Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

Ulucay Akif: 'Neft üçün ağı'


Azerbaijan -- oil worker (cartoon)
Azerbaijan -- oil worker (cartoon)

Ulucay Akif

şeirlər

Neft üçün ağı

(neftçilərimizə ithaf)

Ulucay Akif.
Ulucay Akif.

Kaş etməzdik bütün bu səhvləri,
Düşməzdik tamaha...
Kaş düşünüb gələcəyi
Bir ümid yeri saxlayardıq sabaha.

Kaş gedərdik elm dalınca,
Olsa da uzaqlarda bir yerdə, lap Çində
Kaş qazmazdıq bu neft quyularını
Çabalamazdıq mazut içində.

"Özgəsinə quyu qazan, özü düşər",
Deyib atalarımız...
İndisə qalmışıq
Qazdığımız quyunun içində.

Sonda bizə məzar olacağını bilsək
Əlbət qazmazdıq bu neft quyularını
Qazmazdıq ayağımızın altında
Bu qədər çuxurları,
Bu boyda uçurumları...

***

Buna da bax: 'Mənə bir stəkan Bakı süzün, Xəyalım Xəzərin dalğası olsun...'

Gedənlərə

Var içində yoxluq
kimiydi ömrüm...
Yoxluq içində var
kimiydi ruhum...

İnsanlar...
Getmək üçün gələn insanlar
keçirdi həyatımdan...
ki, bütün gələnlərə də
dayanacaq kimiydi ruhum...

Əllərim...
Əlləriminsə gücü havada
sallanmağa çatırdı sadəcə...
Bütün məyusluğumun
təcəssümü idi barmaqlarım...

Ayaqlarım...
Ayaqlarım ki, getməyi yox,
Gəlməyi öyrətdiyim ayaqlarım...
Hər addımda torpaqdan
qoparılan köklü ağac kimiydi ayaqlarım...

Var içində yoxluq
kimiydi ömrüm...
Yoxluq içində var
kimiydi ruhum...

***

Siqaret kötüyü

Eşitməyən qulaqlardı,
Danışan başlardı Bakı.
Nə yaxın dinləyər səni,
Nə eşidər uzaqdakı.

Elə bil palçıq kimiyəm,
Sıçramışam bir səkiyə.
Hamı əzir addım-addım
Çəkinmə, sən də tapdala.

Ağrıların dinsin deyə
Ruhumu ruhuna sarı.
Ya siqaret kötüyütək
Vur səkidən yola sarı.

İnsanları dinlər yox, dillər ayırdı

(terrora və müharibələrə qarşı həsr edilmiş şeir)

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə dedim,

Sən öz dilində eşitdin.

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə salamlaşdım,

Sən öz dilində sağollaşdın.

.

Nə atom bombası var idi onda,

Nə də gilyotini kəşf etmişdi insanlar.

Hələ ucaltmamışdı Çin səddini adamlar,

Hələ yox idi aramızda sərhədlər.

.

Gəmirmirdi torpağı neft buruqları,

Qusmurdu insanların üzünə torpaq qapqara neft.

Misir fironları da fironluq etmirdi hələ.

Əlimizdə rəngli parçalarla qaçmırdıq hərblərə.

.

Təzəcə baş açmağa başlamışdıq təbiətdən,

Təzəcə qovulmuşdu Adəm cənnətdən.

Hələ etməmişdi ən böyük səhvi insanlar,

Hələ etməmişdi ən qəddar kəşfi insanlar.

.

İndi kimi günahkar saymalıyıq düşüb izə,

Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?

Görəsən kim etdi bu qəddarlığı bizə,

Görəsən kim yaratdı, kim yaratdı ikinci dili?

***

Buna da bax: Üç güllə vurdular ona: Alnından, boğazından, ürəyindən'

.

A-LE-LUU-YAAA...

Bir qız addımlayır
Bakının küçələrində...
Boyu balaca,
Ümidlərisə böyük bir qız...

Bir qız addımlayır
Bakının küçələrində...
Heç kəsi dinləmədən,
Ətrafa boylanmadan,
Buludları seyr edərək...

Qonur saçlarına qar dənələri,
üşümür, üzündə saf bir təbəssüm.
Açır əllərini, açır səmaya,
Ovcuna göylərdən xoşbəxtlik düşür.

Bir qız addımlayır,
həm də qorxmadan
O qızçün bu dünya şirin bir röya
Sakitcə bir mahnı zümzümə edir,
Aleluuyaaaa!
Aleluuuuyaaaaaa!

**

Doğru adamlarla sevişməliyik

İndi əllərimiz qana bata-bata

Ölkələrin arasından tikanlı məftilləri,

Evlərin arasından hasarları sökməliyik.

İndi dünyanı daha da gözəl etməliyik.

.

Doyunca içməliyik dostlarımızla

Soyuq qış gecələrində isti çaxırı

Doğru adamlarla sevişməliyik

İsti yay gecələrində hər günün axırı.

.

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı,

Dənizlər həmişəkindən daha mavi olmalıdı.

Silahımızdakı son mərmiləri də,

dostumuzun toyunda havaya sıxmalıyıq.

***

Buna da bax: 'Bu gün atəşkəs pozulmamalıydı 1 dəfə pozulub'

.

Cənazə marşı

Bomba və mərmi səsləri...

Amerikada,

Avropada,

Afrikada,

Asiyada,

Avstraliyada.

Aramsız və ritmlə...

Bomba və mərmi səsləri

İnsanlıq üçün cənazə marşı çalır.

***

Elə də olur, belə də...

Dərd eləmə,

Elə də olur, belə də...

İmzaladığımız sənəd yox,

nə də sövdələşdiyimiz bir kəs.

Elə də olur, belə də...

“Getmərəm” deyənlərdən ayrılığı,

“Gələrəm” deyənlərdən gözləməyi

Öyrənirsən vaxt keçdikcə...

Həyatdı da, fikir vermə...

Elə də olur, belə də,

Bunlara da öyrəşirsən...

Amma bir ümid olur həmişə,

bir ümid sabaha, bir ümid Günəşə.

Çox ümid bağlama ümidə də,

çünki... elə də olur, belə də...

**

Qapılar

Əvvəl hasarlar ucaltdıq,

evlərin,

həyətlərin,

şəhərlərin,

ölkələrin arasında.

.

Sonra hasarları keçmək üçün

çıxış yolu tapmış kimi,

qapıları yaratdıq,

evlərin,

həyətlərin,

şəhərlərin,

ölkələrin arasında.

.

Qəddarlıq etdik biz,

Özümüzü hasara aldıq.

Və heç zaman anlamadıq ki,

.

Qapının hansı tərəfində dursaq da,

Hər zaman arxasında qalırıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG