Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:51

'Milan Expo 2015' pavilyonu Bakının harasındadır?


Heydər Əliyev Mərkəzi

Pul xərclənib, amma pavilyonu «gördüm» deyən yoxdur...

Bu lap Molla Nəsrəddin lətifəsinə bənzəyir: «Bu pişikdirsə, bəs ət hanı? Ətdirsə, pişik hanı?» Pul xərclənib, amma pavilyonu «gördüm» deyən yoxdur.

Heydər Əliyev Mərkəzində deyirlər ki, Azərbaycan pavilyonu Milandan gətirilib və dənizkənarı Milli Parkın ərazisində tikilib. Parkın ərazisinə nəzarət edən qurumun - Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi isə bundan xəbərsizdir.

Milanda (İtaliya) yaradilmasina 15 milyon avro, Bakıda tikilməsinə və yenidən qurulmasına 12 milyon manat dövlət vəsaitinin xərcləndiyi bildirilən Azərbaycan milli pavilyonunun harada yerləşməsini tikintiyə məsul İqtisadiyyat Nazirliyində də bilmirlər.

Buna da bax:​ «Milan Expo 2015»də Azərbaycan pavilyonunun təməli qoyulub

Nazirlik 12 milyon xərclədiyini bildirib

İqtisadiyyat Nazirliyinin ötən ilə aid fəaliyyət hesabatında göstərilir ki, «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü» Nazirlər Kabinetinin 22 fevral 2016-cı il tarixli 95s, 19 may 2016-cı il 291s, 12 avqust 474s, 4 sentyabr 500s və 2 may 2016-cı il 254s nömrəli sərəncamları ilə aparılıb. İqtisadiyyat Nazirliyinə toplam 58,6 milyon manat ayrılıb və bunun 53 milyon manatdan çoxu təyinatı üzrə istifadə olunub. «Milan-Expo» pavilyonunun Bakı şəhərində tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş 12 milyon manat tam xərclənib.

Milan Expo 2015.
Milan Expo 2015.

Sifarişçi Heydər Əliyev Mərkəzidir

Azərbaycanda aparılan tikinti işlərinin reyestrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparır. Qurum pavilyonun dənizkənarı Milli Park ərazisində inşa olunması üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının ötən il aprelin 11-də 146 saylı tikintiyə icazə haqqında sərəncam verdiyini açıqlayıb. Sənəddə göstərilir ki, sifarişçi Heydər Əliyev Mərkəzidir.

Tikinti ərazisi 1113 kvadratmetr, tikinti sahəsi 405,7 kvadratmetrdir.

Buna da bax:​ Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi təkcə dövlət büdcəsi deyil

Abbas Əliyev: «Tikinti işləri aparılmayıb»

AzadlıqRadiosu pavilyonun harada tikilməsi ilə bağlı sualla İqtisadiyyat Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat katibi Abbas Əliyev deyib ki, belə bir tikinti aparılmayıb. Di gəl, nazirliyin hesabatında bu məqsədlə 12 milyon manatın xərcləndiyi açıq-aydın yazılır.

Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi illik fəaliyyət hesabatını fevralın birinci ongünlüyündə öz məlumat bazasında açıqlasa da, sonradan həmin hesabat yığışdırılıb.

Bulvardakıların pavilyondan xəbəri yoxdur

«Milan Expo 2015» pavilyonunun Milli Park ərazisində olmasını Dənizkənarı Bulvar İdarəsində təkzib edirlər. İdarə rəisinin müavini Ağacan Əhmədov AzadlıqRadiosu-na deyib ki, bu məsələ ilə bağlı hər hansı rəsmi qurumla yazışma da aparılmayıb.

Buna da bax: Bulvar+Bayraq meydanı

Mərkəzin əməkdaşı pavilyonun Bakı bulvarında olduğunu deyir

Heydər Əliyev Mərkəzində isə bunun əksini söyləyirlər. Mərkəzin media ilə əlaqələr üzrə əməkdaşı Seymur Mirzəyev AzadlıqRadiosu-na «Milan Expo» pavilyonunun Milli Park ərazisində tikildiyini deyib. Detallarını soruşanda isə yazılı sorğu ilə üz tutmağı tövsiyə edib.

«Milan Expo 2015» sərgisində Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Tikinti işləri 18 ay davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işləri Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi gerçəkləşdirib. Hələ nümayiş olunduğu günlərdə bildirilirdi ki, sərgi başa çatandan sonra pavilyonun sökülüb Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

2015-ci ilin noyabrında sərginin yekunlarına həsr olunmuş mətbuat konfransında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov demişdi ki, «pavilyonun Bakı Bulvarında quraşdırılmasını istəyirik. Bakıda uyğun məkanın ayrılması üçün Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib».

Buna da bax:​ Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

Milanda tikinti 15 milyon avroya başa gəlmişdi

Çoxfunksiyalı dördmərtəbəli pavilyonun Milan şəhərində inşasının 15 milyon avroya başa gəldiyi bildirilirdi.

«Milan Expo 2015» beynəlxalq sərgisi 1 may-31 oktyabr tarixlərində «Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq» (Feedingthe Planet, EnergyforLife) devizi ilə keçirilib. Sərgiyə 145 ölkə qatılıb. Onlardan yalnız 54-ü milli pavilyonla təmsil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG