilləşdirmə üsulu fikirləşdim. Məsələn, nəfəs almaq və kənardan səsləri eşitmək üçün gözlə görünməyən bir neçə dəlik açdım. Bundan savayı arxada baş səviyyəsində bir rəf asdım, orada su qabı və quru qidalar saxlanıla bilərdi. Təbii ehtiyaclar üçün böyük rezin kisə nəzərdə tutmuşdum. Hazırlıqlar bitəndə mənim yuvam yaşayış üçün tamamilə yararlı idi. Onun içində heç bir ehtiyac hiss etmədən bir neçə gün yaşamaq mümkün idi. Bir sözlə tək adam üçün bir otaqlı ev...

Üst paltarlarımı çıxarıb, içəri girib oturdum. Qəribə hiss! Mənə elə gəldi ki, özümü diri-diri sərdabəyə hördüm. Bu elə əsl sərdabə idi. Sanki gözəgörünməz paltarı geyinib, dünyadan yox olmuşdum...

Tezliklə kreslonun arxasında arabalı xidmətçi peyda oldu. Mən eşidirdim ki, olanlardan xəbərsiz şagirdim ona nəsə başa salırdı.

Kreslonu arabaya qoyanda, yükdaşıyanlardan kimsə deyindi: - "Lənətə gələsən. O çox ağırdı"- və mən qorxudan büzüşdüm. Belə kreslolar onsuz da çox ağır olurlar deyə, narahatlığa əsas yox idi. Sonra yoldakı çala-çuxurların arabanı necə silkələdiyini hiss edirdim. Mən dəhşətli həyəcanlanırdım, amma hər şey yaxşı qurtardı. Həmin gün kreslonu sağ-salamat mehmanxanaya daşıdılar və yerə qoydular. Nəticədə mənə aydın oldu ki, bura mehmanxana nömrəsi yox vestibüldür.

Yəqin təxmin etdiniz ki, mən daha bir hədəfi təqib edirdim: oğurlamaq. Əlverişli məqam tapan kimi, çıxmaq və nəyisə götürmək mümkün idi. Kimin ağlına gələrdi ki, kresloda insan gizlənir.

Otaqdan otağa kölgə kimi gizlicə dolaşa bilirdim, səs küy qalxan kimi isə, etibarlı sığınacağıma üz tutub gizlənirdim. Nəfəsimi saxlayıb insanların təlaşlı oğru axtarışlarına qulaq asırdım. Yəqin ki, sahilboyu daşlarda yaşayan, tərki-dünya xərçəng haqqında eşitmisiniz. Görkəmindən o böyük hörümçəyə bənzəyir. Ətrafda sakitlik hökm sürürsə, tərki-dünya xərçəng sahilboyu sırtıqcasına gəzir, şübhəli səs-küy eşidən kimi isə, dərhal öz qabığında gizlənib, tüklü iyrənc pəncələrini çıxarıb düşmənin hərəkətlərini müşahidə edir. İndi mən ona bənzəyirdim. Yalnız balıqqulağında deyil, kresloda gizlənirdim. Bir də dəniz sahilində deyil, mehmanxanada dolaşırdım.

Bəli, fikirlərim insan təxəyyülünün çərçivəsindən kənara çıxırdı, elə ona görə də müvəffəqiyyətli idi. Hər halda mehmanxanada olduğum bu üç gün ərzində çox yaxşı "balıq ovu" alınmışdı. Hər dəfə ova çıxarkən, növbəti uğurlu oğurluqdan sonra məni izahedilməz sevinc hissi əhatə edirdi. Hələ kreslo ətrafında əşyaları oğurlanmış insanların çaşqınlıqla ora-bura qaçarkən, həyəcanlı səslərinin məni necə əyləndirməsindən danışmıram.

Təəssüf ki, indi macəralarımı ətraflı təsvir etmək vaxtı deyil. Beləliklə, icazə verim davam edim...

Gözlənilmədən daha kəskin və günahkar həzzin mənbəyini kəşf etmişdim. Diqqətli olun, biz əsas şeyə yaxınlaşırıq.

Amma əvvəlcə bir az geri qayıdacağıq, o yerə ki, məni kreslo ilə birlikdə vestibülə gətirmişdilər.

