Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:10

'Doktor mən sizə vurulmuşam, amma niyə bilmirəm'


"Xəstəxanada" Gofur Qodirovun əsəri, 1979.
"Xəstəxanada" Gofur Qodirovun əsəri, 1979.

"Amma nədən mənə xoş gəldiniz? Niyə sizə vuruldum, bilmirəm? Özümdən asılı deyil. Hər sizi görəndə həyacanlanıram. Ürəyim döyünür.
Bilirəm sonsuz bir istəyi qəlbimə doldurub, qəlbimi yükləmişəm. Bu yük bütün varlığıma ağırlıq edir. Mən bu ağırlığa dözməyə məhkumam. Öz hislərimə hakim kəsilə bilmirəm".

Qalib Şəfahət

ÜRƏKDÖYÜNMƏ (hekayə)

Yazıçı Qalib Şəfahət.
Yazıçı Qalib Şəfahət.

Ona söz vermişdim. Amma yerinə yetirə bilmədim. Gülümsünərək “Həkim, mənim ürəyimin döyüntüsünü götürə bilcəksinizmi?”-dedi.

Mütləq, müalicə edərik keçib gedər,-demişdim. Məndən asılı olmayan səbəblər də var imiş, hər şeyə mane oldu.

On ilə yaxın hərbi hospitalda həkim işlədikdən sonra, təxris olunub, şəhər xəstəxanasında işə düzəlmişdim. Bir ilə yaxın idi ki, ürək həkimi-kardioloq işləyirdim.. Gündəlik işim ürək xəstələrinə baxmaq, müalicə etmək idi. Hələlik xəstələri razı sala bilirdim. Xəstəxanadan çıxanlar məndən razı gedirdilər. Həkiminki də nə idi, xəstələri ondan razı qalsın, hörməti-izzəti artsın..

Onda mənim 40 yaşım var idi. O, məndən otuz səkkiz yaş böyük idi. Bunu xəstəlik tarixinin məlumat hissəsinə baxandan sonra bildim. Belə şeylərə o qədər də əhəmiyyət vermirdim. Nəyimə gərək, xəstə məndən neçə yaş böyükdür, yaxud kiçikdir. Həkim üçün xəstə xəstədir, kim olur olsun.
Bir neçə dəfə stasionar müalicədə oldu. Ciddi ürək xəstəliyi, həm də yüksək qan təzyiqi var idi.

Yaşlı olmasına baxmayaraq, özünə baxan qadın idi. Saçları ağardığına görə şabalıdı rəng qoymuşdu. Sifətində yaş dərin qırışlar açsa da, cavanlıq təravətini tam üzündən götürə bilməmişdi. Nurani görkəmi var idi. Hiss olunurdu ki, gəncliyi gözəl olub. Başında və əllərində bir az əsmə var idi.
Hələ özünə biganəliyi, baxımsızlığı yaxına buraxmırdı. Saçının səliqəli daranmış, əl və ayaq barmaqları laklı olurdu. Bədənindən yaşlı adamlara məxsus tər ətri adamı uzaqdan-uzağa haqlamırdı. Həmişə ətir iyi gəlirdi. Deyirdi, özü qocalsa da ürəyi hələ qoçalmayıb. Ürəyi hələ cavanlıq eşqi ilə döyünür. O döyüntü ürəyini xəstə salmışdı. Bəlkədə o özü-özünü aldada-aldada yaşayırdı. Hər aldanmada bir ümid axtarıb, özündə təskinlik tapırdı.

... Həmişə çalışırdım xəstələrə xoş nəvaziş göstərim. Bu mənim iş prinsipim idi. Müayinə edəndə sifətini əlimin üstə qoyur, ya da əllərimi sığallayırdı. Ürəyinə qulaq asanda, əlimi ürəyinə sıxıb, həkim görürsüz ürəyim necə döyünür?- deyirdi.

Buna da bax: Qalib Şəfahət. Hamilə (novella)

Hər səhər palataya girəndə xoş nəvazişlə qarşılayırdı məni. Gülümsünürdü. Baxışlarından sevincək olduğu hiss olunurdu. Onu müayinə edəndə çox gərginlik keçirirdim. Biləndə ki, hələ həbləri içməyib, əsəbləşsəm də ona heç nə demirdim. Söz desəydim inciyəcəkdi. Niyə belə etdiyinin, dərmanları içməməyinin səbəbini anlamırdım. Dolayısı ilə sözümü tibb bacısına deyirdim. Tibbi yardımdan sonra xəstənin vəziyyəti düzəlirdi. Onunla gündəlik səhər baxışı belə qurulurdu.

Xəstəxanadan çıxan ərəfə idi. Otağıma gəldı. Əvvəlcə minnətdarlıq elədi:

-Bilirəm, həkim, sizi incitdim! Amma elə bilirəm siz məni başa düşmürsünüz?! Mənim ürəyimdə bir sən varsan. O sənin qarşısında çox aciz görünürsən. Ona güc gələ bilmirsiniz. Bəlkə də bunu siz də bilirsiniz. Nəsə özünüzü bilməməzliyə vurursunuz. Sizdə bir qürur görürəm. O qürur sizə çox ciddi görkəm verir. Buna həm sevinirəm, həm acıyıram. Sevinirəm ki, istədiyim adamın ciddi xarakteri var. Acıyıram kı, istəklərim ünvansız qalır. Amma ürəklərə təkcə dərman kömək eləmir, həkim! Həm də qadın ürəyinin nəvazişə, qayğıya ehtiyacı var. Gərək onu duyub, qayğı göstərəsən.. Qadın çəməndə çiçək kimidir. Qayğı görəndə daha təravətlı olur, şıx görkəm alır.

Səndən başqa heç nə istəmirəm, hec olmasa üzümdən öp, boynumu quçaqla. Bu da sizing üçün çətindi?…

Sonra çantasından bir şəkil çıxarıb mənə uzatdı:

-Hə, baxın, görüm məni tanıyacaqsınız?

Xeyli şəkilə baxdım. Ağ-qara çəkilmiş şəkil idi. Şəkildən az oxşarlıq qalmışdı onda. Tikiş fabrikində çəkilmiş şəkilə oxşayırdi. Arxa tərəfdə tikiş maşınları görünürdü. 5-6 altı qadınla birlikdə çəkdirmişdi. O, öndə dayanmışdı. Kübar görkəmi var idi. Gözəl cavanlığı olub. Saçları daranıb çiyninə tökülmüşdü. Döşləri deyirdin indicə koftasını deşib bayıra çıxacaq. Cazibədar, adamı maqnit kimi cəzb eləyən bədəni var idi.. Gözləri torpaqdan çıxan bulaq suyu kimi qaynayırdı. Sifəti yenicə doğmuş günəş kimi şölə saçırdı. Elə bilirdin hərarəti bədənini qızdırır. Bir azdan qürub edib atəşi ilə bədənini yandıracaq. Adam istəyirdi şəklinə vurulsun. Şəkil olduğuna təssüflənirdin.

Buna da bax:

Baxışları çox dalğın görünürdü. Elə bir təəsurat yaranırdı ki, o çox uzaqlara baxır, o qumral gözlər. O gözlər haraya qədər görə bilir, özündən başqa heç kim bilməzdi. Bəlkə də o gözlər mənə baxırdı. Uzaqdan-uzağa məni görürdü, gələcəyin içərisindən məni axtarırdı. Necə tapıb bilmirəm, amma tapmışdı. Tapsa da çox gec tapmışdı. Daha ona gərək olmayan vaxtda. Ona əzabdan başqa bir şey verməyən vaxt da. Onu bilirdim ki, hər şey gec idi, bəlkə də gecikmişdi...

Əlimlə göstərib:

-Öndə dayanan sizsiniz?-dedim. -Düz tapdım?

-Hə, düz tapdınız. Belə vaxtlarım olub. Şəkli çəkdirəndə 40 yaşım olardı.

Onda tikiş fabrikində sex müdiri işləyirdim. Bu qadınlar mənim işçilərim olub. Görürsüz zaman adamı necə dəyişdirir? Bəzən adam tanınmaz olur. Mən özümə fikir verən qadın olmuşam. Arada şəkillərə baxıram, cavanlığım üçün heyfsilənirəm. Hə, bir şey yadıma düşdü. Onda fabrikdə müdir müavini var idi, Akif müəllim, bizdə işləyirdi. Həmişə görürdüm gah aşkara, gah oğrun, diqqəti məndədir. Mən də görməməzliyə vururdum. Guya heç nədən xəbərim yoxdu. Bir dəfə ürəyini mənə açdı. Söz deyəndə pörtmüş vəziyyətdə idi. “Mən səni sevirəm” dedi. Hər səni görən də həyacansız ötüşə bilmirəm. Kaş yox deməyəydin! Bəlkə də duyurdu yox deyəcəm, ona görə ümidsiz halda kaş yox deməyəydin deyirdi. Sonra bir neçə dəfə bütün varlığımı sənə peşkəş edərdim, təki sən yox deməyəydin! -dedi. İşdən çıxdı. Gedən günü idi. Mənimlə çox səmimi görüşdü:

-Eh, Afət xanım, bir sözüm var. Mənim kimi bir dəli sevdaya tuş gələydiniz, nə çəkdiyimi bilərdiniz. İnanın, sizə görə işdən çıxıram. Heç olmasa sizi görəndə qovrulub yanmayam... Elə bil mənə qarğış elədi. Onu nə çəkdiyini indi anladım. Çox çətindir mənə. Bilirəm sevəndə birinin sevgisi güclü olur. Qarşılıqlı sevgi olmur. Digər tərəf o hislərə ya tabe olur, ya da hörmətlə yanaşır, onu cavabsız qoymur. Mən onu görmədim. Nəsə... vaxtınızı almayım.
Şirin sözlər deməklə könlünü almağa çalışırdım:

-Çox da kədərlənməyin. Hər yaşın öz gözəlliyi var. Gərək hər yaşda insan öz dəyərini bilsin. Siz həmişə dəyərlisiz! -dedim.

Buna da bax: Mənim babam sevgi qatili olub...

...Evə gedəndən sonra tez-tez mənə zəng edirdi. Məndən ötrü darıxdığını deyırdi.

Mən də arada nəzakət xatrinə zəng edib hal-əhvalını soruşurdum. Arada iki dəfə müayinəyə gəlmişdi. Hər gəlişində sanki gözləri gülürdü. Gedəndə xoş əhval-rühiyyə ilə ayrılırdı.

Bir dəfə zəng edib xəstəxanada yatmaq istədiyini dedi.

Mən də, ürəyiniz yenə ağrıyır? Gəlin! Nə vaxt istəsəniz gəlin, yenə müalicəyə başlayaq!

-Eh, həkim, ürəyim ağrıyır. Ancaq ən çox sizdən ötrü darıxdığıma görə gəlmək istəyirəm.

Başqa hec nə deyə bilmədim, -gəlin, -dedim.

Əvvəlcə çox əhəmiyyət vermirdim. Həmişə onu müayinə edəndə ürək döyünməsi olurdu. Nəbzi barmaqlarımın altında əməlli-başlı çırpınırdı. Sifəti qızarırdı. Lazımı dərmanları versəm də ürək döyünməni tam azalda bilmirdim.

Şikayətini soruşdum: -Ürəyim döyünür,- deyirdi.

-Döyünmə nə vaxt olur? Axşamlar, yoxsa səhərlər?

-Elə həmişə bu vaxtlar daha çox olur!-dedi.

O, gələndə sevincək gəlmişdi. Baxışları çox aydın və şəffaf idi. Gözləri sanki axırdı. İçində bir ümid parlayırdı.

