Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»


Arxiv fotosu
Arxiv fotosu

-

Fevralın 25-nə keçən gecə iriçaplı pulemyotlar cəbhəboyu susmayıb. Azərbaycan tərəfi, sayını açıqlamasa da, itki olduğunu açıqlayıb. Ekspertlər yaz gəlincə, aprel döyüşlərinin təkrarlana biləcəyi ehtimalını vaxtaşırı vurğulayırdılar. Bu dəfə yaz gəlməmiş «aprel döyüşləri» başladımı?

Konfliktoloq Elxan Mehdiyev AzadıqRadiosunun bu və digər suallarını cavablandırır.

-Elxan bəy, aprel döyüşlərindən bəri cəbhədə savaşı alovlandıracaq hansı durum yaranıb?

- Ötən ilin aprelindən sonra hər kəs düşünürdü ki, erməni tərəfi danışıqlara gələcək, güzəştlərə gedəcək, sülh yolunda addımlar atılacaq. Bunu həm yerli, həm xarici eskpertlər, həm də rasional düşüncə deyirdi. Ancaq Ermənistan tərəfi apreldən bəri bir neçə ay danışıqlara getmək istəyən ölkə imici yaratdı və Azərbaycanın uzaqgörən olmaması nəticəsində daha müasir silahlarla silahlandı, ağır hərbi texnikanı sərhəddə gətirdi, “İskander” raketləri aldı. Ardınca danışıqlara hər hansı meyl göstərməyərək, əvvəlki radikal mövqeyə qayıtdılar və öz şərtlərini diktə etməyə başladılar. Aprel döyüşlərindən sonrakı iki ay müddətində onların vəziyyəti daha fərqli idi, silahlanandan sonra Azərbaycanı saymamağa başladılar. Təbii ki, erməni tərəfi apreldə itirdikləri əraziləri təxribatçı qrupların və ya kəşfiyyat qüvvələrinin əliylə geri almağa çalışır. İşğal davam etdikcə, belə hallar təkrarlanacaq.

Elxan Mehdiyev
Elxan Mehdiyev

- Erməni tərəfi iddia edir ki, neytral zonada Azərbaycan hərbçilərinin meyiti qalıb və bu, məhz Azərbaycanın hücuma keçməsini sübut edir. Bu iddia nə qədər əsaslıdır?

- Neytral tərəfdə olmaq heç də hücuma keçmək deyil. Neytral tərəf iki qarşı səngərin arasıdır, ya erməni, ya da Azərbaycan tərəfi bu neytral zonada pusqu qura bilər ki, tutalım, kəşfiyyata çıxan tərəfin əməliyyatını dəf etsin.

- Bəs Azərbaycanın hazırda hücuma keçib vəziyyəti öz xeyrinə dəyişmək imkanını necə dəyərləndirirsiniz?

- Azərbaycanın bu şansı ötən ilin aprelində yüzdə 90 faiz idisə, indi azalıb. Axı qarşı tərəf təmas xəttinə xeyli və daha müasir hərbi texnika yığıb. Bu üzdən, indi hücuma keçib yeni ərazilər almaq çox çətinləşib. Psixoloji üstünlüksə yenə Azərbaycan tərəfindədir. Öz torpaqlarını azad etmək istəyən Azərbaycan zabiti və əsgəri böyük ruh yüksəliyinə sahibdir.

- Elxan bəy, Ermənistan tərəfin “İskander”lərdən istifadə imkanı barədə nə deyə bilərsiniz?

- Yerli hərbi əməliyyatlarda “İskander”dən istifadəyə inanmıram. Belə silahlar yalnız strateji obyektlər əldən çıxarkən işlənə bilər. Üstəlik, Azərbaycanın da “İskander” gücündə silahları var və elə olsa, Azərbaycan da adekvat cavab verə bilər. “İskander”dən yaralanan iki dəfə düşünməlidir.

- Aprel döyüşlərini Rusuyanın başlatdığı da iddia edilirdi. Belə fikirlər vardı ki, Rusiya bölgəyə öz sülhməramlılarını yerləşdirmək istəyir və Ermənistan da buna razılıq verib. İndi necə, cəbhədə baş verənlərdə “Rusiya barmağı” sezilir?

- Mən aprel döyüşlərində Rusiya barmağı görmürdüm, indi də görmürəm. Torpaqlar işğal altında qaldıqca, bu vəziyyət davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG