Arazın o tayında şeirlər
Küyülü Səid Nəccari
Şierlər
Pəncərədən daş gəlmir,
Xumar gözdən yaş gəlmir,
Səni məndən aldılar,
Tanrıya naxoş gəlmir.
Ay gözəl, bəri baxma!
.
Pəncərəni bağla yar,
Mən gedirəm, ağla yar,
Bu getməkdə gəliş yox,
Ürəyivi dağla yar.
Ay gözəl, bəri baxma!
.
Pəncərəni toz tutub,
Qaranlıq onu udub,
Zaman geçdi, pəncərə
Artıq bizi unudub.
Ay gözəl, bəri baxma!
.
Şüşələr sınıq-sınıq,
Anılar qırıq-qırıq,
Nə o xoş günlər vardır,
Nə də biz orda varıq.
Ay gözəl, bəri baxma!
.
Evimizi yıxdılar,
Yıxıb, yerə yaxdılar,
Pəncərəni sındırıb,
Üstünə də çıxdılar.
Ay gözəl, bəri baxma!
.
Pəncərənin milləri,
Solub qızılgülləri,
Getdim, özgəyə satma
Ay qız, şirin dilləri.
Ay gözəl, bəri baxma!
Buna da bax: Zəlzələdən sağ çıxdı, gözü hər yerdə anasını axtardı...
Deyə bilmədiyim sözlər var
İçimdə.
Keşkə bir az yel əssəydi,
Sovursaydı
Sözlərimdən ona sarı!
.
Sənin sabah gələ biləcəyin
Nə gözəl bir ehtimal!
İçirəm bu ehtimalın sağlığına!
.
Sənsizlik də soyuq,
Qış da soyuqdur.
Qışda
Sənsizliyə dözmək çox çətin!
.
Günəş geridən baxır,
Kölgə önümdə axır,
O, mənim özlüyümdür
Özünü yerə yaxır!
.
Üç güllə vurdular ona:
Alnından, boğazından, ürəyindən.
Düşünürdü, oxuyurdu, sevirdi o adam!
.
Sən mahnısan,
Gərək səni oxuyam,
Heyifdir sən oxunmamış qalasan!
.
Sən naxışsan,
Gərək səni toxuyam,
Heyifdir sən toxunmamış qalasan!
Gərək səni oxuyam,
Gərək səni toxuyam!