-Çox darıxırdım buraya gəlmək üçün. Axşam bir yuxu gördüm. İstəsəniz sizə də danışardım.

Ürəyimcə olmasa da, danışın, -dedim.

- Hələ də o yuxunun xəyalları ilə yaşayıram. Gördüm mənim yatağımdasan. Mənim saçımı sığallayırsan, üzümdən öpürsən. Sonra üstümə çıxdın. Mən onda dünyanın necə al-əlvan bəzəndiyini görürdüm. Getmək istəyirdin, buraxmaq istəmirdim. Deyirdin, yox, getsəm yaxşıdı, görən olar. Oğlun, qızın görsə bizə nə deyərlər?

Məndə deyirdim mən heç kəsdən çəkinən qadın deyiləm, sevgi azaddı. Qoy hamı bilsin. Elə bu yaşda da sevmək olur.

Buna da bax: Mən gözümün quluyam...

Gördüm yanımda yoxsan. Səni səslədim. Səsimə cavab vermədin. Öz səsimə özüm ayıldım. Baxdım gözlərim yaşlıdır. Yuxuda ağlamışam. Gecənin bir aləmi idi. Durub pəncərəni açıb çölə boylandım. Elə bil çöldə səni axtarırdım. Bilirdim bu həqiqət deyil. Özümü inandıra bilmirdim ki, bu yuxudu. Amma yuxu da olsa çox gözəl yuxu idi.

O, gah sevincək danışırdı, gah da danışdıqca kövrəlirdi. Elə bilirdin, bu an hönkür-hönkür ağlayacaq…

Mən onu söhbətdən yayındırmaq ücün müayinəyə keçdim. Əlim əlinə toxunduqca elə bil bədəni uçunurdu:

-Həkim, olar yanağından bircə dəfə öpüm? Burda nə var? Xəstə öz həkimini öpə bilməzmi?

Yanağımdan öpdü. Elə bil dünyanın ən bəxtəvəri idi.
Palataya yerləşdirdim. Təyinat verdim. Tibb bacısı təyinatı yerinə yetirdi.
Səhəri yenə səhər baxışı keçirdim. Onda yenə ürək döyünmə çox idi. Əlavə göstərişlər verdim. Palatadan çıxanda,” Həkim, olar dayanasız, təklikdə sizə sözüm var”.

Geri qayıdıb: - Buyurun!- dedim.

O,dərindən nəfəs alıb söhbətə başladı:

- Siz məni düzgün başa düşün. Mən xanım-xatın bir qadın olmuşam. Həm də çox gözəl olmuşam. Hamı mənim gözəlliyimdən danışırdı. Həmişə öz qururumu qorumuşam. Heç kəsin yanında, qohum olsun, qardaş olsun əyilməmişəm. Qadınlıq qürurumu hər şeydən üstün tutmuşam. Ərimi çox sevmişəm. Dəyərimi qiymətləndirə bilməyib. 38 yaşımda məni atıb, bir erməni qadınına qoşulub gedib. Mən içimdə sınsam da, özümü o yerə qoymamışam. Qadın üçün çətin də olsa tək işləyib uşaqları böyütmüşəm. Hamısına yurd-yuva qurmuşam. Çətinliyim də olsa, lap tələbim də olsa bir kişi xeylağında gözüm olmayıb. Əlimə ərimdən başqa bir kişi əli dəyməyib. Bir kişinin də hünəri olmayıb ki, mənə bir söz deyə.

Ərimin o arvatdan da iki uşağı olub.. Hələ də nə qədər xoş münasibət göstərsələr də, qəbul edə bilmirəm. Bilirəm ki, onların günahı yoxdur, amma qəbul edə bilmirəm. Mənimkilər də özünüz bilirsiniz, yaxşı yerlərdə işləyir. Yenə qocalsam da öz xanımlığımı qoruyub saxlayıram. Həmişə sözüm keçərli olub. İndidə sözümü çevirən yoxdur. Ərim mənimlə sonralar barışmaq ücün çox çalışdı, çox vuruşdu, qəbul etmədim. Məni erməni qadınına dəyişən bir kişini heç vaxt bağışlaya bilməzdim. İnanırsız heç öləndə üstünə də getmədim. Uşaqları göndərdim, atanızdır sizin, gedin. El adəti ilə dəfn elədilər. Nəsə …

Amma nədən mənə xoş gəldiniz? Niyə sizə vuruldum, bilmirəm? Özümdən asılı deyil. Hər sizi görəndə həyacanlanıram. Ürəyim döyünür.
Bilirəm sonsuz bir istəyi qəlbimə doldurub, qəlbimi yükləmişəm. Bu yük bütün varlığıma ağırlıq edir. Mən bu ağırlığa dözməyə məhkumam. Öz hislərimə hakim kəsilə bilmirəm. Əzabını çəkirəm. Bəlkə də əzab insanı yaşamağa aparan yoldur. Bu yolun başlanğıcından sonuna qədər əzab-əziyyətlə doludur.
Danışdıqca o kövrəlirdi. Göz yaşını saxlaya bilmədi. Məni də cox kövrəltmişdi. Hər bir insan taleyinin özünəməxsus enişi, yoxuşu olur. Nakam, hardasa sınıb qalmış qalıqları qalır. Zaman üstundən sükutla keçsə də, insan qəlbində sağalmaz yaraya çevrilir.

Onu sakiştləşdirib palatdan çıxdım. O söhbət mənə cox təsir etmişdi.

…Səhər işə gəldim, xəstəxanadan çıxıb getmişdi.

Ondan sonra mənə zəng eləmədi.

Mən də xəstəxananı xəbərsiz tərk etdiyinə görə zəng eləmədım.

Aradan xeyli müddət keçmidi. Onun nömrəsindən zəng gəldi.

Danışan qızı idi.

-Həkim, işdəsiz, yanınıza gəlmək istəyirik.

-Gəlin,-dedim

Qızi özü gəlmişdı, əlində bir bağlama var idi.

Bəs, Afət xanım hanı, gətirməmisiniz?..-soruşdum.

-Həkim, anam rəhmətə getdi. Axşam ürəyim çox narahatdı, döyünür, -dedi. Həkim çağırmaq istədim. Razı olmadı. Həmişə olur, keçər,- dedi…
Bu bağlamanı sizin üçün almışdı. Mən deyəndə ona çatdırarsan demişdi. Yəqin öləcəyini bilirmiş. Məndə sonra evdə sakitlik yarananda yadıma düşdü. Dedim onun arzusu olub, yerinə yetirim. Sizə ona görə zəng etmişdim. Bu bağlamanı çatdırım.

O, danışdıqca çox kövrəlmişdim. Danışa bilmirdim.

-Allah rəhmət eləsin!- deyə bildim.

Sağollaşıb otaqdan çıxdı. Xeyli müddət idi ki, xəyal məni çox uzaqlara aparmışdı.. Özümə gələ bilmədim.

Maraq məni bürüdü. Bağlamaya baxdım. Bir qara rəngli kostuyum, bir ağ köynək, bir qırmızı qalstuk idi. Içərisində bir məktub vardı .

Məktuba baxdım:

-Mənim xəyallarımın və arzularımın bəylik paltarıdır. Heç olmasa bu xaişimi yerinə yetirin. Heç kəsə verməyin. Özünüz geyinin. Məni də unutmayın…
Paltara diqqətlə baxdım. Mənə göstərdiyi cavanlıq şəkili gözümdə canlandı. Biz şəkillə eyni yaşıd idik. İçimdə bir tələsgənlik var idi. Elə bil harasa hazırlaşıb getməliyəm. Sanki paltarı geyinib, arzuların qovuşduğu yerə gedəcəkdik....

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG