Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Əsas damara düşməkdir. Damara düşdünsə işin asan olur...


Qalib Şəfahət

"Əsas damara düşməkdir, bacıoğlu! Damara düşdünsə işin asan olur. Sən həkimsən belə şeyi məndən yaxşı bilərsən. Həkim ki, damarı tapıb, düşə bildi, özü üçün də, xəstə üçün də rahat olur. Həyat da belədir! Əsas odur ki, damara düşmək!"

Qalib Şəfahət

DAMARA DÜŞMƏK (hekayə)

Elə bil it dilinə keçmişdim. Mənim işim gətirmirdi ki, gətirmirdi. Neçə il idi bu xəstəxanada işləyirdim. Təzə işə düzələndə fikirləşmişdim ki, burda bir-iki il işləyər, özümə babat bir iş yeri tapar, çıxıb gedərəm.

Yolum çox uzaq idi. Nə də sən deyən xəstəsi olurdu. Gələn də ki, əlaçsızlıqdan gəlirdi.

Bir balaca imkanı olan mərkəzi xəstəxanalara üz tuturdular. İmkanı yaxşı olan da Türkiyə, İran yollarını yağır eləmişdilər. “Sən yaxşı həkimsənsə ucqar xəstəxanada nə işin var”? -Ağzı göyçəklər belə fikirləşirdilər.

Həm də iş yerimdə olan özbaşnalıqdan, qanunsuzluqdan o qədər də xoşum gəlmirdi. İşə həvəssiz gedib gəlirdim. Səhərlər durub işə gedəndə elə bilirdim qazamata gedirəm.

Yuxarı vəzifədə işləyən bir qohumum var idi. Həm də ailəlikcə münasibətimiz çox yaxın idi. Bir dəfə atamla söhbət əsnasında məndən işimin-gücümün nə yerdə olduğunu soruşdu. Mən də işimdən o qədər də razı olmadığımı dedim.

- Hə, baçıoğlu, (Həmişə mənə bacıoğlu deyə müraciət edirdi.) darıxma, sənə yaxın vaxtlarda bir yaxşı iş təşkil edərəm. Maaşı da yaxşıdı, “çak-çuku” da olur. Xəstələr də istənilən qədər. Cavansan, həm də əlin öyrəşər, təcrübə toplayarsan.- dedi. - Mənimlə tez-tez əlaqə saxla, yadıma sal, işim-gücüm çox olur, yadımdan çıxmasın.

Nə vaxtdan söz versə də ortalıqda bir şey yox idi. Zəng edəndə deyirdi: “Bacıoğlu səbr elə, yaxınlarda düzələcək”.

Əlimi hər şeydən üzmüşdüm, belə fikirləşirdim ki, heç nə düzələn deyil. Sözdü də verib! Nə olsun? O qədər söz verənlər olur ki, iş alınmayanda alınmır, öldürəsi deyilsən ki?!

Günü-gündən hövsələm daralırdı. Elə bilirdim ki, əlacsız bir vəziyyətə düşmüşəm.

* * *

O, bizim xəstəxanaya baş həkim təyin olunduqdan sonra az-çox nizam-intizam yaratmışdı, canlanma hiss olunurdu. Mən də işimə məsuliyyətlə yanaşırdım.

Təcrübəsi az olsa da, işləməyə çox həvəsli idi. Nəsə düzəldib, yaratmağa çalışırdı. Onun işinə badalaq vuranlar da var idi, süni maneələr çox olurdu. Buna görə əsəbləşir, tez-tez özündən çıxırdı. Bir az da ərkəsöyünlüyü var idi.

Mən əksinə ona köməklik göstərməyə çalışırdım. Ilk gündən münasibətimiz pis deyildi. Hiss edirdim mənə etibar edir, nəsə bir iş görəndə məsləhətləşirdi.

* * *

Onun qəribə bir xasiyyəti vardı. Dəymədüşər idi. Tez-tez inciyib küsərdi. Niyə belə etdiyini anlaya bilmirdim. Hərdən də otağına çağırıb heç nə olmamış kimi çox mehriban deyib danışırdıq.

Bir dəfə yenə məni yanına çağırıb işə can yandırmamağımı, mənim də başqalarından heç də fərqim olmadığını dedi.

Heç nə anlamasam da: “Çalışaram, daha da yaxşı işləyərəm” –dedim.

Amma nə qədər yaxşı işləsəm də, yenə də xeyri yox idi. Nəsə çatmamazlıq olanda bir qulağını gətirib mənə bağlayırdı. Mən ona qarşı olan səmimiyyətimi itirmək istəməsəm də aramızda soyuqluq hökm sürürdü. Onun mənə qarşı dəyişdiyini hiss edirdim. Qəsdən, ərkəsöyünlüklə məni acılamağa calışırdı.

Hiss olunurdu işinin öhdəsindən tam gələ bilməyən aktyor kimi oynadığı rol onda süni alınırdı. Həmişə məni diqqətsizlıkdə, laqeyidsizlikdə ittiham edirdi. Nədir laqeyidsizliyim, diqqətsizliyim? Nə anlada bilirdi, nə də mən baş aça bilirdim. Mənimlə acı danışmağa çalışsa da, baxışlarımdan sifətindəki codluq əriyib yoxa çıxırdı, yerini xoş təbəssüm doldururdu.

Baxışlarında bir kövrəklik, bir məsumluq duyulurdu. Nə istədiyini, nə deyəcəyini çatdıra bilmirdi. Hər söhbətin sonu dərin sükütla sona çatırdı.

Hərdən öz-özümə fikirləşirdim. Bəlkə məndən ağzıgöyçəklər nəsə çatdırıblar. Birdən-birə məndən üzü niyə dönsün?

Ondan-bundan şübhələnməyə başlayırdım. Başa düşə bilmirdim, nə qədər analiz etsəm də bir nəticə alınmırdı ki, alınmırdı.

Buna da bax: 'Doktor mən sizə vurulmuşam, amma niyə bilmirəm'

* * *

Onu Tibb Universtetində oxuyandan tanıyırdım. Mən birinci kursda oxuyanda o, üçüncü kursda oxuyurdu. Deyəsən, dekanatlıqda görmüşdüm. Dekanatlıqda iclaslarda bir yerdə olurduq. O da, mən də, qrup rəhbəri idik. O qədər də münasibətimiz olmasa da salaməlöykümüz var idi.

Sir-sifəti ala-qaranlıq yadımda qalmışdı. Çox az dəyişmişdi. Bir balaca bədəni dolmuşdu. Öz yaşını ona verməzdin. Özünə fikir verməyi, mövsümə uyğun geyinib-kecinməyi bacarırdı.

Orta boylu idi. Sarışın saçlarını səliqə ilə darayıb kürəyinin ortasına tökərdi. Ağbəniz, yumru sifəti var idi. Sinəsi bir qədər qabağa qabarmış kimi görünürdü. Güləndə yanaqlarına bir xoş təbəssüm qonardı. Hər saat güldüyünü görməzdın. Ciddi görkəmi var idi. Özündə qaş-qabaqlı adam təəssuratı oyadardı. Yeriyəndə həmişə bir az qıvraq yeriyirdi.

* * *

Bu dəfə də aramızdakı anlaşılmazlıq söz-söhbətə səbəb oldu. Mən də səsimi qaldırası oldum.

- Açıq danış, məqsədin nədir? Nəyi düzgün eləməmişəm? De! Mən də səhvimi düzəldim, sən deyən kimi işləyim. Mənimlə işləmək istəmirsənsə, bəhanələr gətirmə, mən çıxıb gedərəm! –deyib qapını möhkəm çırparaq çıxdım.

* * *

Evdə oturub dərin düşüncələrə dalmışdım. Bir vaxtlar həsrətində olduğum, gecəmi-gündüzümə qatıb, uğrunda çalışıb-vuruşub öyrəndiyim bu sənətin indi məni ögey ana kimi qəbul etməsi mən cox darıxdırırdı. Elə bilirdim sənətimi itirirəm, həm də öz yerimi, özümü itirirəm. Düzdü, hələ özümü istədiyim kimi tapmamışdım. Harda tapmalı idim? Gözdən-könüldən uzaqda qalan kiçik bir xəstəxanadamı?

Artıq heç nəyə ümidim qalmamışdı. -Buna görəmi oxuyurdum? -fikirləşirdim. Oxuyub böyük xəstəxanaların birində adlı-sanlı, hamının barmaqla göstərəcəyi bir cərrah olmaq fikrində idim. Bəs nə oldu? Elə buralarda qalıb kiflənəcəm, kiflənmiş paltar kimi bir vaxt olacaq ki, gərəksiz olacam.

Daha onunla da üz-üzə gəlmək istəmirdim. Gözümdə çox eybəcər görünürdü. Elə bilirdim mən bunu yaxşı tanımamışam, şeytanla təmasa girib. Lap zəhləm gedirdi. Hərəkətində, duruşunda, baxışında bir sünilık görürdüm.

Sonra da özümü qınadım:

-Yox, mən də çox səbirsizlik etdim, elə də gobudluq nəyə gərək idi. Çıxıb gedəsi olsam da mehriban ayrılmağım yaxşı olardı. Həm də münasibətimiz pis olmayıb!

O, baş həkimdir, həm də qadındır. Qadına qarşı bir az nəzakətli davranmaq lazımdır. Bir də ki, o mənə nə pislik edib? Bəlkə bir problemı, bir çətinliyi var? Ona görə mənimlə belə davrandı. Gərək çox dərinə getməyəydim. Heç ərizə də yazmayaydım. Haqq üçün mənə qarşı daha isti münasibəti olub. Bir çətinlik olanda mənimlə məsləhətləşib. Elə bil ki, köhnənin dostlarıyıq...

* * *

Axı niyə belə oldu? Eh, Nərminə, Nərminə! –Öz-zümə deyinirdim.

Onun adını çəkdikcə ürəyim sızıldayırdı. Elə bil köksünə qılınc sancıldı. Yerimdə ilan kimi qıvrılırdım.

- Gerçək, gerçək onun adını dilimə gətirəndə həmişə belə oluram. Bəlkə eşqə düşmüşəm? Bir an gözümdən uzaq düşəndə yaman darıxıram, özümə yer tapa bilmirəm. Onu görəndə içimə bir sərinlik çökür, rahatlanıram. Amma insafən seviləsi qadındır.

* * *

Buna da bax: Qarabağ savaşında öldürülmüş pilotun yarımçıq eşq hekayəti...

İki gün idi ki, işə getmirdim:

-Cəhənnəmə, nə olur-olsun, onsuz da mənimki gətirmir ki, gətirmir. -fikirləşdi.

Telefon zəngi məni dərin xəyaldan ayırdı. Ekrana baxdım. Odu, görən nə istəyir? Telefona könülsüz cavab verdim.

- Alo, eşidirəm! –dedi.

- Hardasan, neçə gündü işdə görünmürsən? Yoxsa nəsə olub? Bir hadisə baş verib? -guya, heç nədən xəbəri yox kimi danışırdı.

- Yox! – dedim. - Heç bir hadisə baş verməyib.

- Bəs niyə işdə deyilsən? Onda zəhmət çək, tez işə gəl! - Bir az əda ilə dedi.

Məni görüb, salamsız-kəlamsız, -İşində ol, gedəsi yerimiz var, görüşümüz olacaq. - dedi.

Məni çox maraqlandırdı, “Görəsən kiminlə görüşəcəyik? Bəs niyə demədi? Nə məsələdir görəsən, xeyirdimi?” -xeyli fikirləşdim.

Gedib soruşmaq da istəmədim. Desəydi bayaq deyərdi. Həm də üz-üzə gəlmək istəmirdim. Beləcə həyacanla vaxtı gözləyirdim. Vaxt da ki, elə bil dayanıb qalmışdı.

Aradan xeyli müddət keçmişdi. Mənim otağıma gəldi. Gözucu ona nəzər yetirdim. Bu dəfə həmişəkindən daha cazibədar görünürdü. Üzünü mənə tutub:

- Gedək! –dedi.

Onun arxasıyca ayağımı sürüyə-sürüyə bayıra çıxdım. Maşının yanında günah iş tutmuş uşaq kimi yazıq-yazıq ona baxdım.

Niyə gözünü döyürsən, maşına əyləş, gedirik! –dedi.

Arxa oturacağa keçmək istədim.

- Yox, qabaqda otur! –bir az da əda ilə dedi.

Dinmədim, sakitcə qapını açıb qabaq oturacağa əyləşdim.

Lal-dinməz, küslü adamlar kimi yol gedirdik. Maşında çox sərbəst oturmuşdu. Ayağında ağ, hündürdaban ayaqqabı var idi. Əynindəki, qara yubka oturduğundan geri dartılmışdı. Dizindən xeyli yuxarı ağ baldırı yubkanın ətəyindən bayırda qalmışdı.

Əynindəki ağ-narıncı kofta əyninə kip oturmuşdu. Koftanın altından qabarmış döşləri adamın gözünü deşirdi. Ona diqqətlə baxdığımı görüb gülümsündü. Mən də gülümsünüb, başımı aşağı dikdim.

- Günahkar uşaq kimi başını aşağı dikirsən, bilmək olarmı niyə?

Dinmədim.

- Deyəsən şaxta vurmuş ağac kimi donun açılır. Donun açılacaq, amma gözlərin açılacaq, açılmayacaq, bax bunu bilə bilmirəm…

Yenə dinmədim, yenidən aradakı sükutu o pozdu:

- Ümumiyyətlə, bilmək istəyərəm, sənin gözün var, yoxsa, baxar korsan?” -dedi.

- Bu söz məni lap cızığımdam çıxardı, “Gözlərimə nə olub? – yüksək tonda dedim.

- Baxışları üzümə zilləndi, gülmsünüb başını buladı, heç nə demədi.

* * *

Maşın yolda başqa istiqmətə səmitini dəyişib dönəndə, -Bəs deyirdin işimiz var? Mən elə başa düşdüm ki, nazirlikdə iclas var, ora gedirik? -dedim.

- Məyər, iclas təkcə Nazırlikdə olur? Başqa yerdə ola bilməz?

- Bəs hara gedirik? Yoxsa terror əməliyyatı həyata keçirirsən? -dedim.

- Sən elə əsl terrorun qurbanı olmalısan.

- O canı sən alacaqsansa, sənin aldığın can elə cənnətlikdir, - gülümsünərək üzünə baxdım.

* * *

İki mərtəbəli, yüksək zövqlə düzəldilmiş, bir evin həyətində qarşı-qarşıya dayanmışdıq. Həyətdə çox səliqə ilə əkilmiş, müxtəlif cür gül kolları adamın zövqünü oxşayırdı. Həyət bahalı daşlarla bəzədilmişdi. Sakitlik höküm sürürdü, bizdən başqa heç kəs gözə dəymirdi.

- Səninkidir? -dedim.

- Mənim ola bilməz?-dedi.

- Heç, elə-belə soruşdum! -dedim.

- Bəli, biz ayrılandan sonra atam bu evi mənə hədiyyə etdi.

- Ayrılmısız?

Köks ötürdü, dərindən nəfəs alıb, -Bəli! -dedi. Xeyli sükutdan sonra sözünü davam etdi:

- Düzdü, bir-birimizi sevib ailə qurmuşduq. Amma sən demə bizim sevgimiz qısa ömürlü sevgiymiş. Bizə söykənəsi dayaqlar çoxdan qopubmuş. Mən öz sevgimi onda itirdim, tapa bilmədim.

Çox istəyirdim, gözəl ailəm, övladlarım olsun, lakin qismət olmadı, bizimki alınmadı. Sonra gördük ki, biz başqa-başqa dünyanın adamlarıyıq, bizimki bir yerdə tutmaz. Kiminsə həyatında yamaq kimi qalıb, əngəl olmaq istəmirdim, o həyatın bir parçasına çevrilmək istəyirdim, alınmadı, ayrıldıq.

* * *

Buna da bax: Balaca itin valsı​

Həyətdə hərlənən it məni görəndə gözlərini bərəldib, mırıldamağa başladı. Himə bən idi ki, üstümə cumsun. O, təpindi. Kənara çəkilib hirsli-hirsli mənə baxırdı. Bəlkə də it sahibini mənə qısqanırdı. İstəyini mənimlə paylaşmaq istəmirdi. Arada gic-gic fırlanıb, sonra yerə uzanır, gözləri ilə məni izləyirdi.

Heyvanın belə çarəsiz vəziyyətə düşməsı, bir əlac tapa bilməməsi məni də içimdən qəhərləndirdi.

O, gülümsünüb dedi:

- Ümumiyyətlə, erkək cinslər arasındakı qısqanclıq münaqişə ilə tamamlanır. Görmürsən necə hirsli-hirsli baxır. Əlacı olsa parçalayar...

- Burda niyə durmuşuq, keçək içəri.

Evə keçdik. Üzbəüz oturmuşduq:

- Hə, söhbətimiz yarımçıq qaldı, it başımızı qatdı.

Söhbətini davam etdi:

- Mən ondan sonra elə başa düşürdüm bütün arzum, istəyim ölüb. Həyatla barışmaq istəmirdim, çox küskün idim.

Atam istəyirdi elə bir iş olsun ki, tam başım qarışsın. Həkim işləyirdim, köməklik göstərdi, baş həkim keçdim. Belə məsləhət oldu ki, bir az işləyib işə alışım, sonra yaxşı bir xəstəxanaya yerimi dəyişərlər.

Burda da ilk münasibətim səninlə səmimi alındı. Amma heyif, yəqin, yaxın vaxtlarda sən də bizi tərk edəcəksən?-kövrəlmişdi.

- Mən səni heç vaxt tərk etməyəcəm!- dedim.

Dinmədi. Xeyli fikrə getdi.

- Hə, səninlə xoş münasibət mənin sönmüş hislərimi, arzularımi təzədən oyatdı.

Aramızda sükut höküm surdü. Dərin düşüncəyə dalmışdı.

- Bir şey deyim! -deyib sözünü davam etdi. - Sənin bir balaca səbirsizliyin var, o da münasibətləri soyudur. Bilirsən nə?

- Nə? -dedim.

- Hər şeyə ilk baxışdan, tələm-tələsik nəticə çıxarmağa çalışırsan. Düzgün anlamaq üçün ehtiyatla yanaşmaq mövqeyin yoxdur. Bu da yanlışlığa səbəb olur.

- Sənin davranışın çox qəribə idi, heç nə baş düşə bilmirdim. -dedim.

-Bilirsən niyə? Mənim sənə olan hislərimi, düşüncələrimi, sevgimi kobudluqla, qəzəblə, nifrətlə ört-basdır edib, gizlətmək istəyirdim. Istəyirdim içərimdə öldürə bilim...

Həm də istəyirdim qəlbimdəki hisləri başqasının fikrindən yayındıra bilim, heç kim duyuq düşməsin. Nə sən, nə başqası! Elə bilirdim hamı mənim bu hislərimdən duyuq düşüb bizdən danışır. Ortalığda söz-söhbət gəzir.

Soyuducudan bir visqi gətirib, bir rumka özünə, birini də mənə süzdü.

- Gəl içək barışmağımızın sağlığına. Içib, -gəl, dodağımdan öp! -dedi. -Adətən barışanda yanaqdan öpürlər, sən dodağımdan öp. Dodaqdan qəlbə yol daha yaxındır.

* * *

Amma bacara bilmədim. Bəlkə kənardan başqa çür görünürəm. “Bəxtəfər başına, xoşbəxtdir”-deyirlər. Mənim çox kövrək anlarım olub. Hamıdan gizlətməyi bacarmışam. Amma bu dəfə bacara bilmədim. Sənsiz darıxdım, zəng elədim.

Əslində gördüm ki, sənsizliyə dözümüm çox zəifdir. Özümə yer tapa bilmirəm. Elə bilirdim dünya getdikcə mənim üçün daralır.

Düzdür, mən sənin baş həkiminəm. Ha istədim özümü ciddi göstərəm, amma alınmadı. İçimdəki hisslər imkan vermirdi. Nə qədər möhkəm olsam da hər səni görəndə hiss edirdim ki, hər şeydən öncə mən qadınam, mənim isti sevgiyə, sevib-sevilməyə haqqım var.

Başını sinəmə qoymuşdu. Çox kövrəlmişdi. Baxışlarıma, hərəkətlərimə tabe olmağa çalışırdı. Mən onun yanaqlarnı öpüşə qərq etdim. Həm içkinin təsiri, həm də onun dodağından öpdükcə başım dumanlanırdı, gözlərim axırdı. Özümün harda olduğumu hiss edə bilmirdim.

Dodaqları ehtirasa gəlib dodaqlarımı körpə anasının döşünün giləsini soran kimi sorurdu. Qollarını boynuma dolayıb mənı özünə sıxmışdı. Əllərim dinc durmayan uşaq kimi onun bədənində gəzinirdi.

Dərindən ah çəkdi:

- Bilirsən?-dedi. -O sevgi, o istək, o hisslər rəssam fırçasından çıxmış tablo kimidir. Gərək onu duyan olsun ki, dəyərini qiymətləndirə bilsin. Yoxsa, sahibsız mal kimi küncdə, bucaqda üstünü toz basmasın.

- Elə bilirdim sevgimə sahib çıxan olmayacaq, qəbir evinə özümlə aparacam. Naşı əlində can verməsini istəməmişəm. İndi mən öz sevgimin əsl sahibini tapmışam. Mənimki sevmək və sevilə bilməkdir, ondan sonra əsl sevgi hissni yaşaya bilim. Onu kimdənsə qopara bilim. O alınsın. Alınmırsa heç. Mən bunu səndən qopara bildim, sən bu sevgiyə layıqsən.

* * *

Səhər tezdən onun səsinə oyandım: -Du, dur, gecikirik, hazırlaş gedək!

Hələ harda olduğumu dərk edə bilmirdim:

- İndi hara gedirik? -dedim.

Gülümsünərək, - Əzizim, haraya gedəcəyik… işə… deyəsən işi yaddan çıxarmısan?!

Yol boyu danışmırdıq. Elə bil bütün sözümüzü danışıb qutarmışdıq. Arada baxışlarımız toqquşurdu.

Xəstəxanaya gəlib işə başladıq. Axşamkı gecənin təəsüratından hələ ayılmamışdım. Şirin xəyyallar məni öz ağuşuna almışdı.

Xəbər etdilər ki, saat 14-də iclasadır. Həkimlər iclasa yığılmışdı. O, nazirlikdən gələn, mənim başqa xəstəxanaya keçirilməyim haqda əmri oxudu. Gözlənilməz xəbər oldu. İş yoldaşlarım məni təbrik edirdi. Mən deməyə söz tapa bilmirdim.

- Sənin sözün nədir? - O, üzünü mənə tutub dedi.

- Daha sözüm yoxdur, mən axşam qərarımı vermişəm!-dedim.

Üzümə baxıb gülümsündü…

* * *

Aradan xeyli vaxt keçmişdi, təsadüfən qohumumla rastlaşdım. Görüşüb hal-əhval tutduqdan sonra:

Bacıoğlu, tez-tez zəng edib, işdən bir xəbər varmı? –soruşurdun! Düzəlmişdi, niyə birdən-birə fikrini dəyişdin?

- Mərkəzi xəstəxanalarda işləməyə nə var ki! Əsas ətraflarda olan xəstəxanalarda işləyib inkişaf etdirmək bizim əsas ümdə borucumuzdur. –dedim.

- Fikirləşdim, əl-ələ verib, baş həkimə kömək etmək lazımdır.

Qohumum gülümsünüb başını buladı:

- De görüm, öyrəşə bilmisənmi?

- Daha öyrəşmişəm! -dedim.

- Halal olsun sənə, bacıoğlu! Kaş bütün cavanlar sənin kimi düşünə biləydi. Elə olsa, nə dərdimiz olardı.

- Əsas damara düşməkdir, bacıoğlu! Damara düşdünsə işin asan olur. Sən həkimsən belə şeyi məndən yaxşı bilərsən. Həkim ki, damarı tapıb, düşə bildi, özü üçün də, xəstə üçün də rahat olur. Həyat da belədir! Əsas odur ki, damara düşmək!

Heçnə deyə bilmədim, doğru sözə nə deyəydim.

- Hər şeyə görə təşəkkür edirəm! –dedim.

Günün bütün mövzuları

XS
SM
MD
LG