...Beləliklə kreslonu döşəməyə qoydular və bütün mehmanxana xidmətçiləri növbə ilə onda oturdu. Az keçmədi ki, bu onları darıxdırdı, onlar da kreslodan uzaqlaşdılar. Heç nə ilə pozulmayan uzun sakitlik hökm sürdü. Yəqin ki, vestibüldə artıq heç kim qalmamışdı. Ancaq mən, min bir təhlükəni təsəvvür edib, dərhal sığınacağımdan çıxmağa risk etmədim. Çox uzun müddət (ya da bu mənə elə gəlirdi) içəri heç bir səs sızmırdı və gərginlikdə qorxunc sükutu dinləyirdim. Budur, dəhlizdə kiminsə ağır yerişi eşidildi. Sonra addımlar güclə eşidilən oldu, görünür adam vestibülün döşəməni örtmüş tiftikli xalçasına ayaq basırdı. Mən xırıltılı nəfəs eşitdim və birdən -taraq! -, düz dizlərimə ağır bir cəmdək oturdu. Ağırlığından yəqin ki, bu avropalı idi. Rahat əyləşərək o bir neçə dəfə hoppandı. Cüssəli çiyinləri mənim sinəmdə uzanırdı. Ağır əlləri isə bazularımda dincəlirdi. Görünür adam siqar çəkirdi və tütünün qatı ətri kreslonun deşikləri arasından sızaraq, burun dəliklərimi qıdıqlayırdı.

Xanım, özünüzü mənim yerimdə təsəvvür edin. Siz ağlınıza belə gətirə bilməzsiniz ki, bu necə inanılmaz, qeyri təbii hiss idi. Dəhşətdən büzüşüb, taxta çərçivəyə sıxılmışdım. Sonra soyuq tər töküb, düşünmək qabiliyyətimi tamam itirmişdim.

O avropalıdan sonra onlarla insan "dizlərim" üstündə əyləşirdilər. Onlardan heç biri hiss etmədi və şübhələnmədi ki, kreslonun yumşaq hissələrində canlı, elastik bədən gizlənib. Ah, mənim içində tərpənmək belə ağılsızlıq olan tünd dəri kainatım. Qorxunc, amma cazibədarlıqlar dünyam. Mənim üçün, bu dünyadan çöldə yaşayan insanlar tədricən öz insanlıq simalarını itirərək, tamamilə başqa fərqləndirici xüsusiyyətlər qazanırdılar. Onlar mənim üçün səs, nəfəs, addım, paltarların xışıltısı,yumşaq və yumru bədənlərə çevrilirdilər. Mən onları üzdən deyil, toxunuşlarından tanıyırdım. Bəziləri kök, iylənmiş balıq kimi sürüşkən, digərləri isə skelet kimi sümüklü olurdular..

Hələ kürəklərin formasına, əllərin uzunluğuna və ombaların qalınlığına görə də fərqləri var idi. Əslində insan bədənlərinin ümumi oxşarlığına baxmayaraq, onları digərindən fərqləndirən saysız-hesabsız çalarlar var. İddia edirəm ki, insanları yalnız zahiri görünüşünə və barmaq izlərinə görə deyil, hissiyyatla da ayırd edib, tanımaq mümkündür.

Əlbəttə, bütün bunlar zərif cinsə də aid idi. Adətən qadınları görkəmlərinə görə mühakimə edirlər,- gözəl və eybəcər. Lakin kresloda gizlənmiş insan üçün bunun heç bir əhəmiyyəti yox idi. Burada başqa üstünlüklər əhəmiyyətlidir, dərinin ipək kimi gözəlliyi, səsin ahəngdarlığı, qadın bədəninin saçdığı ətir...

Xanım, mən ümid edirəm sizi öz səmimiyyətimlə o qədər də dəhşətə gətirmirəm.

Budur, bir dəfə kresloya ürəyimdə atəşli ehtiras oyatmış bir adam əyləşdi...

Səsinə əsasən deyə bilərəm ki, o gənc əcnəbi bir qız idi. Ayaqlarını oynadaraq və burnunun altında hansısa bir məzəli mahnını zümzümə edərək, tamamilə boş vestibülə bir burulğan kimi daxil oldu. Kresloya yaxınlaşdı, bir anlıq dayandı və birdən heç bir xəbərdarlıqsız dizlərimə yayxandı.

Nəsə onu güldürdü və tora düşmüş balıq kimi çırpınıb, uğultulu səslə qaqqanaq çəkdi.

Yarım saatdan çox o zümzümə etdiyi melodiyaların ritminə uyğun, elastik bədəniylə mənim dizlərimin üstündə yırğalandı. Bu elə valehedici idi ki! Mən həmişə qadınlardan çəkinirdim, daha doğrusu onların qarşısında sitayişlə titrəyir, öz çirkinliyimdən utanaraq onlar tərəfə baxmağa qorxurdum. Amma indi bu yad gözəlin düz yanında idim, nəinki yanında, eyni kresloda oturub ona sıxılıb, incə dərinin arasından onu sığallayırdım. Onun bədəninin istiliyini hiss edirdim.

O heç nə hiss etmədən, sinəmə söykənib, şıltaqlıq etməklə məşğul idi.

Qaranlıq zindanımda oturub, onu necə qucaqladığımı, ağ boynundan necə öpdüyümü təsəvvür edirdim. Bir sözlə təxəyyülüm məni çox uzaqlara aparırdı.

Bu inanılmaz təcrübədən sonra ilkin tamahkar hədəflərimi unudub, görünməmiş hisslərin fantastik burulğanına qərq oldum.

"Budur o taleylə göndərilmiş xoşbəxtlik, - deyə düşündüm. Mənim kimi zəif ruhlu eybəcər üçün, yazıq həyatını kreslonun içərisindəki valehedici dünyaya dəyişmək əsl müdriklik sayılmalıdır. Çünki, burda darısqallıq və zülmətdə, gözəl varlığa toxuna bilirəm, onun səsinə qulaq asıram, dərisini sığallayıram. Bütün bunlar mənim üçün işıqlı dünyada tamamilə imkansız idi ".

Kreslonun içərisində sevgi! Məndən savayı heç bir insan bu məst edici ağılsızlığı dərk etmək imkanında deyil. Əlbəttə bu, toxunmaqdan və qoxlamaqdan ibarət qəribə sevgi idi. Zülmətdə sevgi...Yerin sərhədlərini aşan sevgi... Şeytani şəhvət hökmranlığı. Dünyanın görünməyən, insan gözlərindən gizlədilmiş yerlərində nə qədər dəhşətli və ağlasığmaz hadisələr baş verir. Həqiqətən yalnız heyrətə gəlmək mümkündür.

Əvvəl xoşluqla ordan rədd olub getmək fikrində idim. Amma ordan hara? Bu şəhvətin hökmü altında, sonralar nəinki qaçmaqdan vaz keçdim, hətta ömrümün son günlərinə qədər belə yaşamağı düşündüm.

Yuvamdan azadlığa çıxarkən, heç kəsin gözünə görünməmək üçün bütün ehtiyat tədbirlərinə riayət edirdim. Ona görə də ifşa olunmaq təhlükəsi demək olar yox idi. Lakin yenə də təəccüblənirdim ki, uzun müddət belə yaşasam da, bircə dəfə də özümü ələ verməmişəm.

Əyilmiş vəziyyətdə oturmaqdan bütün bədən üzvlərim tədricən taxtaya dönürdü və sonda mən artıq düz yeriyə bilmirdim. Əzələlərim o qədər süstləşirdi ki, mətbəxə və ayaqyoluna ekskursiyalarım zamanı getmir, daha çox şikəst kimi sürünürdüm. Mən necə də dəli idim! Hətta belə əzablar da məni həzz dünyasını tərk etməyə məcbur edə bilmirdi.

Mehmanxanada müştərilər tez-tez dəyişirdilər. Hərçənd bəziləri orda bir neçə ay yaşayırdı. Nəticədə mənim "sevimlilərim" də, bir-birini aramsız olaraq əvəzləyirdi. Öz "sevimlilərimi" seçərkən üzləri deyil, toxunuşları yadıma salıram.

Bəziləri cavan madyanlar kimi, qamətli, tərs və inadcıl idilər. Bir başqaları ilan kimi sürüşkən bədənləri ilə füsunkarcasına burula bilirdilər. Üçüncülər rezin toplara bənzəyirdi, - elastik və girdə. Digərləri isə antik fiqurlar kimi, sadəcə bərkimiş əzələlərdən ibarət olurdu. Hər kəsin özünəməxsus cazibədarlığı, öz təkraredilməz gözəlliyi var idi. Bu minvalla "sevimlilərimi" dəyişdirərək, təcrübəmi də təkmilləşdirirdim.

Bir dəfə mehmanxanaya qüdrətli Avropa ölkələrindən birinin səfiri gəldi. Onun kim olduğu mənə mehmanxana xidmətçilərinin dedi-qodularından əyan olmuşdu və hətta onun güclü bədənini dizlərim üstündə saxlamağa da layiq görülmüşdüm. Onu bir neçə nəfər müşaiyət edirdi. Onlar nəsə haqqında danışıb qalxdılar və uzaqlaşdılar. Əlbəttə onların söhbətindən heç nə anlamadım, lakin hiss edirdim ki, səfir necə əl-qol ilə danışır və hoppanıb düşürdü. Onun bədəni adi insanlarla müqayisədə çox qaynar idi. Ondan sonra məndə uzun müddət qəribə qıcıq qalmışdı. Mən birdən düşündüm ki, bəlkə əlimə iti bıçaq götürüb düz onun ürəyinə sancım? Sonra bunun nəticəsini təsəvvür edib, özüm də bilmədən lovğalandım: dünyanın taleyi mənim əllərimdə idi.

Günlərin birində bura tam təsadüf nəticəsində məşhur rəqqasə təşrif buyurdu. Yalnız bircə dəfə dizlərimə oturması kifayət etdi ki, mən güclü sarsıntı keçirim. O mənim beynimdə ilahə qadın təəssüratı yaratmışdı.. Rəqqasə o qədər gözəl idi ki, alçaq ehtirasımı unudub, ona şah əsər kimi ehtiram bəsləyirdim.

Başqa çox görüşlər oldu, həm təəccüblü, həm xoşagəlməz. Onların haqqında ətraflı danışmağa lüzum görmürəm, çünki məktubun mövzusu bu deyil. Detallarla o qədər dərinə baş vurdum ki, ona görə indi hekayəmin məğzinə qayıtmalıyam.

Həyatımda gözlənilməz dönüş olan vaxtdan bir neçə ay keçdi. Mehmanxana sahibi hansısa səbəblərə görə Yaponiyanı tərk edib vətəninə qayıtdı və mehmanxananı bir yapon şirkətinə satdı. Yeni sahib pula qənaət etmək məqsədilə, dərhal artıq şeylərdən imtina edib zəngin mehmanxananı sıradan bir mehmanxanaya çevirdi. O, gərəksiz saydığı əşyaları vaxta və pula qənaət etmək üçün ucuza satmağa qərar verdi, o cümlədən mənim kreslomu.

Bu haqda eşidib dərin məyusluq keçirtdim. Bu o demək idi ki, yenidən insanların dünyasına qayıtmalı və həyata təzədən başlamalıyam. Daxili səsim mənə deyirdi ki, bu ən ağıllı addım olardı. Keçmiş aylar ərzində oğurluqla vəziyyətimi xeyli yaxşılaşdırmışdım, ona görə də məni əvvəlki səfil həyatı gözləmirdi. Digər tərəfdən, belə dəyişiklik mənə yeni üfüqlər açırdı.

Məsələ ondadır ki, mehmanxananın cazibəli qızlarıyla saysız-hesabsız sevgi yaşadığıma baxmayaraq ,mən içimdə gizli qeyri-məmnunluq hiss edirdim. Sevimlilərim nə qədər cəzbedici və füsunkar olsalar da, hər halda onlar hamısı əcnəbilər idi və deməli ruhən mənə yad kəslər idi. Mənə mənəvi yaxınlıq çatmırdı.

Yapon qızını sevməyi arzu edirdim!

Getdikcə daha ali hiss istəyirdim. Budur, kreslomu hərraca göndərdilər. Ümidimi itirmir və gizlində dua edirdim ki, onu yapon ailəsi alsın. Ona görə səbr edib, kreslonu tərk etməməyə qərar verdim.

Kreslomun hərrac zalında olduğu bu bir neçə gün ərzində ruhum zülm çəkirdi, amma xoşbəxtlikdən alıcı özünü çox da gözlətmədi. Hərçənd mənim kreslom təzəliyini və gözəlliyini itirirdi, lakin yenə də nəfisliyi, genişliyi ilə diqqəti cəlb edə bilirdi.

Alıcı İokoqama yaxınlığında hansısa bir şəhərdə yaşayan varlı məmur idi. Kreslonu yük maşınında aparan vaxtı yol bizi elə silkələyirdi ki, az qalırdı mən ölüm. Amma elə ki, ümidlərim həyata keçdi, bütün əzablarım mənə boş şey kimi göründü.

Alıcının bahalı evi var idi. Kreslonu Avropa sayağı düzəldilmiş kabinetə apardılar. Bəxtimdən kresloda kişidən çox onun gözəl arvadı əyləşirdi. Həmin gündən etibarən, düz bir aydan çox biz onunla demək olar ki, ayrılmaz olduq. Nahar və gecə saatları istisna olmaqla, onun cazibəli bədəni gün ərzində dizlərim üstündə dincəlirdi. O, kabinetin qapısını qıfıllayıb, uzun müddət düşüncələrə dalırdı.

Ona dəlicəsinə aşiq olduğumu söyləməyə ehtiyac varmı? Axı o toxunduğum ilk yapon qadını idi, bundan başqa onun sözlə izah edilməyəcək qədər əla bədəni var idi. Bu evdə ilk dəfə həqiqi sevgini dərk etdim. Mənim yeni ehtirasımla müqayisədə bütün mehmanxana "romanları" uşaq həvəsi qədər sadə göründü.

Gizli həzlər artıq məni qane etmirdi. Mən ona ürəyimi açmaq istəyirdim, lakin bu qeyri-mümkün idi və ona görə də dəhşətli əzab çəkirdim.

Mən arzu edirdim ki, mənim sevgilim kresloda məni hiss etsin. Ədəbsiz daha bir istəyim var idi, - istəyirdim ki, o məni sevsin. Amma ona necə işarə verə bilərdim? Əgər xəbərdarlıqsız bunu etsəydim, o qorxudan qışqırar, ərini və xidmətçiləri yardıma çağırardı. Buna imkan vermək olmazdı, axı nə də olsa, mən cinayətkaram.

Düşünüb qeyri-adi bir üsul seçdim. Mən çalışırdım ele edim ki, ona mənim kreslomda əyləşmək getdikcə daha rahat və xoş olsun. Beləliklə, kreslo onun sevgi hisslərini oyatmağa başlasın. Poeziya ruhlu və adi insanlardan daha çox incə hisslərə malik insan kimi o, bu dəyişikliyi gördü və kresloda canlı ruhu hiss etdi.

Ola bilsin o əşyanı deyil, içindəki hansısa varlığı sevəcək, bax onda bu mənim üçün ən yüksək mükafat olacaq.

Hər dəfə o mənim dizlərimə əyləşəndə, mən ayaqlarımı elə düzəldirdim ki, ona daha da rahat olsun. Eyni oturuşdan yorulanda, mən onun bədəninin vəziyyətini dəyişdirib, gizlincə ayaqlarını aralayırdım. Elə ki, sevgilimi yuxu aparırdı, mən onu dizlərimdə yellədərək, layla çala-çala yatırdırdım.

Budur möcüzə baş verdi: mənə elə gəldi ki, o son zamanlar həqiqətən də kreslonu sevməyə başladı. O ona elə zərifliklə əyləşirdi ki, sanki uşaq anasının qucağına atılır, qız öz sevgilisini qucaqlayır... Onun hərəkətlərində sevgi və həsrət hiss olunurdu.

Bu ehtiras günbəgün daha isti və daha çılğıncasına alışırdı. Budur mənim ürəyimdə, özümə belə ağılsızgörünən daha bir dəli istək oyandı. Heç olmasa bir dəfə onun üzünü görmək, onunla dərdləşmək istəyirdim, bunun üçün mən tərəddüd etmədən canımı qurban verməyə hazır idim.

Xanım, siz təxmin etdiniz? Mənim ehtiras mənbəyim sizsiniz. Bu ədəbsizlik üçün məni bağışlayın. Sizin əriniz bu kreslonu alan zamandan, mən amansız sevgidən üzülürəm. Yalnız bir xahişim var. Bircə dəfə görüşək. Mən sizdən heçolmasa təskinlik sözü eşitməyi arzu edirəm. Bəli, mən eybəcərəm, iyrəncəm, heç kiməm amma...Sizə bu kiçik şey üçün yalvarıram, daha ayrı heç nə istəmirəm. Bədbəxtin ümidsiz yalvarışına səs verin!

Sizə məktub yazmaq üçün, dünən gecə sizin evinizi tərk etdim. Sizinlə danışmağa cəsarətim çatmadı. Bu çox təhlükəlidir.

Məktubumu oxuduğunuz anmən ürəyi dayanmış halda sizin evin ətrafında veyllənirəm. Mərhəmətli olun! Əgər siz mənim cəsarətli xahişimi yerinə yetirməyə hazırsınızsa, o zaman kabinetinizin pəncərəsindəki saxsı dibçəyin içinə öz yaylığınızıatın. Bu işarənizlə mən dərhal sizin qapınızı döyəcəyəm.

Məktub belə bitirdi. Artıq ilk sətirlərdən sonra Yosikonu narahat hisslər bürümüşdü və o kağız kimi ağappaq ağarmışdı. O yerindən sıçrayıb, bu iyrənc kreslodan uzağa, kabinetindən çölə atıldı.

Oəvvəldən bu iyrənc məktubu sona çatdırmadan cırmaq istəyirdi, lakin baş açmadığı hansısa narahatlıq onu yenə də oxumağa məcbur edirdi. Bəli, onun qorxuları əbəs deyildi.

Dəhşət... Doğurdanmı sevdiyi o kresloda yad kişi gizlənirdi? Yosiko qəzəbindən əsirdi. O əsməyini sakitləşdirə bilmirdi, sanki onun başından soyuq su tökmüşdülər. O mat-məəttəl düz qarşısına baxırdı. "Nə etmək lazımdır?"

Kreslonun içinə baxmaq? Yox, heç vaxt. O yenidən hirsindən əsməyə başladı. "Deyək ki, o yoxdur gedib, amma orda onun izləri, iyrənc cır-cındırı qalıb".

-Xanım,sizə məktub var!

Yosiko yerindən sıçradı. Qapıda əlində zərf tutmuş qulluqçu dayanmışdı. Yosiko şüursuz şəkildə zərfi cırdı, heroqlifləri görüb qorxudan qışqırdı. Dəhşətdir. Həmin xətlə yazılmış daha bir məktub və bu da yenidən ona ünvanlanmışdır.

Yosiko qərar vermək üçün xeyli düşündü. Nəhayət əli əsə-əsə zərfi açdı və məktubu oxudu. O qısa, lakin təəccüblü idi.

"Mənim ədəbsizliyimi bağışlamağı xahiş edirəm — mən yenə sizi narahat etməyə cəsarət etdim. Məsələ ondadır ki, mənsizin istedadınızın çoxdankı pərəstişkarıyam. Mənim əvvəlki məktubum, yöndəmsiz qələm cəhdidir. Əgər siz əlyazmaya rəy bildirməyə razılıq versəniz, bu mənim üçün ən böyük xoşbəxtlik olacaq. Bəzi səbəblərdən mən əlyazmanı müşaiyət məktubu olmadan göndərməli oldum. Düşünürəm ki, siz artıq mənim yazımı oxumusunuz. Deyin görüm necə idi? Əgər bu hekayə sizi az da olsa əyləndirə bildisə, mən buna son dərəcə şad olaram. Özüm qəsdən bu əsərə ad vermədim. Bildirmək istəyirəm ki, onu "Kreslo adam" adlandırmaq niyyətindəyəm.

Tərcümə edən: İslam Qasım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG