-
"Ağlamsına-ağlamsına yenə Tanrıverdi əmidən anasını soruşdu. Tanrıverdi əmi başını aşağı saldı. Gözündəki yaşlar dımırlanıb torpağa düşməyə başladı. Oğlanın gözləri yenə qaraldı, qulqlarından anlaşılmaz bir gurultu səsləndi, gözünün önündəki şeylər fırlanmağa başladı..."
Səid Nəccari
GƏLDİ-GEDƏR
(hekayə)
Günəş batmaqdaydı. Artıq bu gün kimsənin onu qurtarmağa gələcəyini gözləmirdi. Zəlzələdən hardasa üç saat keçmişdi, uzaqdan hay-küy, qışqırtı, ağlaşma səsi gəlirdi. Hərdən də çölə dağılışıb yiyəsini axtaran mal-davarın mələşməsi eşidilirdi.
Bir anda dünya qarışmışdı, hər şey uçub başına tökülmüşdü. Yerin belə titrəməsini heç bu yaınacan görməmişdi. Evin dirəkləri yerindən oynamış, tavandakı pərdələr silkələnib evin içinə çökmüşdü. Qatı toz qopub, gözünün qabağında hər yer toz-torpaq içində itmişdi.
Anası mətbəxdəki təndirdə çörək yapırdı. Oğlan dörd-beş saat bundan qabaq kəndə yetişmişdi, tək anası evdəydi, atası qonşu kəndə - bibisinə dəyməyə getmişdi. Elə ayda bir yol bacısının görüşünə gedərdi. Oğlan bacılarını da görməmişdi, hərəsi öz evindəydi, gedib görəcəkdi hələ, Zəlzələ heç gözünü açıb kənddəkiləri görməyə fürsət vermədi. Bir az dincəlib çölə çıxacaqdı, amma belə getsəydi, çölə çıxması da əlçatmaz bir arzu olacaqdı. Anasından da heç bir xəbər yox idi, neçə yol “Ana, ana, səsimi eşidirsən”, deyə səslənmişdi, amma anasından cavab gəlməmişdi.
Buna da bax: Taymazın Təbrizdən ayrılması
Əsən yel hərdən təndirdən gələn tüstü iyini oğlanın burnuna toxundurdu. Üstündə bir yığın tir, pərdi, kərpic var idi, qıçlarını heç tərpədə bilmirdi, sol qıçı çox ağrıyırdı. Şansından evin yoğun dirəyi otaqdakı kətilin üstünə düşüb, yerə bütöv yıxılmamışdı, oğlanın da başı-boynu yerlə dirəyin arasındakı boşluqda qalmışdı. Dalı üstə düşmüşdü...
Mətbəxdən çıxıb otağa gələndə anasının yaptığı çörkədən bir neçəsini götürüb gətirmişdi, axşamüstü süzmə-qatıqla təzə çörək çox yapışırdı.
“Təzə çörəyin iyi yaman xoş gəlir mənə. Sənin çörəklərinçün çox qəribsəmişdim” demişdi anasına.
"Canına yarasın, oğlum, götür ye. Otaqda süzmə-qatıq da var, amma orda ye” demişdi anası.
Əlində çörəklə qatıq götümək istədiyi zaman yer-göy silkələnib başına tökülmüş, bu zaman qatığı tapa bilməmiş, özü də, çörklər də yerə sərilmişdi. Ev xarıltıyla başına uçmuşdu.
Evləri kəndin o biri evlərindən bir az aralıydı. Kənddə iyirmi ev var idi, kəndlilərin çoxu şəhərə köçmüşdü, hərdən də kəndə gəlirdilər. Qədimlərdə kənd yüz evli imiş, amma getdikcə kəndin adamları azalıb, evləri də bir-bir boşalıb uçmuşdu. İndi qalan evlərdi də bu zəlzələ yıxıb dağıtmışdı.
Kənddən hay-küy səsi qovzanmışdı, amma kimsə bunların evlərinə sarı gəlməmişdi, deyəsən, bu yanda bir evin olduğu kənddəkilərin yadından çıxmışdı. Bu dağ kəndinə qurtarıcıların gəlib çatması bəlkə sabahacan, bəlkə də bir-iki gün çəkəcəkdi. Kənddə də ki daha çox qarı-qoca, arvad-uşaq qalmışdı. Gənclər işdən ötrü uzaq şəhərlərə çıxıb getmişdilər. Oğlan da bu gedənlərdən biriydi. Gedənlərin çoxu ildə bir yol kəndə gəlirdi, bəziləri də oğlan kimi neçə aydan bir gəlirdi, bəziləri isə gedər-gəlməz olmuşdu. Bir göz qırpımında evinin başına uçmasına heç inana bilmirdi. Hələ yol yorğunluğu canından çıxmamışdı, oturub dincəlib, kəndi dolanmağa gedəcəkdi, bacılarının evinə uğrayacaqdı. Böyük bacısının iki ay qabaq uşağı olmuşdu, kəndə yetişəndə özünə, “Kəndə xoş gəldin dayı” demişdi.
İlk anlarda öldüyünü sanmışdı, gözləri qaralmışdı, öncə qol-qıçı keyimiş, sonra bala-bala gizildəməyə, sızıldamaya, ağrımağa başlamışdı. Getdikcə ağrı bütün bədənini bürümüşdü, o vaxta qədər heç hiss etmədiyi bir ağrı-acı, ümidsiz, bəlkə toxtamaz bir ağrı. Başını qaldırmaq istəmişdi, boynundan bir ağrı gəlib başına yığışmışdı, başı gicəllənmişdi. Özünə baxmışdı, döşündən aşağını görə bilməmişdi, bədəninin yarısından çoxu uçuntuların altında qalmışdı. Başına nə gəldiyini heç bilməmişdi. Uzaqdan yıxılan evlərin xarıltısını eşitmişdi, sonra qıqırışmalar, ağlaşmalar, anlaşılmaz hay-küylər qovzanmışdı. Zəlzələnin nə olduğunu uzaqdan, radio-televizoyndan eşidib-görmüşdü, gündəlik xəbərlərdə oxumuşdu, amma onu belə yaxından təcrübə etməmişdi, onun nə qorxunc, acımasız bir şey olduğu beynini silkələmişdi.
Sönməkdə olan odun tüstüsü yenidən burnuna dəymişdi. Anasının yandırdığı od idi bu. “Ana, ana, səsimi eşidirsən?” deyə var gücüylə qışqırmışdı. Cavab gəlməmişdi, yenidən ağlaya-ağlaya qışqırmışdı, yenə də heç bir cavab gəlməmişdi. Beş-on yol anasını çağırmışdı, sonra səsi bitmişdi, bəlkə də batmışdı. Hay qışqırmışdı, səsi çıxmamışdı, adamın yuxuda səsinin çıxmadığı yadına düşmüşdü, yuxuda olduğunu sanmışdı, sevinmişdi. Nə yaxşı ki, bütün gördüklərim yuxuymuş, - demişdi. Canına bir az hey gəlmişdi, qovzamaq istəmişdi, o anda üstündəki pərdələrdən biri bir az dəbərişmiş, sağ qolunun üstünə torpaq səpələnmişdi. Sol qıçındakı ağrı yenə qayıtmışdı. Bu durumun yuxu olmadığına, lap aşkar – gerçək olduğuna inanmışdı. Yenə quyunun dibindən gələn bir səslə anasını çağırmışdı, amma heç bir səs eşitməmişdi. Yaxından bir səs, bir cınqırtı gözləmişdi, başqa bir insanın səsinin necə də ümidverici olduğunu ömründə birinci dəfə düşünmüşdü.
Dünən axşam Tehrandan çıxmışdı. Gecə saat on birdə maşına minmişdi. Maşın Tehrandan çıxanda müsafir axtararkən bir az gecikmişdi. Sürücü oturan müsafirlərin dillənməsinə, narazılığına baxmayıb, öz işini görmüşdü. Neçə müsafir tapıb, Qəzvinə, Zəncana yola salmışdı. Yolda maşın xarab olmuşdu, bir saatdan çox yolda qalmışdılar. Səhər saat on həndəvərində şəhərə çatmışdı. Şəhərdə görməli işləri var idi, işlərini sahmana salıb, ev üçün bir az ayın-oyun alanacan günorta olmuşdu. Aclığını yatırtmaq üçün keksdən-zaddan atışdırıb, kənd maşınlarının dayanacağına getmişdi. Maşın tapanacan da haradasa bir saat vaxt keçmişdi. Yoxuşları udquna-udquna gedən başqa bir maşınla çıxmışdı. Kəndə gedib çıxmaq bir saatdan çox çəkmişdi.
Hər dönə telefon açıb, gəlməsini deyərdi, amma bu dönə xəbərsiz getmək istəmişdi. Beləsinə, ata-anasının, bacılarının daha çox sevinəcəyini sanmışdı. Elə sandığı da düz çıxmışdı, anası onu birdən gördükdə qanad açıb uçacaq kimi olmuşdu.
Gözlərini bərəldərək, başının üstündəki bacadan eşiyə baxdı. Artıq hava alaqaranlıq idi. Bir azdan hava qaralacaq, soyuq düşəcəkdi. Didərgin düşmüş mal-davarın, toyuq-xoruzun qoxusu canavarları, çaqqalları çəkib kəndə gətirəcəkdi. Kəndin yay gecələrində çox soyuq olması uşaqlıdan yadında qalmışdı. Hələ qışda ki, heç! Allah göstərməsin, yer-göy donurdu, yol-yolacağı qar basıb, şəhərlə, o biri kəndlərlə gəl-het kəsilirdi. Yol idarəsinin gəlib yolu açması iki-üç gün çəkirdi.
İtlərin hürüşməsini eşitdi. Faciə gözünün önündə parıldayırdı. Anasını səslədi, heç cavab gəlmədi. Atasından, bacılarından, kürəkənlərindən də heç xəbər yox idi: diri idilərmi, ölmüşdülərmi, heç bilmirdi.
Bayaqdan gələn qışqırışma-ağlaşma səsi bir az azalmışdı, amma yenə eşidilirdi. Bəlkə xalq ağlamaqdan yorulmuşdu, bəlkə də oğlanın qulaqları ağırlaşmışdı. Hərdən aclıq hissi mədəsini ovurdu, amma ağır qorxudan hövünüş aclığı basırdı.
Yenə yer titrədi, amma bu dəfə əvvəlki kimi şiddətli olmadı: sadəcə, üstündəki dirək-kərpiclər silkələndi, özünün isə boyun-boğazına bir az torpaq töküldü, bədəninin də daha çox sıxışdığını duydu, solğun bənizinin rəngi bir az da qaçdı.
“Bu yerdə nə gəlib? Niyə öz yerində dura bilmir?” deyə düşündü. Heç bir iş görə bilməzdi. “Deyəsən, bu gecə burda torpağa quyulanacağam”, deyə başının üstündən eşiyə baxdı. Hava tamam qaralmış, ətraf toz-dumana bürünmüşdü.Bir az göz dolandırdı, heç nə görmədi, sonda bərəlmiş gözləri də qaralıb, öz-özünə yumuldu. Yavaş-yavaş gecənin canı soyuyurdu, oğlanın bədəninə də bir üşütmə düşürdü. Vücudu ağrıyırdımı, keyişmişdimi, özü də heç ayırd edə bilmirdi. Boynu qurumuşdu, susuzluqdan ağzı bir yerə yığışmışdı. Gecə çökdükcə yorğunluq, ümidsizlik bürüyürdü oğlanı. Gözlədiyi o üşütmə yavaş-yavaş hər yerini bürüyürdü. Başgicəllənməsi var idi, gözqaralaması...
Gözünün açdıqda ulaşma-hürüşmə səsi gəlirdi. Buna bir də mələşmə səsi qarışdı. Öncə nə olduğunu seçə bilmədi. Bir azdan canavarların dağınıq düşmüş qoyun-quzuya basqın etdiyini, itlərinsə onlarla boğuşduğunu anladı. Haradasa, gecəyarını keçmişdi. Yaxından gələn boğuşma səsi getdikcə ucaldı. Səs səsə qarışdı, qiyamətin qopduğunu sandı oğlan. Beş-on dəqiqədən sonra mələşmə-ulaşma səsi yatdı, yalnız hürüşmə səsi gəlirdi. Yavaş-yavaş hürüşmə səsi də seyrəkləşdi. Boğuşmanın hara çatıdığını, canavarlarınmı, itlərinmi qalib gəldiyini bilmədi. Yenə uzaqdan sızıltı səsi gəldi. Bayaqdan heyvanların səsi adamların sızıltısını batırmışdı. Təndirdəki oddan, artıq azca tüstü iyi dəyirdi burnuna. Oğlanın ağzından buğ çıxırdı.
Buna da bax: "Özündən deyən yazarlarımız Güneydən nə yazıblar?"
Yenə yer titrədi, pərdi-dirəklər xırçıldadı, çatlamış, yarısı uçmuş bir divar aşıb-dağıldı. Kərpic parçaları oğlanın üstünə töküldü. Başı ağırlaşdı, ağrıdan, gücsüzlükdən, uçqunların basqısından gözləri qaraldı. Gecə bitmək bilmirdi: sızıltılar, ağlaşmalar...
“Burda biri var? Səsimi eşidən var”, deyə bir səs dəydi qulağına.
Oğlan bayğınmı düşdüyünü, yuxuladığınımı bilmədi. Gözlərini açıb-yumdu. Başqa bir səs yenə səsləndi:
- Qüdrət qardaş, Telli bacı! Səsimi eşidirsiniz?
Oğlan bütün gücünü boğazına yığıb, - burdayam, - deyə qışqırdı.
Səsi elə də güclü deyildi, amma eşikdəkilərdən biri onu eşitdi.
- O yandan - o uçuq otaqdan bir səs gəldi. Deyəsən orda biri var.
- Burda biri var, - deyə adamlardan biri qışqırdı.
Oğlan, - burdayam otaqda, dedi. Səsi cürüldəyirdi.
Hələ gün çıxmamışdı, amma dan yeri ağarmışdı. Xoruzların banlamasından xəbər yox idi, bəlkə yuxuya qalmışdılar, bəlkə də dünən gecə çaqqallara yem olmuşdular. Qoyun-quzunun da səsi gəlmirdi, deyəsən, gecəki boğuşmadan yenilmişdilər.
- Səs ver, görək hardasan, - deyə adamlardan biri yenə səsləndi. Artıq iki adam oğlanı qurtarmağa gəlmişdi.
- Burdayam – otaqda, anam mətbəxtədi, öncə onu çıxarın, - deyə,səsi çığırtıya döndü.
- Sən mətbəxə get, mən otaqdakını çıxararam, dedi adamlardan biri.
Otağa yaxınlaşan səs:
- Dinlən görüm, hardasan! – deyə qışqırdı.
- Burdayam, pəncərənin qabağında, - deyə qışqırdı.
O biri səs bir az uzaqlaşdı:
- Ay Telli bacı! Telli bacı, səs ver, - uzaqlaşan səs dedi.
Oğlanın qulağı mətbəx yönündəydi, anasından xəbər gözləyirdi. Heç özünün nə durumunda olduğunu bilmirdi. Çıxmağa tələsirdi.
- Qorxma, indi qurtararam səni, - dedi yaxındakı səs.
- Mən qorxmuram, anama baxın, dedi oğlan.
Qurtarmağa gələn adam, - narahat olma, ananı da indi yoldaşım çıxarar, - deyə oğlana ürək verdi.
Ağlaya bilmirdi, bütün nisgili, qorxusu, özləmi yığşıb içində qalmışdı. Buradan çıxdıqda nə görəcəyi onu daha da qorxudurdu. Dam-divarın altına qalma qorxusu getdikcə azalır, onun yerini eşikdə görəcəklərinin qorxusu tuturdu. Bədəni soyuyur, ağrılarını unudur, ürəyinin döyüntüsü çoxalırdı.
Üstdən adamın işləmək səsi, nəfəsinin fısıltısı gəlirdi. Getdikcə onun nəfəs səsi ucalırdı. Oğlan üstündəki yükün yüngülləşdiyini sezirdi. Az qala yarım saat çəkdi adamı görməsi. Ortayaşlı bir kişi idi onu qurtaran. Oğlan tanımırdı onu.
Kişini görcək, anam... anam necədi? Onu çıxartdınız, deyə, hövləsək soruşdu.
- Tələsmə, yoldaşım onu çıxardır, deyə qara bir pərdəni oğlanın üstündən götürdü.
Kişinin qalın bığı dolu qaşları gözə çarpırdı. Oğlanın qoltuqlarından yapışıb, dam-duvarın altından yavaş-yavaş çəkdi eşiyə. Yenicə doğan günəşin işığı gözünü qamaşdırdı. Gözlərini yumub açdı. Kişi onu sürüyüb həyətin ortasına çəkdi. Oğlan başını qovzayıb qıçlarına baxdı. Qıçlarını tərpətmək istədi, sol qıçını tərpədə bilmədi, dünən gecədən qıçında duyduğu ağrı lap bərkimişdi. Ağrıdan gözləri qısıldı.
Kişi bu hərəkəti görcək, - dəbərmə, dəbərmə, deyəsən, sol qıçın sınıb, - deyə əlinin onun sol qıçının üstünə qoydu.
Oğlan dönüb mətbəxə sarı baxdı. Oyandakı adamın önündə bir arvad yerə uzanmışdı. Adam hərəkətsiz oturmuşdu.
- Anama, a-anama nə olub? - deyə qışqırdı oğlan.
Səsi eşitdikdə mətbəxdəki adam həyətə sarı dönüb baxdı. Oğlan tanıdı onu.
- Tanırverdi əmi, - deyə çağırdı. Uşaqlıq yoldaşının atasıydı Tanrıverdi əmi.
Mətbəxdəki kişi adını eşitcək ayağa durub, oğlana sarı yeridi.
- Sənsən, İsmayıl? Burda neylirsən? Haçan gəldin, deyə oğlanın yanına gəldi.
Oğlanın qolundan yapışıb, alnından öpdü. Ağlamsına-ağlamsına yenə Tanrıverdi əmidən anasını soruşdu. Tanrıverdi əmi başını aşağı saldı. Gözündəki yaşlar dımırlanıb torpağa düşməyə başladı. Oğlanın gözləri yenə qaraldı, qulqlarından anlaşılmaz bir gurultu səsləndi, gözünün önündəki şeylər fırlanmağa başladı...
Gözünü açdıqda götürgədə1 gördü özünü. Ağ-qırmızı geyinmiş dörd kişi onu daşıyırdı. Sol qıçı taxtaların arasındaydı. Başını qovzayıb, həndəvərinə baxmaq istədi. Götürgəni götürənlərədn biri, “Qımıldanma”, deyə onun başını yenidən götürgəyə yapışdırdı. Gedə-gedə gözyaşları zinə-zinə axmağa başladı. Yola baxdı, qıraqda neçə parçalanmış qoyun leşini gördü.
Maşın yoluna çatdıqda onu Vanetin2 arxasına qoydular. Vanetin yanında Tanrıverdi əmini gördü:
- Atamdan, bacılarımdan xəbərin var? – deyə soruşdu oğlan.
------
1 Götürgə - xərək
2Vanet - kiçik yük maşını
(Hekayəni ərəb əlifbasından latın əlifbasına çevirən və redaktoru Pərvan Məmmədlidir)